Müharibə iştirakçısı icra hakimiyyəti və bələdiyyədən narazıdır

Əsgər. Mənbə: Shutterstock – Denis Andricic

Rey Kərimoğlu: “İcra hakimiyyətləri yaxşı yerləri satırlar, şəhid ailəsinə, qaziyə ucqar bir ərazi göstərirlər”

İkinci Qarabağ müharibəsi iştirakçısı narazıdır.

Ağcabədinin Rəncbərlər kənd sakini Nurlan Bayram oğlu Həsənov Meydan TV-yə deyir ki, Füzuli, Cəbrayıl, Zəngilan Qubadlı Xocavənd, Laçın, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.

O, hərbi əməliyyatlar başlayanda könüllü olaraq orduya yazıldığını deyir:

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon Şöbəsinə müraciət etdim. Hətta bir sıra medallarla təltif olunmuşam. Müharibədən sonra həyətyanı torpaq sahəsinin verilməsi üçün yerli icra hakimiyyətinə və kəndin bələdiyyəsi Zahir Bayramova müraciət etmişəm. Lakin mənə kömək etmirlər”.

Birinci və İkinci Qarabağ əlilləri, şəhid ailələri, həmçinin onlara bərabər şəxslərin mənzil və ya avtomobillə təmin olunması “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Qanunla tənzimlənir.

Nurlan Həsənov isə hər hansı dəstək ala bilmədiyini qeyd edir.

Rəncbərlər kəndinin bələdiyyə sədri Zahir Bayramov Meydan TV-yə bildirib ki, Nurlan Həsənovun istifadəsində torpaq sahəsi var:

Rayonda tikinti üçün ayrılan torpaqların 30 faizini Birinci Qarabağ müharibəsi zamanı məcburi köçkünlər tutublar. Həmin ərazilərdəki insanlar öz yurd-yuvalarına qayıtmadığı müddətcə əraziyə müdaxilə edə bilmirik. İkincisi, Nurlan Həsənov, şükür Allaha, müharibədə yaralanmayıb, evinə sağ-salamat gəlib. Amma icra hakimiyyətindən torpaq istəyir. Üstəlik, onlara məxsus evin həyətyanı sahəsi 50 sotdur”.

Rey Kərimoğlu. Foto: “adalet.az”

“Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Meydan TV-yə deyir ki, normativ akta əsasən, müraciət edənin yaşadığı mənzilə baxış keçirilir və daha sonra ona ev verilməsi ilə əlaqədar müsbət və ya mənfi qərar verilir:

Bəzən elə başa düşürlər ki, ucdantutma bütün şəhid ailələrinə, Qarabağ əlillərinə ev verilir. Bu, belə deyil. Müəyyən qaydalar var. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qeydiyyatda olduğu rayon üzrə icra hakimiyyəti tərəfindən müəyyənləşdirilir. Müraciət edən şəxsin yaşadığı mənzilin kvadratı azdırsa, onu mənzil növbəsinə götürürlər. Bundan sonra müraciət edən adam mənzil şəraitinin yaxşılaşdırılması statusunu alır. Bundan sonra qeydiyyatda olduğu rayon üzrə icra hakimiyyəti onu mənzil növbəsinə götürür. Sənədləri mənzil növbəsinə götürülməsi məqsədilə elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir”.

Rey Kərimoğlu həmçinin qeyd edir ki, rayonlardakı icra hakimiyyətlərindən narazılıqlar çoxdur:

Bəzən görürsən ki, rayon icra hakimiyyətləri torpaq ayırmır. Yaxud da torpağı yaşayış üçün uyğun olmayan ərazidə ayırır. Şəhid ailəsi də narazılıq edir ki, mən orada torpaq istəmirəm. Rayon icra hakimiyyətləri yaxşı yerləri satırlar. Şəhid ailəsinə, qaziyə gələndə rayonun ucqar bir yerində ərazi göstərirlər, bu da narazılığa səbəb olur”.

ƏƏSMN-nin 2022-ci ilə olan statistikasına görə ötən il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 13200 mənzil və fərdi ev verilib.

Ana səhifəBölgəMüharibə iştirakçısı icra hakimiyyəti və bələdiyyədən narazıdır