Müharibə iştirakçısı: Qəlpələr məni öldürməyibsə, təqsirkaram?

”Bu torpaq uğrunda qan axıdanlar qalıb, müharibədə vuruşmayanlar firavan yaşayırlar”

Source:
Nicat Tamazov
Nicat Tamazov


”Bu torpaq uğrunda qan axıdanlar qalıb, müharibədə vuruşmayanlar firavan yaşayırlar”

“Bayrağını qolunda sarğı elə, müharibədə vuruş, amma qədir-qiymətin bilinməsin. Vətən uğrunda yarımcan ol, sonra da yuyulmuş əski kimi atıl kənara… Gördüyüm haqsızlıq mənə çox pis təsir edir”.

Bu sözləri Meydan TV-yə Qax rayonu, Zəyəm kənd sakini 1974-cü il təvəllüdlü Nicat Haqverdi oğlu Tamazov deyir. Söyləyir ki, 1992-ci ildə Qax Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılıb. 1993-cü ilin iyulun 6-da Ağdamın Xıdırlı kəndində gedən döyüşlər zamanı yaralanıb. 251 saylı hərbi hissədə müayinə və müalicə olunub.

“Qrad mərmisi məndən təxminən 5-10 metr kənara düşdü, partladı. Qəlpələr qoluma, başıma, bədənimə doldu. Hər iki bazunun yumşaq toxumaları, bədənin çoxsaylı qəlpə yaralanması ilə müalicə olunmuşam. Kontuziyam var, aldığım xəsarət nəticəsində orqanizmim ümumi olaraq zəifləyib. Heç bir fiziki işlə məşğul ola bilmirəm. Qəlpələri də bədənimdən çıxarmaq olmaz, həkimlər deyir ki, ölüm təhlükəsi yarana bilər. İstəyim odur ki, canımı vətən yolunda qoyduğum dövlətim mənə əlillik dərəcəsi versin, ailəmi dolandır bilim”, – Nicat Tahmazov belə deyir.

Bildirir ki, əlində xəsarət alması ilə bağlı tibbi-rəy var. Amma əlillik vəziyyətinin müəyyən olunmasına görə dəfələrlə səlahiyyətli orqanlara etdiyi müraciətləri nəticəsiz qalıb:

“Sənəddə göstərilib ki, həqiqətən də Azərabaycanın müdafiəsi zamanı hərbi travma almışam. 2012-ci ildə Qax Rayonu üzrə Tibbi-Sosial Ekspert Kommisiyasına müraciət etdim. Sənədlərimə baxıb, dedilər ki, sənə əlillik düşmür, amma 3 min manat gətir, məsələni həll edək. Ondan sonra ruhdan düşdüm, bir daha maraqlanmadım bu işlə. Amma getdikcə, səhhətim daha da pisləşir. Müalicə oluna bilmirəm. Özümdən asılı deyil, səhhətim ağırlaşdıqca, daha aqressiv və əsəbi oluram. Uşaqlar evdə oynayır, əsəbləşirəm. Bu da mənim özümdən asılı olan bir şey deyil. Mən evdə olanda hamı sakit dayanır ki, bircə əsəbləşməyim. Ailə durmum çox ağırdır. Evdə işləyən yoxdur. Anamla-atamın təqaüdü ilə dolanırıq. Anam şəkər xəstəsidir, təqaüdü ilə bilmir bizi dolandırsın, ya iynə-dərmanını alsın. Ayağı 2-3 dəfə qanqren edib. Dolanışıq çox çətindir, həyat yoldaşım da işləmir”.

“Bu torpaq uğrunda qan axıdanlar, canından keçənlər kənarda qalıb, lakin müharibədə vuruşmayanlar hazırda firavan yaşayırlar. Mənim də haqqımdır, bu ölkənin vətəndaşıyam. Bu torpağı müdafiə etmişəm, ölümdən qayıtmışam. Ölüm ani bir şeydir. Qəlpələr məni öldürməyibsə, təqsirkaram? Gərək ki, daha ağır yaralanaydım, yaxud da həyatımı itirəydim?”, – şikayətçi deyir.

Nicat Tamazovun həyat yoldaşı İlhamə Tamazova isə hətta gündəlik xərclərini belə, qarşılamağa imkanlarının olmadığını söyləyir:

“Uşaqlarım xəstələnəndə, problem yarananda 5 manat pulum olmur ki, həkimə aparım, dərdinə çarə edim. Yaxud pulumu götürüm, gedim, aptekdən uşağıma nəsə bir dərman alım. Özümün də ayaqlarımda varikoz genişlənmə var, əməliyyata pul tapmıram. Tutulur, bəzən evdə belə işləyə bilmirəm. Hamısı pulsuzluğun, imkansızlığın nəticəsidir. Uşaqların əyni-başı, məktəbi var. Tələbat çoxdur. Çox xahiş edirik ki, hökumət yoldaşıma əlillik dərəcəsi versin, heç olmasa həmin pulla yaşayaq, ölməyək”.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) haqqında əsasnaməyə edilmiş dəyişikliklərə əsasən, vətəndaşların onlara əlillik dərəcələrinin təyin edilməsi məqsədilə TSEK-lərə müvafiq sənədlərlə müraciət etmələri, TSEK-də müayinə olunmaqla əlilliyin qiymətləndirilməsi proseduru ləğv olunub.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Əlillərin sosial müdafiəsi siyasəti şöbəsindən Meydan TV-yə bildirilib ki, artıq prosedur elektron qaydadadır:

“Nicat Tahmazov əlillik dərəcəsi almaq üçün təkrar olaraq, qeydiyyatda olduğu poliklinikaya yaxınlaşmalıdır. Onun göndərişi (forma 88) baş həkim tərəfindən doldurulumalı və sistemə vurulmalıdır. Bundan sonra göndəriş Səhiyyə Nazirliyindən elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq elektron sisteminə ötürülür. Həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında şəxsin əlilliyi qiymətləndirilir və əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir. Həmçini əlillik qrupunun təyin edilib-edilməməsinə dair qərar barədə məlumat, eləcə də, əlillik təyin olunmasından imtina olarsa, səbəbi də vətəndaşın elektron ünvanına və ya telefonla mesaj vasitəsilə çatdırılır. Yəni bu proses tam şəffaf şəkildə həyata keçirilir. Əgər həmin şəxs poliklinkada olarkən, “sizə əlillik dərəcəsi düşmür, filan miqdarda pul gətirin”,- desələr, mütləq Səhiyyə Nazirliyinə müraciət edib, şikayətini bildirməlidir”.

Ana səhifəBölgəMüharibə iştirakçısı: Qəlpələr məni öldürməyibsə, təqsirkaram?