“Müharibəyə gedəndə işdən çıxdım, indi iş tapa bilmirəm”

Müharibə iştirakçısı vəziyyətindən narazıdır

Source: Meydan Tv


Müharibə iştirakçısı vəziyyətindən narazıdır

Azərbaycan və Ermənistan arasında gedən 44 günlük müharibədə travma almış Lənkəranın Vilvan kəndinin sakini Niyaməddin Kərimlinin problemi var. Həm müharibə zamanı aldığı travmadan dilində qüsur yaranıb, həm də qəzalı evdə yaşayır. O, şəraitsizlikdən bezdiyini deyir:

“Eyni zamanda işsizəm. Müharibə başlamazdan 6 gün əvvəl səfərbərliklə çağırıldım. İşləyirdim, marketdə satıcı idim. İşdən ayrılıb getdim. Sonra da 44 gün döyüşdüm. Döyüşdə travma da almışam. Aldığım travmadan 1 aya yaxın danışmamışam, dilim tutulub. İndi danışıram, amma çətinliklə. Başa düşürəm, əlim salamat, ayağım salamat. Daha pis durumda olanlara yardım edirlər, amma biz də insanıq”.

Niyaməddin Kərimli deyir ki, çox şey istəmir, vətən çağıranda gözünü qırpmadan hər şeyi yarımçıq qoyub getdiyi kimi, çətin durumlarda dövlətinin də onun arxasında olsun. Deyir, çağırılanda işdən ayrılıb, indi iş tapa bilmir. Qardaşı da işsizdir:

“Anam əməliyyat olmalıdır, imkanımız yoxdur. İş də yoxdur ki, heç olmasa kredit götürək və bilək ki, sonra ödəyə biləcəyik. Bir balaca evimiz var. 60 ildən artıqdır tikildiyi. Atam bu evdə doğulub. İki otağı var. Birində yaşlı bibim, digərində atam, anam, qardaşım, mən və nənəm yaşayırıq. Şükür, çöldə deyilik, amma evimiz qəzalıdır”.

Niyaməddin Kərimli deyir ki, yaşadıqları ev illərlə olan zəlzələlər nəticəsində hər dəfə bir az çatlayıb və nəticədə bu gün qəzalıdır. Əslində yaşamaq olmaz, ancaq məcburdurlar, çünki getməyə yerləri yoxdur:

“Ev yol kənarındadır. Yoldan böyük maşınlar keçəndə divarlar silkələnir, pəncərələr cingildəyir. Damdan evin içinə su damır. Bilirsiniz, cənub bölgəsi yağmurlu olur. Atam 2 il əvvəl kredit götürdü, evin damını təmir etdirdi. 2 ildir hər ay pensiyasının müəyyən qədərini kreditə çıxırlar. Deməyim odur ki, bircə damı düzəltdirdik, 2 ildir kredit ödəyirik. Evi tamamilə təmir etməyimiz mümkün deyil”.

Niyaməddin Kərimli buna görə dövlətdən kömək istəyir. Deyir, kömək olunmasa, evləri bir gün başlarına uçacaq:

“Dəfələrlə yerli qurumlara, bələdiyyəyə, icra hakimiyyətinə müraciət etmişik kömək üçün. Heç üzümüzə də baxmırlar. Axırıncı dəfə icraya qəbula gedəndə mənə dedilər ki, dəfələrlə problemləri ilə yerli icra hakimiyyətinə müraciət etmişəm. Mənə dedilər ki, Prezidentin tapşırığı var, yalnız qazilərə və şəhid ailələrinə kömək edirlər. Bizə də təqaüd ayıracaqlar ayda 80 manat. O da ki, bilmirəm, verəcəklər, ya yox. Guya apreldə verməlidilər, gözləyirəm”.

Niyaməddin Kərimli deyir ki, yaxşı iş təklif edən olsa, işləyib problemlərini özü də həll edər, ancaq indiki durumda iş tapmaq çətindir:

“Həm vəziyyətim də ortadadır. Aldığım travmadan danışığım pozulub, kəkələyirəm. Danışanda əziyyət çəkirəm, bəzən özüm də özümə əsəbiləşirəm. Amma əlimdən heç nə gəlmir, çox çarəsizəm, çarəsizik”.

Vilvan kəndinin bələdiyyə sədri Hafizə Quliyeva Meydan TV-yə bildirib ki, ailənin durumundan xəbərdardılar, kasıbçılıqlar, çətinliklə yaşadıqlarını bilirlər, ancaq əllərindən heç nə gəlmir:

“Təzəlikcə təzə ev tikməyə başlayıblar. Kürsüyə qədər götürüblər. Qalanı eləcə qalıb, yəqin imkanları çatmayıb. Bizdə də maliyyə yoxdur onlara kömək etməyə. Deyəcəm İcra Hakimiyyəti kömək edə bilər. Onu da deyə bilmirəm, çünki onlara da dövlət ev tikməyə vəsait ayırmır. Düzdür, əvvəl olurdu, FHN gəlirdi, çəkirdi, kömək edirdilər, amma indi yoxdur. Bələdiyyənin imkanı, büdcəsi də yoxdur ki, onlara kömək edək. Torpaq da yoxdur ki, sataq, pul olsun, kimlərəsə yardım edək. Ötən il ərzində bələdiyyənin hesabına cəmi 2 min manat vergi köçürüblər. Onunla nə etmək olar?”

Lənkəran Rayon İcra Hakimiyyətindən də Meydan TV-yə bildiriblər ki, qəzalı evlərin təmiri, yenidən tikintisi üçün büdcələri yoxdur:

“Başa düşürük, müharibə iştirakçısıdır, pis durumdadır, travma alıb. Amma əlimizdən nəsə gəlmir, gəlsəydi kömək edərdik. Bizim bu işlər üçün ayrılan büdcəmiz yoxdur”.

Image from iOS (164).jpg
Evin vəziyyəti
Image from iOS (165).jpg
Evin vəziyyəti
Image from iOS (163).jpg
Evin vəziyyəti
Ana səhifəBölgə“Müharibəyə gedəndə işdən çıxdım, indi iş tapa bilmirəm”