Növbəti proses sentyabrın 21-də keçiriləcək
Sentyabrın 3-də Şirvan Rayon Apellyasiya Məhkəməsində hakim İsmayıl Əhmədovun sədrliyi ilə AXCP üzvü Murad Ədilovun apellyasiya şikayəti üzrə ilkin iclası keçirilib. Murad Ədilov prosesə gətirilməyib.
Bu barədə Meydan TV-yə məlumat verən vəkil Yalçın İmanov bildirib ki, o, 3 vəsatət təqdim edib: “Birinci vəsatət yolverilməz sübutların işdən xaric olunması və cinayət işi üzrə icraata xitam verilməsi, ikinci vəsatət Ədilov barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və nəhayət, üçüncü vəsatət apellyasiya şikayəti üzrə məhkəmə baxışının qismən məhkəmə istintaqıyla aparılması barədə idi. Prokuror hər üç vəsatətə etiraz etdi. Məhkəmə müşavirədən sonra birinci vəsatət baxılmamış saxlanıldı, sonuncular isə qəbul olunmadı”.
Vəkil bildirdi ki, növbəti proses sentyabrın 21-də keçiriləcək.
Murad Ədilov ötən ilin martın 14-də 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə hökm Lənkəran rayon Ağır Cinayətlər məhkəməsində çıxarılıb. Prokuror külli miqdarda narkotik maddə saxlamaqda ittiham edilən Murad Ədilovun 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Murad Ədilov avqustun 11-də Sabirabadda külli miqdarda narkotik maddə saxlamaqda ittihamı ilə həbs edilib. Polis şöbəsində döyüldüyün bildirir.
Murad Ədilov AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşıdır.