Mürəbbəçilərin zəfər yürüşü…

Festival deməklə ağız şirin olmur…

Source:

Anamla bağlı son yazıma olan həssas münasibətdən hələ özümə gəlməmiş qəribə bir hadisə ilə qarşılaşdım. Həm də ömrümə ən ağır və ağrılı hərflərlə yazılmış sentyabrın ilk günü. Bir zamanlar ucqar bir kəndin bəxtəvər bir ailə yuvasından məktəbə, iki il öncə isə artıq soyumağa başlamış həmin yuvadan son mənzilə yola salınmış qardaşımın ilində. Həm də o halda ki, cəmi bir neçə gündən sonra anamı itirdiyim tarixlə üz-üzə qalasıyam.

Payızla bağlı xatirələrim o qədər dözülməzdi ki, bu fəsildə ağacdan düşən son yarpaq kimi torpağa qarışmaq ən böyük təsəllim olardı… Çünki bu itkilər fəslində cüzi bir təsirdən asanlıqla dəliyə dönürəm. Özümdə-sözümdə olmuram, ağrılarım artır, səbrim tükənir. Taleyin mənə divan tutduğu günlərdə bəndənin ən adi ədalətsizliyinə dözə bilmirəm.

Təsəvvür edin ki, belə bir vaxtda telefonuma zəng gəlir:

– Nazlı xanımdır?

– Bəli, deyirəm.

– Baş prokurorluqdandı.

Sonra məlum olacaq ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsindəndi. Məni həmin gün həmin vəziyyətdə həmin ünvana Meydan TV ilə bağlı ifadə verməyə çağırırlar.

– Bakıya gələ bilmərəm, ağrılarım var, – deyəndə prokurorluq əməkdaşı soruşur:

– Siz Bakıda yaşamırsız?

Az qalıram deyəm ki:

– Mən nəyinki Bakıda yaşamıram, ümumiyyətlə heç yaşamıram da.

Amma demirəm. Çünki xəttin o başındakı adam mənim yaşamımdan, yaşadıqlarımdan xəbərsiz və maraqsız öz vəzifəsini icra edir. Yəni bu məsələdə Nazlı Ağayeva epizotik növbətidən başqa bir şey deyil. Mən də duruma görə sadəcə yuxarıdakı üzürlü səbəbləri sadalayıram. Qaldı ki, “Meydan TV” barədə bütün biliklərim bir-iki bəsit cümlədən o yana keçmir.

Bu günlər sancıdan çatlayan şişkin ayağımla, param-parça ürəyimlə, qəhərdən tutulan boğazımla mən heç dünyanın özünə də sığışmıram. Allah razı olsun, anlayış göstərdilər. Onsuz da cavabını bilmədiyim suallarla nə mənim ağrılı canımı incitdilər, nə öz vaxtlarını xərclədilər. Hərçənd bu epizod səhhətimdə bir az əlavə gərginlik yaratdı, o mənada ki, başqa kədərli hadisələrlə üst-üstə düşmüşdü. Amma alışıq adamlar üçün bir artıq, bir əskik nə fərq edər ki? Təki problem çözülsün və qaranlıqlar meydana çıxsın.

Mövzusu hələlik özümə də bəlli olmayan bu köşəni yazılarımı oxuyaraq münasibət bildirən və bildirməyən hər kəs üçün yazıram. Kütləvi İnformasiya məkanındakı oxucu böhranını mənə hiss etdirməyən diqqətli, həssas və əziz toplumla üz-üzə oturub dərdləşirmişik kimi. Hərçənd və çox şükür ki, ölkəmiz dərdlərimizlə bahəm adamın dodağını zorla qaçırdan hadisələrlə doludur.

Bizə hərdən təbii yumor hissi yaşadan milli məmurlarımıza sonsuz mənnətdarlıq hissi ilə oxuyaq:

“Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə avqustun 29-da Qəbələ şəhərində III Beynəlxalq Mürəbbə Festivalı keçirilmişdir. Festivalın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, onun abidəsi önünə gül dəstələri düzmüşlər. Sonra isə Heydər Əliyev parkından festival keçirilən əraziyədək-“Qafqaz- Karvansaray” otel kompleksinə musiqi sədaları alıtında ictimaiyyət nümayəndələrinin və mürəbbəçilərdən ibarət kulinariya komandalarının yürüşü təşkil edilmişdir.”

Sitat Qəbələ rayon İcra Hakimiyyətinin rəsmi saytından götürülüb. Şərhə ehtiyac varmı? Ölkəni və ayrı-ayrı bölgələri idarə edənlərin asudə vaxtlarını necə keçirdiklərini görüb heyrətlənməmək olmur. Çox əyləncəli və şirin tədbirdir. Adamın lap yeməyi gəlir.

Yay başlayandan musiqi festivalı, atıcılıq festivalı və ardınca da bu mürəbbə festivalı. Hamısı da beynəlxalq. Rayondakı bütün milli kasıblar, işsizlər, xəstələr dondurulub. Əhali aylarla qorxudan və utandığından qəbula da gedə bilmir. Çünki qonaqlar elə bilərlər möhtəşəm Qəbələ kasıb, işsiz, xəstə adamlarla doludur. Hərçənd, eyni ssenari ilə başlanıb-bitən başçısız qəbul günlərində kimsənin şikayətinə bir əlac edildiyi yoxdu.

Sadəcə xalq hər həftənin cümə günü evdən çıxıb yaraşıqda prezident aparatını geridə qoyan icra hakimiyyəti binasına getməyə adət edib. Çünki bu binanın qəbul otağında başlanan tanışlıqlar artıq dostluğa, sirdaşlığa çevrilib. Dərdini götürüb bura gələn adamlar onları hər dəfə tütəklə yola salanları boş verib öz-özləriylə təskinlik tapıblar. İllərlə deputat, aylarla başçı axtarıb əlləri havada qalanlar ürəklərini bir-birinə boşaldıb yüngülləşiblər. Bayaqkı sayta istinadən öyrənirik ki, rəhbərlik isə həqiqətən də həmin vaxtlarda bu tip taleyüklü məsələlərlə məşğul olurmuş:

“Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüs və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının yaxından köməkliyi ilə keçiriləcək “Qəbələ III Beynəlxalq Mürəbbə Festivalı”-na ciddi hazırlıq işləri gedir. Bununla əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətində festivalın Təşkilat Komitəsinin iclası keçirilmişdir. İclasda beynəlxalq tədbirin keçirilməsi üçün müəyyən edilmiş məsul şəxslərin gördükləri hazırlıq işləri barədə məlumatları dinlənilmiş, festivalın ssenarisindəki və proqramındakı bəzi məsələlərə yenidən baxılmışdır.”

Yəni, sözügedən mürəbbə festivalı göy zənbillə göydən düşməyib və hətta Məzahir müəllimin qutusundan da çıxmayıb. Saytdan göründüyü kimi Qəbələnin sahibləri burda baş işlədib beyin yorublar. Dönə-dönə hazırlaşıblar, məşq ediblər. Sonda da “möhtəşəm mürəbbə festivalı”nı layiqincə yola vermək üçün neçə kilometrlik təntənəli yürüşə çıxıblar ki, elin-günün ağzı şirin olsun…

Heç dəxli olmadan yadıma “Qulliverin səyahəti” düşdü. Dahi Svift və Mirzə Cəlil, Haqverdiyev, Axundov kimi onlarla milli aydınlarımız… Böyük sözün vətəni, milləti olmur!

Bu ara möhtəşəm mürəbbə bayramına Cəvahir xaladan kiçik söz:

“Cəvahir xala:

– A bala, avropalılar da mürəbbəni teştdə bişirirlər?

– Yoox, a Cəvahir xala, onlar hazır alarlar yəqin. Niyə soruşurdun ki?

– Heç a bala, bəs onda o yazıqlar harda çimirlər?”

Hələ ki, yalnız bura qədər gəlib çıxa bilmişik. Festival-festival deməklə ağız şirin olmur, cənablar…

Ana səhifəMənim FikrimcəMürəbbəçilərin zəfər yürüşü…