Qardaşı: ”İndi evdədir, istirahət edir”
İranda yaşayan azərbaycanlı fəal Murtaza Muradpur azadlığa buraxılıb. Bu bardə onun qardaşı Fərdin Muradpur AzadlıqRadiosuna deyib.
65 gün aclıq aksiyası keçirən 29 yaşlı fəal anasının xahişiylə bir gün öncə aksiyanı dayandırmışdı. Dekabrın 29-da axşam o, sərbəst buraxılıb.
Fərdin Muradpur qardaşının dərhal xəstəxanaya aparıldığını söyləyib:
“Həkim müayinəsindən sonra böyrəklərinə və ürəyinə ciddi ziyan dəymədiyi məlum olub. Sadəcə, bədəni susuz qaldığından və aclıq çəkdiyindən ağrıları var. Həkimlər tədricən bunun keçəcəyini deyirlər. İndi evdədir, istirahət edir”.
Ana dilində təhsil və Urmiyə gölünün qurumasının qarşısının alınmasını tələb edən fəal bir neçə dəfə həbs olunub.
Murtaza Muradpur azadlığa buraxılması tələbiylə aclıq edirdi. İran cəza qanunlarına görə, o, cəzasının yerdə qalanını çəkmədən sərbəst buraxıla bilərdi. Onun həbsdən çıxmasına 9 ay qalırdı.
Aclıq aksiyası zamanı onun səhhətinin pisləşdiyi, hər an komaya girə biləcəyi deyilirdi.