Rusiya həbsxanalarında 200-dən çox ukraynalı əsirin öldüyü bildirilir

illüstrasiya: Meydan.TV

İnsan haqları təşkilatları əsirlərin Rusiya həbsxanalarında işgəncələr altında öldüyü qənaətinə gəlib

2022-ci ildən bəri Rusiya həbsxanalarında 200-dən çox ukraynalı əsirin öldüyü bildirilir.

Bu barədə “Associated Press” (AP) Ukrayna hökumətinə istinadən məlumat verir.

Qeyd olunur ki, insan haqları təşkilatları, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Ukrayna hökumətinin rəsmiləri, eləcə də məhkəmə-tibbi ekspertlərinin qənaətinə görə, əsirlər Rusiya həbsxanalarında işgəncələr altında ölüblər.

Ukraynalı rəsmilər bildirirlər ki, deformasiyaya uğramış və çürümüş cəsədlərin tələsik təhvil verilməsi Rusiyanın işgəncə, aclıq və zəif tibbi xidmətlə bağlı iddiaları ört-basdır etməyə çalışdığını göstərir.

Bu halların Rusiya və işğal altındakı Ukrayna ərazilərindəki onlarla həbsxana və saxlanma mərkəzlərində baş verdiyi qeyd edilir.

Əlavə olunur ki, Ukrayna əsirlərlə pis rəftarla bağlı Rusiyanı Beynəlxalq Cinayət Məhkəməsində “müharibə cinayəti”ndə ittiham etməyi planlaşdırır.

Bu iddialar keçmiş hərbi əsirlərin ifadələrinə və repatriasiya olunmuş (vətəninə qaytarılmış) cəsədlərin ekspertizası zamanı toplanmış sübutlara əsaslanır.

Rusiya bu ittihamları cavablandırmasa da, daha əvvəl Ukraynaya qarşı eyni ittihamı irəli sürüb.

BMT-nin 2024-cü il hesabatına görə, azad edilmiş ukraynalı hərbiçilərin 95%-i “sistemli” işgəncə və qəddar rəftara — döyülmə, elektrik cərəyanı, boğulma, cinsi zorakılıq və digər işgəncələrə məruz qalıb.

2025-ci ilin əvvəlində “Amnesty International” təşkilatı Rusiyada ukraynalı əsirlərin məruz qaldığı işgəncələrlə bağlı hesabat yayıb.

Bildirilib ki, ukraynalı əsirlərin saxlanıldığı Rusiya həbsxanalarına hüquq müdafiəçilərinin və tibb işçilərinin girişi qadağandır.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı müharibəyə başlayıb.

Ana səhifəDünyaRusiya həbsxanalarında 200-dən çox ukraynalı əsirin öldüyü bildirilir