”Hər iki məzhəbin bir məsciddə, bir səfdə dayanaraq namaz qılması çox böyük göstəricidir”
Bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən elan edilən “Multikulturalizm ili” çərçivəsində bu gün Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar ilk dəfə bir araya gələrək eyni vaxtda bir yerdə bir sırada vəhdət namazı qılıblar.
APA-nın məlumatına görə, min ildən artıqdır, İslam dininin iki böyük məzhəbi – sünni və şiələr ibadətlərini fərqli şəkildə fərqli məkanda yerinə yetiriblər.
Heydər məscidində Heydər Əliyevin vəfatının ildönümündən başlayaraq sünni və şiə məzhəbinin nümayəndələri vəhdət namazı qılırlar. Məsciddə cümə namazları növbəli şəkildə, bir həftə əhli-sünnənin imamı, növbəti həftə əhli-şiənin axundunun rəhbərləri ilə qılınır.
Heydər məscidinin dini rəhbəri Hacı Sabir Həsənli bildirib ki, ən fərəhli hal Azərbaycan təcrübəsində və ümumiyyətlə, dünya təcrübəsində vəhdət namazının ən sevimli namaz olduğunu göstərmək: “Bu, Allah qarşısında ən qəbula yetən namazdır. Çünki Allah Qurani-Kərimdə bizi bir olmağa, təfriqəyə yol verməməyə çağırır. Bu nöqteyi-nəzərdən müxtəlif məzhəblərdən olmasına baxmayaraq, insanlarımızın eyni məsciddə namaz qılması çox fərəhli haldır. Hər iki məzhəbin bir məsciddə, bir səfdə dayanaraq namaz qılması çox böyük göstəricidir”.
Məsciddə şəhidlərimizin ruhuna dualar, israf və qənaət haqqında xütbə oxunub.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bildirib ki, Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb: “Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq ki, bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyllər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik”.
Dövlət başçısı 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması haqqıdna sərəncam da imzalayıb.