”Mühüm tədbirlər”ə xərclənən milyonlar

Son 4 ayda Prezidentin Ehtiyat Fondundan ”Azərenerji”yə 140 milyon manat ayrılıb

Source:


Son 4 ayda Prezidentin Ehtiyat Fondundan ”Azərenerji”yə 140 milyon manat ayrılıb

Milli Məclisdə büdcə müzakirələri həmişə sönük keçir. Qabaqlar buna görə əsəbiləşirdim, deputatların qarasınca deyinirdim ki, bunlar hamısı saxta mandat aldıqlarına görə belə edir. Ancaq zaman keçdikcə onları anlamağa başladım. Xüsusilə Oqtay Əsədovun “parlament müzakirə yeri deyil” sözündən sonra. Bu sözdən sonra deputat ya mandatıyla vidalaşmalı, ya da ağzını qıfıllamalıdır. Arifə bir işarə… bizimkilər ikinci yolu seçdi. Həm də ədəbiyyatdan başı çıxan həmkarları onlara sirr açdı: “Hökm onun hökmüdür, fərman onun fərmanıdır”.

2018-ci ilin dövlət büdcəsində Prezidentin Ehtiyat Fondu 304 milyon manat müəyyənləşmişdi. Bilməyənlər üçün deyək ki, Azərbaycan Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. Bu vəsaitlərin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır. – Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanununda belə yazılıb. Sonuncu cümlə bu vəsaitin ilin sonunda niyə tələsik xərclənməsinə az da olsa aydınlıq gətirir.

“Sosial-iqtisadi həyatda mühüm əhəmiyyət kəsb edən tədbirlər” anlayışını kim necə istəyirsə, eləcə də qəbul etsin. Ancaq Prezident Administrasiyasında onun anlamı birdir; yol tikintisi, evlərin dam örtüyünün dəyişdirilməsi, bir də regionların sosial-iqtisadi inkişafı. Bu “sosial-iqtisadi inkişaf” isə rayonlarda Heydər Əliyevin heykəlinin ətrafında aparılan “abadlıq və quruculuq işləri”dir, heykəllərin yenilənməsini də bura aid etmək olar. Bütün bunlarısa “ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlər” saymaq olar, yoxsa olmaz seçimi qarşısında qalmamağınız üçün həmin fonddan ayrılan sonuncudan əvvəlki sərəncamı diqqətinizə çatdırmaq istəyirəm:

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4,0 (dörd) milyon manat ayrılsın”.

Niyə QMİ? “Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət”i nədir bu qurumun? Adətən sərəncamlarda vəsaitin hansı məqsəd üçün ayrıldığı yazılır, yəni ayırma əsaslandırılır. Onun ölkənin sosial-iqtisadi həyatında mühümlüyü vurğulanır. Bu sərəncamdasa heç əziyyət çəkib nəyisə əsaslandırmağa çalışmayıblar. Sadəcə özlərini çox rəsmi aparıblar: Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılsın. Baxmayaraq ki, bu idarənin uzaqdan-yaxından sosial-iqtisadi sahəylə hər hansı əlaqəsi yoxdur. Burada əsas iş ölü yumaq, ehsan verməkdir. Bu işlərin də iqtisadiyyata hər hansı faydasından, mühüm əhəmiyyətindən danışmaq yersizdir. Sərəncamın bircə anlamı var: kefim bu cür istəyir. Xərc məsələsisə qalır Şeyxin insafına, xərcləyə də bilər, sərəncam sahibinə hədiyyə də edə bilər. Möhtərəm Şeyx… yox, nəsə demək artıqdır…

Əslində, dəfələrlə deyilib, büdcə vəsaitlərinin daha çox ilin sonunda tezbazar xərclənməsi ilə bağlı iqtisadçılar, jurnalist dostlar yazıb. Ancaq heç bir nəticə olmayıb. Yəni sevə-sevə təkrarladıqları stabillikdir; stabil yeyinti, stabil korrupsiya. Bu il də eyni şey təkrarlanıb. Məsələn, Prezidentin Ehtiyat Fondunda bu il üçün nəzərdə tutulan 304 milyon manat vəsaitin 216 milyon 60 min manatı 2018-in son 4 ayında xərclənib. Onun da 140 milyon manatı təkcə bir quruma – “Azərenerji”yə ayrılıb. Cəmi 5 sərəncamla. Həm də “Azərenerji”nin nizamnamə kapitalının artırılması üçün. Əslində, 5 sərəncam imzalamağa da dəyməzdi, artıq kağız sərf olunub, sərəncamı sayta yerləşdirən 5 dəfə əziyyət çəkib,.. elə bir sərəncam da yetərdi.

İnformasiyası olmayanlara: 4 ay qabaq “Azərenerji”yə rəhbərlik Baba Rzayevə tapşırılıb…

Ümumilikdə isə Prezidentin Ehtiyat Fondundan bu il 276 milyon 860 min manat vəsait xərclənib. Hələlik sonuncu sərəncam (28.12.2018)Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi ilə bağlı olub. Bu işə 1 milyon 500 min manat ayrılıb…

Ana səhifəMənim Fikrimcə”Mühüm tədbirlər”ə xərclənən milyonlar