Umud Mirzəyev

Mənbə: report.az

Başlıq: Umud Mirzəyev

“Müharibədən sonra 20 nəfər mina partlayışında həyatını itirib”

Daha 85 nəfərin ağır yaralandığı bildirilir

“Ötən ilin 10 noyabr sazişindən sonra 9-u mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həyatını itirib”.

Bu barədə BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib.

“Report”un məlumatına görə, U.Mirzəyev söyləyib ki, -mina partlaması nəticəsində 8 nəfər mülki şəxs olmaqla, daha 85 vətəndaş ağır yaralanıb:

"Mina qurbanı olan 20 insanın həyatı xilas edilə bilərdi. İnsan həyatına bais olan Ermənistanın basdırdığı minalar müharibə cinayətidir”.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Həmin il Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını elan edib.

1992-1993-cü illərdə silahlı qarşıdurma zamanı Azərbaycan Dağlıq Qarabağ və ona birləşən yeddi rayon üzərində nəzarəti itirib.

1992-ci ildən üç həmsədrin – Rusiya, ABŞ və Fransanın rəhbərliyi ilə ATƏT-in Minsk qrupu çərçivəsində münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparılır.

Azərbaycan öz ərazi bütövlüyünün qorunub saxlanmasını israr edib, Ermənistan isə qondarma respublikanın maraqlarını dəstəkləyib.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunları arasında növbəti hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb. Bundan başqa, bölgəyə rusiyalı sülhməramlılar yerləşdirilib.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilib.

Görüşdən sonra dövlət başçılarının imzaladığı bəyanat yayılıb.

Bildirilib ki, üç ölkənin baş nazir müavinləri tərəfindən həmsədr olduğu üçtərəfli İşçi Qrupunun yaradılacaq. İşçi qrupu ilk iclasını 30 yanvar 2021-ci il tarixinədək keçirəcək və nəticəsinə əsasən əsas iş sahələrinin siyahısını təşkil edəcək, dəmir yolu və avtomobil kommunikasiyalarını prioritet kimi müəyyənləşdirəcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/etbiry

Ən çox baxılan