“Hafka” villasını boşaltmaqdan imtina edir
Oktyabrın 1-də “Baghlan Group” şirkətinin və “Bakı” futbol klubunun prezidenti, “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsi 63 ünvanında yerləşən və dəyəri 3 milyon dollar qiymətləndirilən villasının qarşısına yenidən məhkəmə icraçıları və polis gəlib.
Bu barədə məlumat yayan Modern.az saytı bildirib ki, evi boşaltmağı vəd etmiş “Hafka” fikrini artıq dəyişib. Hazırda Nərimanov rayon Məhkəməsinin icraçıları polis əməkdaşlarının köməyi ilə villaya keçməyə cəhd edirlər. Villanın içində kifayət qədər böyük sayda mühafizəçilər cəmləşib və qapını açmaqdan imtina edirlər. Məhkəmə icraçıları isə malikanənin boşaldılmasını tələb ediblər.
Bildirildiyinə görə, sentyabrın 30-dan başlanan qalmaqalla bağlı H. Məmmədov məlumatlandırılıb və o, oktyabrın 1-dək vaxt istəyib. Ki, borcu ödəyəcək. Məhkəmə icraçıları bununla bağlı müzakirə apardıqdan sonra qərara alınmışdı ki, evin boşaldılması bu gün saat 12-yə qədər təxirə salınsın.
Məlumata əsasən, H.Məmmədov müsadirə olunan villanı oğluna toy hədiyyəsi kimi bağışlayıbmış. Məhkəmə 300 min manat borcu qaytara bilmədiyinə görə onun əmlakının boşaldılması barədə qərar verib.
Bildirilir ki, Hafiz Məmmədov oğlu üçün yeni aldığı ev bankda digər müştəri tərəfindən girovda olub. Hafiz Məmmədov nə bankın borcunu ödəyib, nə də bankın pulun bağlayıb.
Son məlumata görə, “Hafka”nın evini qoruyan mühafizəçilərlə polis arasında əlbəyaxa dava-dalaş olub. Mühafizəçilər icraçıları və polisi villaya burxmadan qəti imtina edirlər. Hazırda Hafiz Məmmədovun binada olan təmsilçisi onlara vaxt verilməsini istəyir. H.Məmmədovun özünün isə olaya heç bir reraksiyası yoxdur.