AXCP üzvü Sabirabad polisində saxlanılarkən ona ağır fiziki və mənəvi işgəncələr verilib
Həbsdə olan AXCP üzvü Murad Ədilovun istintaqı yekunlaşıb. Murad Ədilova açılan cinayət işi üzrə sənədlər Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məlumatı Meydan TV-yə vəkil Yalçın İmanov verib. O, deyib ki, sənədlər nəzərdən keçirildikdən sonra məhkəmə proseslərinin vaxtı təyin olunacaq.
Yalçın İmanovun verdiyi daha bir xəbərə görə, müdafiə tərəfi prokurorluğu da məhkəməyə verib. Buna səbəb Murada saxlanılarkən verilən işgəncə faktını prokurorluğun danmasıdır. Müdafiə tərəfi iddia edir ki, Murad Ədilov Sabirabad polisində saxlanılarkən ona ağır fiziki və mənəvi işgəncələr verilib. Murad özü bu haqda həbs qətimkan tədbiri seçilərkən məlumat versə də, ekspertiza süni formada ləngidilib və ümumən nəticələr saxtalaşdırılıb. Vəkillər verilən işgəncə faktının tanınmasını və bu əməli törədənlərin məsuliyyətə cəlb edilməsini tələb edirlər.
Murad Ədilov 11 avqust 2014-cü ildə Sabirabad rayonunda yaşadığı kənddə həbs edilib. O, külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsində günahlandırılır. Murad Ədilov ittihamları rədd edir, həbslərinin siyasi sifariş olduğunu bildirir.
Bir çox hüquq müdafiə təşkilatları da bəyan edib ki, Murad Ədilovun həbsinə səbəb onun qardaşı, AXCP mətbuat xidmətinin rəhbəri və “Azadlıq” qəzeti, “Azərbaycan saatı” proqramının aparıcısı Natiq Ədilovun (Güləhmədoğlu) ictimia-siyasi fəaliyyətidir.
Murad Ədilov yüz siyasi məhbusla birgə keçən il beynəlxalq Saxarov mükafatı ilə təltif edilib.