Nataliya Mirimanova

Mənbə: Şəxsi arxiv

Başlıq: Nataliya Mirimanova

“Münaqişə nə qədər davam edərsə, Rusiyanın hərbi-sənaye kompleksinə o qədər çox xeyir gələcək”

Natalya Mirimanova: «Nə qədər dəhşətli səslənsə də, müharibəyə çağırmaq barışa çağırmaqdan daha asandır»

Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar davam edir. Növbəti dəfə atəşkəs rejimi sentyabrın 27-də pozulub. Hazırda Azərbaycanda və Ermənistanda hərbi vəziyyət elan olunub. Azərbaycanda qismən, Ermənistanda tam səfərbərlik elan edilib. Hər iki tərəf hərbçilər və mülki şəxslər arasında itkilər barədə məlumat verir. Azərbaycan Müdafiə Nazirliyi artıq 7 kəndin və bir neçə strateji yüksəkliyin qaytarıldığını bildirir.

Meydan TV son günlərdə Qarabağ münaqişəsi zonasında baş verənlər barədə konfliktoloq Natalya Mirimanova ilə söhbət etdi.

"Kiçik, müzəffər qələbə gətirən müharibə olmayacaq"

Ümumi məlumat: Natalya Mirimanova Cənubi Qafqaz və Orta Asiya, Moldova, Rusiya, Ukrayna, Kipr, Qərbi Balkanlar və Şərqi Avropanın münaqişə bölgələrində vasitəçilik, dizayn və dialoq, tədqiqat və siyasi vəkillik sahəsində 25 ildən artıq təcrübəyə malikdir. BMT, ATƏT, AB və digər beynəlxalq, milli və yerli hökumət və qeyri-hökumət təşkilatlarında məsləhətçi işləyib.

- Sizə hərbi baxımdan deyə bilmərəm ki, niyə məhz indi belə gərginlik müşahidə olunur. Amma Azərbaycan indiki vəziyyətdə, təbii olaraq mövcud status-kvonun dəyişdirilməsində daha çox maraqlıdır. Üstəlik də, heç bir yerə gətirib çıxarmayan 30 illik danışıqlar. Əlbəttə, burada zaman amili və artıq aşıb-daşan bir səbr kasası da rol oynaya bilər. Bu, ilk dəfə deyil ki, toqquşmalar baş verir və ya atəşkəs pozulur. Həm də bu qədər sayda silah, hərbi texnika otuz il istifadəsiz qala bilməzdi. Çexovun dediyi kimi, səhnədə bir silah asılıbsa, gec-tez ondan atəş açılmalıdır. Yəni, daha qlobal, strateji bir kontekstdən danışırıqsa, böyük ehtimalla daha sistemli bir hərbi əməliyyata başlayan Azərbaycandır.

- Rusiyanın indiki eskalasiyada rolu barədə nə düşünürsünüz?

- Bu dəfə həmin nadir haldır ki, Rusiyanın qəribə də olsa heç bir rolunun olmadığını düşünürəm. Təbii ki, münaqişə vakuumda baş vermir. Amma burada deyərdim ki, məsələn, Türkiyənin bir ilhamlandırıcı müttəfiq kimi rolu daha aydın görünür. Hərbi mərhələdə Rusiyanın heç bir rolu yoxdur, üstəlik bu münaqişədə Rusiya olduqca maraqlı bir mövqe tutur və əslində bu münaqişənin uzun müddət davam etməsindən dividendlər alır. Həm Ermənistana, həm də Azərbaycana silah satır. Bu, nə qədər davam edərsə, Rusiyanın hərbi-sənaye kompleksinə o qədər çox xeyir gələcək. Bu səbəbdən Rusiyanın bu gərginləşmədə və ya bundan əvvəl heç bir rol oynamadığını düşünürəm. Vəziyyəti hansısa şəkildə sakitləşdirmək və ya tərəfləri danışıqlara çağırmaqda Rusiya indi hər hansı rol oynaya bilərmi – bu, böyük bir sualdır. Buna cavabım yoxdur. Və münaqişəni dayandırmaqla bağlı çağırışlardan başqa hələ yeni bir şey eşitmədik.

- Sizcə, münaqişənin bu mərhələsi necə və nə vaxt bitəcək?

- Bilirsiniz, Bakıdan və Yerevandan eşitdiyim maksimalist mövqelər var. Onları səsləndirmək belə istəmirəm. Çünki bunlar münaqişənin hərbi məntiqlə necə bitəcəyini ifadə edir. Yəni qarşı tərəfin tamamilə məhvi. Bu seçimi səsləndirənləri düşünməyə çağırardım. Çünki bu vəziyyətdə atılan bir söz ehtirasları daha da alovlandırır. Və bundan heç kim qazanmayacaq.

İndi gərginliyi azaltmağın bir neçə variantı ola bilər. Onlardan biri diplomatik səylərdir, hansılarını ki, hələ görmürük. Bu hərbi mərhələni donduracaq bəzi vədlər ola bilər. Bu, münaqişənin özü üçün heç bir məna daşımayacaq, ancaq qan tökülməsini dayandıracaq. Bu hərbi faza danışıqların sürətlənməsinə, hər hansı irəliləyişin əldə edilməsinə təsir edəcəkmi?? Bu, yaxşı bir sualdır. Bu mövzuda düşünmək olar. Amma bu da çox tez baş verməyəcək. Çünki burada güzəştə getməli olan erməni tərəfidir. Madrid prinsiplərinə və bütün bu Minsk prosesinin məntiqinə görə, Ermənistan tərəfi danışıqlar nəticəsində tədricən əraziləri qaytarmalıdır ki, bundan sonra da Qarabağın taleyi həll edilsin.

Amma indi onlarla 18 yaşlı uşaqların həlak olduğu bir vaxtda, əlbəttə gözləmək olmaz ki, hansısa bir siyasi lider günü sabah desin, - oldu, güzəştə getməyə hazıram. Buna görə də müharibəyə başlamaq çox təhlükəlidir və müasir dünyada hərbi əməliyyatlar yolu ilə istədiyinizi əldə etmək danışıqlardan daha asan olduğunu düşünmək çox səhv fikirdir. Müharibə hamını 20 il, bəlkə də 30 il geri atır. Buna görə hər şey bu hərbi mərhələnin nəylə bitəcəyindən asılıdır.

İndi münaqişənin bu fazası dayanarsa, az-çox cəmiyyətləri danışıqların yenidən başlayacağına hazırlayacaq ağlabatan səslər eşidilərsə, bu, bir qərar üçün təkan ola bilər. Ancaq indi əsas məsələ müharibəni dayandırmaqdır.

- Hərbi əməliyyatların dayandırılmasına kim təşəbbüs göstərməlidir?

- Əlbəttə ki, Minsk Qrupu bunu etməlidir. Bunun üçün mandatı var. Mandatı ona münaqişə tərəfləri verib həm də. Və bu, əslində bir daha göstərəcək, Minsk Qrupunun bir əhəmiyyəti qalıb ya yox. Çünki ATƏT-in Minsk qrupu və həmsədrlərinin ünvanına xeyli tənqid var ki, danışırların yerindən tərpənməsi üçün bir şey etmirlər. Ancaq digər tərəfdən, mən özüm bir vasitəçi və hakimiyyətdə olan insanlarla dialoq aparan bir insan kimi, deməliyəm ki, tərəflərin heç bir istəyi olmasa, vasitəçilərin edə biləcəyi çox az şey var.

Demək istəyirəm ki, indi bu alovu bir az da qızışdırmaq çox təhlükəlidir. Minlərlə insan könüllü kimi qeydiyyatdan keçməyə gedir və bütün cəmiyyət onları dəstəkləyir. Və bu 18 yaşlı gənclərin cəsədləri qayıdır, bu da tərəflərin razılığa gəlmək istəklərini bir az da azaldır. Bu səbəbdən üçüncü ölkələr nə qədər tez müdaxilə edərsə, bir o qədər yaxşıdır və bu, hər iki tərəfin siyasətçilərinin böyük məsuliyyətidir. Nə qədər dəhşətli səslənsə də, müharibəyə çağırmaq barışa çağırmaqdan daha asandır.

- Bu müharibə 30 il ərzində sülhməramlıların bütün səylərini sıfıra endirmədimi?

- Bu, çox ağrılı bir sualdır. Mənim kimi ömrünün 25 ilini bu cür işə həsr etmiş bir insan üçün və əlbəttə, bütün bu illər ərzində sülhməramlı kimi çalışan bütün ermənilər və azərbaycanlılar üçün, 90-cı illərin əvvəllərində girovları xilas etməyə çalışanlar üçün, hərbi əsirləri azad edənlər üçün. Bütün bunlar da bəzilərinin dediyi kimi, qrant üçün deyil, ürəyin istəyi ilə edilirdi. Və hər iki tərəfdən öz aralarındakı münasibətləri, cəmiyyətlərin bir-birilə əlaqələrini yaxşılığa doğru dəyişdirmək istəyən həqiqətən çox səmimi insanlar tanıyıram.

Amma arxaya baxanda deməliyəm ki, hər tərəfdən həssas mövzularda danışmaq cəhdləri çox az olub. Və bir çox vasitəçi, bu proqramları idarə edənlər ona toxunmamağı üstün tutdular, birdən heç nə alınmaz deyə düşündülər. “Bu, çox həssas mövzudur” dedilər. Çox həssasdır - ümumiyyətlə, ən sevdiyimiz sözdür. Ancaq aydın olur ki, ədalət, etimad məsələlərini həll etməyincə, barışıq ola bilməz.

Yəni, sülh o demək deyil ki, şərti olaraq Paşinyan və Əliyev oturub hansı ərazinin kimə və hansı ildə veriləcəyinin xəritəsini çəkir. Xeyr, sülh insanların həqiqətən birlikdə yaşaya bilməsi deməkdir. Amma heç kim bu barədə düşünmək istəmir. Həm Ermənistan, həm də Azərbaycan cəmiyyətlərinin, prinsipcə, birlikdə yaşağama heç bir şəkildə hazır olmadıqlarını desəm, yəqin ki, yanılmaram.

Dağlıq Qarabağın çoxmillətli gələcəyindən danışırıqsa, heç bir tərəf bunu qəbul etmir. Ritorikaya baxmayaraq. Bakı tez-tez Qarabağın geniş muxtariyyəti barədə danışır. Yəni, orada ermənilər və azərbaycanlılar birlikdə yaşayacaq, amma bu, ritorikadır, realda bütün hərəkətlər bunun əksini göstərir. Erməni tərəfi isə azərbaycanlılarla yaşamaq barədə ümumiyyətlə danışmır.

- Qarabağ münaqişəsi ilə bağlı yaxın gələcək üçün proqnozlarınız necədir?

- Ümid edirəm, hər kəsdə bir növ praqmatizm var. Ümid edirəm, nə qədər dəhşətli səslənsə də, gücünü göstərmək cəhdi dayanacaq və daha böyük itkilərə gətirib çıxarmayacaq. İtkilər onsuz da kifayət qədər çoxdur. Əslində heç bir tərəf hərbi qələbəni bu qədər asanlıqla qazana bilməyəcək. Bunların hamısı təbliğat üçün danışılır, amma müharibəni həqiqətən başa düşən və aparanlar üçün kiçik, müzəffər qələbə gətirən müharibənin olmayacağı aydındır. Tərəflər uzunmüddətli, qanlı müharibəyə hazırdımı? - bunu bilmirəm, ümid edirəm ki, yox.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/crroq7

Ən çox baxılan