SOCAR Ukraynaya pulsuz yanacaq dəstəyi verəcək
Ukraynada fəaliyyət göstərən “SOCAR Energy Ukraine” şirkəti təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək.
Məlumatı SOCAR-nın Mətbuat Xidmətinin rəhbəri İbrahim Əhmədov “Facebook” səhifəsində paylaşıb.
Ukrayna Prezidenti Vladimir Zelenski bu gün bildirib ki, Azərbaycan prezident ilə söhbətinin nəticəsinə görə, Ukraynanın bütün SOCAR yanacaqdoldurma məntəqələrinə təcili yardım və SES-in yanacaqla pulsuz təmin edilməsi tapşırılıb.
“Gecə Azərbaycandan dərmanlar olan təyyarə gözləyirik”,-bunu Ukrayna dövlət başçısı deyib.
Rusiyanın Avropa Şurasındakı təmsilçilik hüququ dayandırıldı
Avropa Şurası Nazirlər Komitəsi qərarı açıqlayıb
Avropa Şurası Nazirlər Komitəsi bəyan edib ki, Ukraynaya qarşı hərbi əməliyyatlar həyata keçirən Rusiya şurada təmsilçilik hüququnu dayandırıb.
Bir gün öncə keçirilən səsvermədə Avropa Şurasının 47 üzvündən 42-si Rusiyanın üzvlüyünün dayandırılmasının lehinə səs verib. Rusiya və Ermənistanın əleyhinə səs verdiyi, Serbiya və Azərbaycanın isə səsvermədə iştirak etmədiyi bildirilir.
Türkiyənin bitərəf qalmasının səbəbinə gəlincə, ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-nin canlı yayımında bu sözləri deyib:
“Biz də bütün platformalarda öz bəyanatlarımızı veririk. Bu qurumların qəbul etdiyi qərarlarda isə… Fərqli qərarlar qəbul edilib. Təbii ki, bəzilərindən çəkindik. Məsələ burasındadır ki, biz dialoqun pozulmasını istəmirik, Türkiyə Strasburqda alınan qərardan bitərəf qalıb. Nə olursa- olsun, biz bütün şəraitdə dialoqun tərəfdarıyıq”.
Yerli media isə bunu Türkiyə ilə bağlı səsvermədə Rusiyanın bitərəf qalması ilə əlaqələndiriblər.
Belə ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarına baxmayaraq, türk iş adamı Osman Kavala azadlığa buraxılmır. Bu səbəbdən ötən ilin dekabrında AŞPA-da Türkiyə ilə bağlı pozuntu prosesinin başlanması ilə bağlı keçirilən səsvermədə Rusiya Türkiyənin lehinə bitərəf qalıb.
Azərbaycanlı deputatdan Ukraynaya dəstək
Millət vəkili, ReAL Partiyasının parlamentdəki təmsilçisi Erkin Qədirli Rusiyanın Ukraynaya hərbi hücumu ilə bağlı Ukraynanın Azərbaycan Respublikasındakı səfirinə dəstək məktubu göndərib. Məktubda deyilir:
“Rusiyanın Ukraynaya təcavüzünü dərin narahatlıqla izləyirəm. Ukraynanın ərazi bütövlüyünün Rusiya tərəfindən pozulduğu şübhə doğurmur. Uzun müddət təcavüzdən və işğaldan əziyyət çəkmiş Azərbaycanın Ukraynanı çox yaxşı anladığını və onu dəstəklədiyini bilməyinizi istəyirəm”.
Erkin Qədirli vurğulayıb ki, Avropa Şurası Parlamennt Assambleyasının bir üzvü kimi Ukraynanın haqlı mövqeyini müdafiə edir:
“Azərbaycan hər zaman beynəlxalq hüquqa üstünlük verib, ərazi bötüvlüyü pozulmuş dövlətin yanında olub”.
Kiyev son günlərin ən qaranlıq gecələrindən birini geridə qoyub. Şəhərdə xeyli sayda mülki obyekt vurulub. Yollarda mərmi yağışına düşənlər də az deyil. Hücuma məruz qalan binalarda axtarış-xilasetmə əməliyyatları aparılır. Sığınacağa yerləşmiş sakinlər humanitar yardımlar gözləyir. Zelenski xalqa müraciətində deyib ki, o, təslim olmaq haqqında düşünmür.