Müharibəyə hazırlaşan uşaqlar

Orxan Adıgözəl

Orxan Adıgözəl

Hazırda dünyanın 40-dan çox müxtəlif yerində aktiv və passiv şəkildə müharibələr gedir. Dünya yaranandan müharibələr olub və olacaq da. Bu, çox şərəfsiz və ağır bir reallıqdır. Əslində “şərəfsiz” çox yumşaq ifadədir. Söyüş yaza bilmirəm. Müharibə varsa, təbii ki, orda yaşlı, cavan, həm də uşaq ölümləri qaçılmazdır. Yox, indi qeyri-real arzu və dua sayılacaq "uşaqlar ölməsin" ifadəsini işlətməyəcəyəm. Bu tip ifadələrin işlədilməsi mənə çox süni və qeyri-səmimi gəlir. Elə şeylər var ki, bizim iradəmiz xaricindədir. Müharibələr qlobal güclərin təsiri ilə silah satışı və digər idbar niyyətlər naminə edilən aktdır.

Mən ağsaqqal, müdrik ritorikası ilə kimlərəsə məsləhət vermək niyyətindən uzağam. Subyektiv fikirlərimi irəli sürmək müstəqilliyindən istifadə edib bir neçə kəlimə yazacağam.

Məlumdur ki, müharibələrə stimul verən əsas amillər alət kimi istifadə olunan millətçilik, din və müəyyən siyasi ideologiyalardır. Bunlar əsasən hökumət aparatlarının təbiğat maşını vasitəsi ilə təmin olunur. İndi qeyd etdiklərimin detallarını yazmayacağam. Bir çoxumuz bunlardan xəbərdarıq.

Müharibədəki itkilər, fiziki və psixoloji travmalar, dəhşətlər barədə də yazan deyiləm. Onları adi şəkildə düşünmək belə ağrılıdır.

Seymur Baycan çox sadə şəkildə vurğuladığı kimi “insanlar insan olduqda müharibə istəmirlər”.

İnsan olmaq. Bu sadə sözləri uşaqlıqdan, yaşımızın müəyyən vaxtlarında da ara-sıra hər birimiz eşitməkdəyik. Çox adam “insan ol” ifadəsinin mənasını heç vaxt dərk etmir. Bunun ümumilikdə oxşar mənaları olsa da, mən bu kəliməni “əzmək, pislik etmək imkanın olduğu halda, əzməmək, pislik etməmək” prinsipi kimi qəbul edirəm. İnsan ən şərəfli varlıq hesab olunduğu halda, Allahın ona bağışladığı bu ada ölənə qədər layiq qalmaq lazımdır. Əlbəttə ki, yaşadığımız qəddar dünyada az da olsa sülh və sevgi əsgəri kimi çıxış etdiyin halda bu ada layiq olursan. Əks halda bioloji həyat sürən zərərli həşəratdan fərqin olmayacaq.

Bizim müharibələrin qarşısını tamamilə almaq cəhətdən qlobal təsirimiz olmasa da, ən azı uşaqlarımızı, gələcək nəsili elə yetişdirib, tərbiyə edə bilərik ki, onlar müharibələrə və zorakılıqlara qarşı ola bilərlər. Bu, daha çox adamın sülh və sevgi içində yaşamağına səbəb ola bilər. Bir düşüncənin belə "təmizlənməsi", bir insanın islahı, bir sülh keşikçisinin varlığı bizim üçün kiçik qələbə ola bilər. Əgər sən zorakılığa, vəhşiliyə “yox” deyə bilirsənsə, deməli, insan olduğunun fərqindəsən.

Hər dəfə ərəb uşaqlarının xorla "A'thuna Al Thoufuli"("Bizə uşaqlığımızı geri ver") mahnısını eşidəndə qəhərlənirəm. Müharibənin dəhşətini həmin uşaqların video-kadrlardakı və şəkillərdəki gözlərinə baxanda belə hiss etmək olur.

İnsanın təbiətində müharibə ehtirası əsasən rəqabət, etibarsızlıq və şan-şöhrət susuzluğu ortaya çıxanda yaranır. Bu üç ünsür bir arada ortaya çıxdısa, insanın gözü dönür. Daxilindəki vəhşi üzə çıxır. Ona görə də insanın o vəziyyətə düşməməsi üçün onun ruhunu uşaqlıqdan mərhəmət, ədalət və vicdan kimi keyfiyyətlərlə suvarmaq lazımdır.

Belə olduğu halda daha az uşağın əziyyət çəkməsinin qarşısını bir az da olsa ala bilərik.

Sülh və sevgilər!

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/v25mls

Ən çox baxılan