Mülkiyyətçilərin ”Azərsu” ilə kompensasiya davası bitmir

Oğuz-Bakı layihəsindən zərərçəkənlər illərdir pullarını ala bilmir

Source:
“Azərsu” Səhmdar Cəmiyyəti
“Azərsu” Səhmdar Cəmiyyəti
“Azərsu” Səhmdar Cəmiyyəti
“Azərsu” Səhmdar Cəmiyyəti


Oğuz-Bakı layihəsindən zərərçəkənlər illərdir pullarını ala bilmir

Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsindən 6 il keçməsinə baxmayaraq, icrasına 1 milyard dollara yaxın vəsait sərf edilən bu layihədən zərər çəkmiş torpaq mülkiyyətçilərinin pul ödənilmir.

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

İllərdir bu mövzu media gündəmini zəbt etsə də, bugünədək heç nə dəyişməyib. 2012-ci ildən bugünə qədər dəfələrlə jurnalist araşdırmaları aparılıb, ekspert rəyləri verilib, vətəndaşlar narazılıqlarını aksiya şəklində çatdırıb, ancaq problem olduğu yerdə qalıb.

Mirvari Qəhrəmanlının sözlərinə görə, layihənin sifarişçisi “Azərsu” Səhmdar Cəmiyyəti torpaq mülkiyyətçiləri tərəfindən məhkəməyə verilib: “Ölkəyə küllü miqdarda neft pulları daxil oldu, xərcləndi, neft pulu hesabına tikilən kəmərin təsirinə məruz qalmış Oğuz- Qəbələ torpaq mülkiyyətçiləri isə neft pullarından bəhrələnmək əvəzinə, 6 ildir ki, onlara dəymiş zərərə görə “Azərsu”dan kompensasiyalarını ala bilmirlər”.

“Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi” layihəsinin idarə edilməsi və sifarişçi funksiyalarının icrasını Nazirlər Kabinetinin 24 fevral, 2006-cı il tarixli, 42s saylı sərəncamına əsasən “Azərsu” Səhmdar Cəmiyyətinə həvalə edilib.

“Layihənin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrini istifadə etməklə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində suyun nəql olunması və beləliklə də, əhalinin yüksək keyfiyyətli su ilə təmin edilməsidir. Layihənin ümumi dəyəri 480 milyon manat nəzərdə tutulsa da, layihə 780 milyon manata başa çatdi”,-deyə təşkilat sədri bildirir.

M.Qəhrəmanlı deyir ki, su kəməri Dövlət Neft Fondunun vəsaiti hesabına reallaşdırılıb. Kəmərin çəkilişinə 2007-ci ildə başlanılıb, 2010-cu ilin 28 dekabr tarixində Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilib.

Layihə çərçivəsində təxminən 5300 hektar torpaq sahəsi ayrılıb: “Pay torpaqları kəmərin təsiri altına düşən mülkiyyətçilərin sayı 3974 nəfər, torpaqların sahəsi isə 2365,65 hektardır.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin verdiyi məlumata görə, su kəməri ölkənin 8 rayonu ərazisindən keçir. Oğuz rayonunda kəmər 2131 , Qəbələdə – 278, Göyçayda – 307, İsmayıllıda – 247, Ağsuda – 546, Şamaxıda – 151, Hacıqabulda – 314 mülkiyyətçinin torpağından keçir. Yalnız Abşeron rayonu ərazisində kəmər xüsusi mülkiyyətə aid olan torpaqlardan keçmir.

Mirvari Qəhrəmanlı

“Bu günə qədər 4000-ə yaxın mülkiyyətçinin əksəriyyətinə torpağa, meyvə ağaclarına və əldən çıxmış faydaya görə kompensasiya ödənilməyib. Halbuki bu layihəyə 780 milyon manat məbləğində maliyyə vəsaiti ayrılıb. Kompensasiyanın ödənilməsini, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Qəbələ və Oğuz Rayon icra Hakimiyyətlərinin, İcra hakimiyyətləri isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin üzərinə atır. Nəticədə mülkiyyətçilərin hüquqları pozulur”, – hüquq müdfiəçisi əlavə edir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının yardımı ilə 4 mülkiyyətçinin 2-3 il çəkən məhkəmə prosesləri nəticəsində mülkiyyət hüquqları bərpa olunub. 2 nəfərin işi hazırda Ali Məhkəmənin, 5 nəfərinki isə Yasamal Rayon Məhkəməsinin icraatındadır.

Qəbələ mülkiyyətçilərindən 4 nəfərinin (Hacı Qocayev, Xalidə Qocayeva, Bayram Vəzirov və Aslan Soltanov) “Mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia ərizələri 4 –cü ildir ki, Yasamal Rayon Məhkəməsinin icraatındadır (Hakim: Fuad Babayev). Lakin dəfələrlə edilən müraciət və şikayətlərə baxmayaraq, bugünə qədər yekun qərar qəbul edilməyib.

M.Qəhrəmanlı söyləyir ki, Mülki Prosessual Məcəllənin 172.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır.

Məhkəmələr,“Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Qəbələ və Oğuz Rayon icra Hakimiyyətləri isə Oğuz və Qəbələ torpaq mülkiyyətçilərini bir-birinə ötürməklə məşğuldur.

Ölkənin ən iri su layihəsi olan Oğuz-Qəbələ-Bakı su kəmərinin smeta dəyəri 480 milyon manat (550 milyon dollar) olub. Lakin layihənin çəkilişi 780 milyon manata (1 milyard dollar) başa gəlib.

M.Qəhrəmanlı deyir ki, “Azərsu” ASC-yə tapşırılmış layihənin maliyyələşdirilməsinə müqavilələr üzrə ümumilikdə 547,4 milyon manat vəsait ayrılıb. Sonda yetərincə yüksək məbləğ alınmasına baxmayaraq, vətəndaşlara vəd olunan kompensasiyalar hələ də ödənilməyib.

Edilən müraciətlərə “Azərsu” ASC-dən pulumuz, Qəbələ və Oğuz rayon icra hakimiyyətlərindən isə torpağımız yoxdur cavabı verilir. Qurum “insanlara kompensasiya ayrılıbsa, bu pul hara gedib” sualına cavab vermək istəmir.

“Azərsu” isə nəinki zərəri ödəmək istəmir, hətta cavabdehlik daşımadığını da deyir. Qurumun məhkəməyə təqdim etdiyi sənəddə göstərilir ki, ASC kompensasiya ödəməyə cavabdeh deyil, buna görə də mülkiyyətçilərə dəymiş ziyanın ödənilməsindən imtina edir.

Dövlət Neft Fondu da məsuliyyəti “Azərsu”nun üzərinə atır. Fonda ünvanlanmış müraciətə cavab olaraq bildirirlər ki, “Azərsu” kompensasiya üçün hesabat təqdim etməyib və buna görə də əlavə vəsait ayrılmayıb. Torpaq mülkiyyətçiləri isə dəymiş zərərin əvəzinə kompensasiya tələb etməkdə israrlıdır.

Ana səhifəXəbərlərMülkiyyətçilərin ”Azərsu” ilə kompensasiya davası bitmir