Müharibə oyunu

Gənclərin sorğu- sualsız yoldan tutulub hərbiyə aparılması əhali arasında müharibə qorxusu yaradıb

Source:


Gənclərin sorğu- sualsız yoldan tutulub hərbiyə aparılması əhali arasında müharibə qorxusu yaradıb



“Atışma həmişə olur. Biz güllə səsinə yatıb, güllə səsinə də oyanırıq. Amma bu qədər intensivləşmə ara-sıra olur. Sentyabrın 27-dən etibarən dayanmadan atırlar. Gündüz də bayıra çıxmağa qorxuruq. Əvvəl daha çox posta atırdılar, indi adamları, evləri nişan alırlar. İstəyirlər qoyaq qaçaq. Qorxuruq, amma heç yerə gedən deyilik. Nə gedəcək yerimiz var, nə də ev-eşiyimizi atıb gedərik”.

Bu sözləri Tovuz rayonunun ermənilərlə 300 metlik sərhəddində olan Koxanəbi kənd sakini Məhəmməd Abbasov deyir.

Tovuzun digər sərhəd kəndi olan Əlibəylinin sakini Nuriyyə Nurullayeva isə deyir ki, atışma çox olduğundan ötən həftə uşaqları məktəbə yollamayıblar:  “Hara göndərim ay bala? Başını qaldıran kimi atırlar. Körpə uşaqlardı. Azmı yaralanan olub bu məktəb yollarında? Uşaq demirlər, böyü demirlər, atırlar. Biz keçən həftə bulağa gedib su da gətirə bilməmişik”.

Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin sözlərinə görə, bu kənd belə atışmaları çox görüb: “Oktyabrın 4-dən etibarən sakitlikdir”.

Sentyabrın ilk günlərində isə bir çox yerdə, xüsusən də Gəncə şəhərindən müharibədən qayıtmış gəncləri sorğu-sual etmədən yenidən hərbiyə qeydiyyata salıblar. Onlara ehtiyat əsgər kimi nəzərdə saxlanılacaqları deyilib. Bəzilərinə 5 gündən sonra evlərinə qaytımalarına icazə verilib.

Sentyabrın 27- 28-i tarixlərində atəşkəsin pozulması nəticəsində Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu – Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub.


Xəzər Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Sümərinli deyir ki, cəbhədə baş verənlərin arxasında siyasi maraqlar durur: “Müşahidə olunan vəziyyət ondan ibarətdir ki, Ermənistan Rusiyanın hərbi-iqtisadi dəstəyi ilə Azərbaycan torpaqlarını işğal altında saxlamağa davam edir. Bu, bir oyun halına keçib və siyasi maraqlar çərçivəsində istədikləri zaman atəşkəs rejimini pozurlar və Azərbaycan da “əks cavab” tədbirləri etdiyini bəyan edir. Burda maraqlı olan odur ki, Azərbaycan tərəfi atəşkəsi pozduğu zaman Rusiya Ermənistanın hərbi müttəfiqi kimi dərhal bəyənat verməli olduğu halda səsi çıxmır. Belə çıxır ki, münaqişə tərəfləri zaman-zaman Rusiyanın drijorluğu altında “müharibə teatrı”oynayırlar”.

Cəsur Sümərinli deyir ki, bu teatr onlara hakimiyyətlərini uzatmaq, daxildən və xaricdən gələn təzyiqləri neytrallaşdırmaq üçün əlverişlidir.

“Budəfəki gərginlik ona görə daha çox diqqət çəkir ki, bu hadisələr Azərbaycanın Qərblə münasibətlərinin pozulması fonunda baş verir.

Bu isə təhlükəlidir və Azərbaycanı sürətlə Rusiyanın əsarətinə aparır”.

Cəsur Sümərinli deyir ki, araşdırmalara əsasən bu il cəbhə xəttində olan itkilərin sayı  50 nəfəri keçib.

Politoloq Ərəstun Oruclunun fikrincə də hərbidəki qarışıqlığın arxasında Rusiya dayanır: “Bu hadisələrin intensivləşməsinin səbəbi Azərbaycan, Rusiya, eləcə də Ermənistan mətbuatında gedən Rusiyanın Azərbaycanda hərbi bazalarını yerləşdirmə istəyi ilə bağlı xəbərlərdir. Bu xəbər Pentaqon rəhbərliyi tərəfindən təkzib edildikdən sonra ara sakitləşib. Lakin münaqişənin həllindən danışmaq real deyil. Çünki bu məsələdə Rusiya ilə Amerikanın maraqları üst-üstə düşmür. Və belə ziddiyyətlər olduğu halda sülh danışıqları real görünmür. Əksinə Rusiya tərəflər arasında münaqişənin sürətlənməsində maraqlıdır”.

Ana səhifəXəbərlərMüharibə oyunu