Vaqif Vəliyev 1992-ci ildə 3 ay Xocalı batalyonunda döyüşüb. Xocalı faciəsi zamanı, o, veteranlıq sənədini itirib. Vaqif Vəliyev sənədlərinin yenidən düzəldilməsi üçün Müdafiə Nazirliyinə müraciət etsə də, onun adının qeydiyyatda olmadığını bildiriblər. “Sovet müəllimə ərizə yazdım. O bir ildir ki, Şahmar müəllimə ərizəni göndərəcəm deyir, lakin göndərmir. Elə deyirlər gözlə, axı mən nə qədər gözləyim? Sənədlərimi vermirlər. Mən veteranam axı niyə vermirlər?”
Vəliyev deyir ki, ona veteranlıq sənədi hava-su kimi lazımdır. O, imkansızlıqdan həyat yoldaşını və oğlunu müalicə etdirə bilmədiyindən 2004-cü ildə hər ikisini itirib. Onun qızı ikinci qrup əlildir. Vəliyev onun üçün yazılan dərmanları da imkansızlıqdan ala bilmir. Ailə Prezident yanında İdarəetmə Akademiyasının bir nömrəli yataqxanasına sığınıb.
“Həyat yoldaşımın qışda vəziyyəti pis idi. Kağızlarını götürüb nazirliyə, Milli Məclisə kimi getdim. Bir nəfər belə maraqlanmadı” Vəliyevin ikinci həyat yoldaşı Xuraman Vəliyeva deyir.
Müdafiə Nazirliyi problemlə bağlı nə zənglərimizə, nə də yazılı sorğumuza cavab verməyib.
Vaqif Vəliyev isə deyir ki, “veteran kartımı alsam, 30-40 manatla heç olmasa çörək almağa pulum olar”.