Müharibədən sonra Ermənistan “Dağlıq Qarabağ”a ayırdığı büdcəni artırıb

Ermənistan ordusu, Mənbə: Reuters

Bəs indiyə qədər “Dağlıq Qarabağ“ın büdcəsi, insanların aylıq gəliri nə qədər olub?

Azərbaycan hökumətinin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı planında erməni dilinin istifadəsindən tutmuş, kənd təsərrüfatı ilə məşğul olanlara subsidiyalar, bəzi vergilərdən azad edilmələr nəzərdə tutulub. Tezliklə sosial-iqtisadi paketin açıqlanacağı bildirilib.

Bəs indiyə qədər “Dağlıq Qarabağ“ın büdcəsi, insanların aylıq gəliri nə qədər olub?

Son bir neçə ilin statistikasına əsasən, 2019-cu ildə Dağlıq Qarabağın büdcəsi 117,9 milyard dram (496 milyon manat) olub.

Bunun 57,8 milyard dramı (245 milyon manat) Ermənistan tərəfindən təmin edilib.

2020-ci ildə Dağlıq Qarabağın büdcəsi əvvəlki ilə nəzərən 9,5 faiz və ya 11.1 milyard dram (46 milyon manat) artıb – 129 milyard dram (543 milyon manat) olub. Məbləğin 58 milyard dramını (245 milyon manat) Ermənistan verib.

Növbəti 2021-ci ildə Dağlıq Qarabağın büdcəsi daha 45 milyard dram (17 milyon manat) artaraq, 174 milyard dram (733 milyon manat) olub. Bu, öncəki ilə nəzərən 26 faizlik artımdır və məbləğin 128 milyard dramı (540 milyon manat) Ermənistan tərəfindən verilib.

Ermənistanın 2021-ci ildə Dağlıq Qarabağa ayırdığı büdcə öncəki ildən 70 milyard dram (295 milyon manat) çoxdur və ümumi büdcənin 73 faizidir.

2022-2023-cü illərin hər birində Ermənistan Dağlıq Qarabağa yardımı daha 16 milyard dram artıraraq – 144 milyard dram (606.5 milyon manat) edib.

Görünən odur ki, 2020-ci ildə gerçəkləşən İkinci Qarabağ müharibəsindən sonra Ermənistan Dağlıq Qarabağa ayırmaları ilbəil artırıb.

Azərbaycan bu il 19-20 sentyabrda ərazidə hərbi əməliyyat keçirib və nəzarəti tam bərpa edib. Bundan sonra tanınmayan “Dağlıq Qarabağ Respublikası” (“Artsax”) özünü buraxdığını elan edib. Daha sonra ərazidən ermənilərin kütləvi köçü başlayıb.

Azərbaycan tərəf açıqlamalarında dəfələrlə Qarabağın erməni əhalisinin reinteqrasiya prosesini qəbul edib, evlərində yaşaya biləcəyini açıqlayıb.

Ermənistan tərəf isə bildirib ki, artıq 100 mindən artıq erməni ərazini tərk edib. Qarşı tərəf bunu “etnik təmizləmə” adlandırıb. Ancaq beynəlxalq qurumlar baş verənləri “etnik təmizləmə” adlandırmaqdan çəkindiklərini deyiblər.

Daha sonra Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı plan açıqlayıb.
Azadlıq Radiosu tanınmamış qurumun “Statistika Komitəsi”nə istinadən yazıb ki, 2022-ci ilin ilk 6 ayında Dağlıq Qarabağda orta aylıq əməkhaqqı 248 min 726 dram (903 manat) olub.

Həmin dövr üzrə Dağlıq Qarabağda tanınmamış qurumun orqanlarında çalışan şəxslərin orta aylıq maaşı təxminən 978 manat olub.

Xankəndi (Stepanakert) şəhərində orta aylıq əməkhaqqı digər yerlərə nəzərən daha çox olub – təxminən 1060 manat.

Ağdərədə özəl sektorda çalışanların orta aylıq əmək haqları isə təxminən 1188 manat olub.

Ana səhifəXəbərlərMüharibədən sonra Ermənistan “Dağlıq Qarabağ”a ayırdığı büdcəni artırıb