Aclıq aksiyası keçirən siyasi fəalın qara ciyərinin yarısı sıradan çıxıb
7 həftədir aclıq aksiyası keçirən təbrizli fəal Murtaza Muradpurun komaya düşdüyü bildirilir.
Hələ dekabrın 12-də onun qardaşı Fərdin Muradpur “Amerikanın səsi”-nə açıqlamasında həkimlərin bununla bağlı xəbərdarlıq etdiyini söyləmişdi:
“Qardaşım təqribən 25 kiloqram arıqlayıb. Öz dediyinə görə ayaqda durmaqda çətinlik çəkir, yeriyəndə divardan dəstək alır. Bundan bir müddət öncə doktor demişdi ki, qara ciyərinin yarısı sıradan çıxıb, böyrəkləri işdən düşməkdədir və belə getsə, bir neçə gün içində komaya düşə bilər.”
Muradpur məhkəmə prosesi haqqında da məlumat verib:
“Son günlərdə günü günə satmaqla bizi bəzən ümidləndiriblər ki işinə baxacaqlar, bəzən də deyiblər ki aclığını dayandırmasa, mümkün deyil. Məhkəməyə getmişdim, son sözləri bu oldu ki, aclığı dayandırmasa, işinə baxılmayacaq. Ancaq keçmişdə nə zaman bir siyasi məhbus bunların vədlərinə uyub aclıq aksiyasını durdurubsa, bunlar vədlərinə əməl etməyiblər.”
O deyir ki, qardaşı dəfələrlə tələblərinin yerinə yetirilmədiyi təqdirdə aclıq aksiyasına son verməyəcəyini bildirib.
Özü də 2010-2013-cü illərdə Təbriz zindanında üç il həbsdə olub və aclıq aksiyası keçirmiş Fərdin Muradpurun sözlərinə görə, qardaşının həyatı təhlükədə olsa da, ailə onun qərarına hörmət etdir və onu dəstəkləyir:
“Aclıq ilk günlərdən təhlükəli ola bilər, ancaq bir aydan sonra bu təhlükənin səviyyəsi daha çox artır və hər an yaşayışı və həyatı təhlükəyə girə bilər. Amma biz ailəsi olaraq, Murtazanın istəyinin qanuni və ən təbii haqqı olduğuna inanıb, onun qərarına dəstək olmağı özümüzə yol seçmişik. Atam, anam və özüm, təbii ki çoz üzülürük. Amma Murtaza özü düşünüb və bu qərara gəlib ki aclıq edərək haqqını tələb etsin və biz də onun bu qərarına sayğı ilə yanaşırıq”.
Fərdin Muradpur insan haqları fəallarından qardaşına dəstək istəyir. O deyir ki, “mənim sözüm bütün insan haqları fəallarınadır ki, burada bunlar öz yazdıqları ana yasa və ya cəza qanunlarına belə uyğun əməl etmirlər. Burada ayrıseçkilik var. Burada insan haqları heç bir önəm daşımır”.