“Müharibəyə gedəndən sonra uşaqları daxıla pul yığdılar ki, atamız gələndə qurban kəsərik”

“Övladlarını da vətənə sevgiylə böyüdürdü”

Source: Specify Source


Hərbçinin qardaşı: “Yaranın üzərinə sellofan paket qoyub sarıtdırırmış ki, qan axmasın”

Elşən Musayev Azərbaycanla Ermənistan arasında başlayan Birinci Qarabağ münaqişəsi illərində doğulub. Yeddi il hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. Sentyabrın 27-də hərbi əməliyyatların ilk günü müharibəyə yollanıb. Oktyabrın 8-də Füzuli rayonu Qorqan kəndi istiqamətində gedən döyüşlər zamanı boynundan snayper gülləsi alaraq həlak olub.

“Yeganə təsəllim odur ki, özü vətən uğrunda vuruşub, şəhid olmaq istəyirdi. Həmişə deyirdi ki, kaş, Füzuliyə, Cəbrayıla, o torpaqlara, Qarabağa ayağım dəyəydi, orada şəhid olaydım”, – həyat yoldaşı Mətanət Musayeva deyir:

“Pirəkəşküldə hərbi hissədə işləyirdi, əməliyyat briqadasında kiçik çavuş idi. Müharibəyə gedəndən sonra onunla hər gün telefonla danışırdıq. Deyirdi ki, narahat olmayın, hər şey qaydasındadır. Amma heç vaxt bizə harada olduğunu söyləmirdi. Sonuncu dəfə oktyabrın 7-də danışdıq, sonra əlaqəmiz kəsildi. Günlərlə ondan xəbər ala bilmədik. Bir müddət sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsindən zəng edib, dedilər ki, yoldaşınız şəhid olub. Ən çox böyük qızı Ayşəni sevirdi. Ayşəndən daha çox isə vətənini istəyirdi”.

m__tan__t_musayeva-h__yat_yolda____1.jpg
Mətanət Musayeva

Elşən Musayev on il öncə doğulduğu Ağsu şəhərindən Bakıya köçüb. Müharibəyə qədər ailəsi ilə birgə Müşfiqabad qəsəbsəində birotaqlı kirayə mənzildə yaşayıb. Xalası Minəxanım Xanməmmədova deyir ki, bacısı oğlu məhrumiyyətlərlə böyüyüb:

“Atası da 32 yaşında, Elşənin şəhid olduğu yaşda vəfat etmişdi. Atasız böyümüşdü, anasını da iki il bundan öncə dəfn etdik. Çox əziyyət çəkmişdi, çox zəhmətkeş uşaq idi. Altı-yeddinci sinifdə oxuyanda işləməyə başlamışdı, anasının əlini çörəkli etmişdi. Həmin vaxtlardan qəhrəman olmuşdu, şəhid olmuşdu. Gündüz bir, axşam isə başqa işdə işləyirdi ki, ailəsini dolandırsın. Yeddi ildir hərbi sahədə fəaliyyət göstərirdi. Anası sevincindən bilmirdi ki, oğlunun hansı hərbi paltarından öpsün. Hətta gəlinə qoymurdu, çəkmələrini özü təmizləyirdi ki, artıq mənim də balam sayılıb-seçilənlərdəndir. Elşən indi ağ günə çıxmışdı, balalarının üstünə dolu zənbillərlə gəlməyə başlamışdı. Bəzən həyat yoldaşı deyirdi ki, ay Elşən, uşaqlara bu qədər şirniyyat almaq olar? O da deyirdi ki, mən yetim olmuşam, yeməmişəm. Anam mənə birini alanda, o birinə pulu çatmayıb. Qoy balalarımı doyunca yedirdim, onda rahat oluram. Anası sağ olsaydı, bu qədər yanmazdım. Çiynimə böyük yük qoyub getdi. Müharibədə, odun-alovun içindəydi, hər dəfə zəng edəndə, telefona cavab verəndə, deyirdi ki, ay can, xala. Bir dəfə də olsun, telefonu üzümə söndürmədi ki, birdən xalam narahat olar. Övladlarını da vətənə sevgiylə böyüdürdü. Oğlu Hüseyndən soruşanda böyüyəndə kim olacaqsan, cavab verir ki, Mübariz İbrahimov kimi qəhrəman olacağam. Müharibəyə gedəndən sonra uşaqları daxıla pul yığdılar ki, atamız gələndə qurban kəsərik. Ona qismət olmadı. Sonra uşaqlar analarına dedilər ki, bizim atamız ölüb, amma istəmirik ki, başqa uşaqların da ataları ölsün. Qurbanı kəsək ki, başqa uşaqların ataları yaşasın. Daxıldakı pulla qoyun alındı, bazarlıq olundu. Füzuliyə gedib, orada qurban kəsdilər, yaralı əsgərlərimizə payladılar”.

min__xan__m_xanm__mm__dova_-xalas__.jpg
Xalası Minəxanım Xanməmmədova deyir ki, bacısı oğlu məhrumiyyətlərlə böyüyüb

“Sentyabrın 26-da mənə zəng etmişdi. Eşitməmişdim. Sən demə, sağollaşmaq üçün yığıbmış”. Həlak olan döyüşçünün qardaşı Cavanşir Musayev danışır:

“Müharibədə olanda bir gün zəng etdi ki, Vüqar şəhid olub. Yaxın idik, dostumuz idi. Bir müddət sonra zəng edəndə dedi ki, Turab da getdi. Sonra qəhərləndi, dedi ki, Allah bizə də vətən uğrunda şəhid olmağı nəsib etsin. Sanki vidalaşırdı. Sonra nə qədər yığdıq, telefonuna zəng çatmadı. Ölümündən əvvəl Cəbrayılda yaralanmışdı, qəlpə yarası almışdı. Xəbər bizə çatdı, çox narahat olduq. Acığı tuturdu ki, burada tək mən döyüşmürəm. Yaranın üzərinə sellofan paket qoyub sarıtdırırmış ki, qan axmasın. Bu formada da döyüşə girirmiş, amma hospitala getmirmiş ki, döyüş yoldaşlarımı tək qoya bilmərəm. Füzulidə pusquya düşüb, həyatını itirib”.

Untitled design (8).png
“Pirəkəşküldə hərbi hissədə işləyirdi, əməliyyat briqadasında kiçik çavuş idi”.

Elşən Musayevin keçmiş iş yoldaşı və dostu Həbib Bayramov deyir ki, onunla 2016-cı ildə tanış olublar. Qısa zamanda yaxınlaşa, dostlaşa biliblər:

“Hərbiyə eyni gündə getmişik, birgə kurs keçmişik. Ailəvi yaxın olmuşuq. Xatirələrimiz çox olsa da, adamın dili kilidlənir, danışmağa söz tapmırsan. Müharibə başlayanda könüllü yazılmışdım. Təəssüf ki, qismətdə neçə dostumu çiynimdə aparıb dəfn etdmək varmış. Çox dəhşətlidir. Ağalaya bilmirəm, çünki ağlamaqdan gözümün yaşı quruyub. Elşənin, Turabın, Vüqarın, Yalçının itkisini yaşadım. Onların ölümü ağır itki oldu”.

Elşən Musayev Müşfiqabad qəsəbəsində dəfn olunub. Ondan yadigar qalan isə üç azyaşlı körpəsidir. Oğlu Hüseyn atasının qara çərçivəyə alınmış fotosunu göstərərk deyir: “Atam qəhrəmandır. Mən də onun kimi qəhrəman olacağam”.

125801528_2767589296894779_1768392409470037584_o.jpg
“Ondan yadigar qalan isə üç azyaşlı körpəsidir”.
Untitled design (6).png
Elşən Musayevin keçmiş iş yoldaşı və dostu Həbib Bayramov deyir ki, onunla 2016-cı ildə tanış olublar.
126985761_2767588156894893_8291955870016857789_n.jpg
“Hərbiyə eyni gündə getmişik, birgə kurs keçmişik”.
Ana səhifəSiyasət“Müharibəyə gedəndən sonra uşaqları daxıla pul yığdılar ki, atamız gələndə qurban kəsərik”