Mühacirlərin Siyasi Koordinasiya Mərkəzi Avropa Şurasına çağırış edib

Foto: AŞPA

Azərbaycan mühacirlərinin Siyasi Koordinasiya Mərkəzi (ASİMK) Azərbaycanın Avropa Şurasına üzv olmasının 25-ci ildönümündə bəyanat yayaraq, Azərbaycana qarşı Birgə Əlavə Proseduru (Joint Complementary Procedure) başlatmağa çağırıblar.

Yanvarın 22-də yayımlanan bəyanatda qeyd olunur ki, bu 25 ildə Azərbaycanda demokratik institutlar zəifləyib, müstəqil məhkəmə sistemi məhv edilib, vətəndaş cəmiyyəti, jurnalistlər və müxalifət sistemli təzyiqlərə məruz qalıb.

“2023-cü ilin noyabrından etibarən repressiya daha da güclənib. Müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti də sistemli təzyiqlərə məruz qalıb. Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin saxta ittihamla həbsi ölkədə baş verən hadisələrin kuliminasiya nöqtəsidir. Əliyev administrasiyasının bu addımları təkcə ölkədaxili insan hüquqlarına ciddi zərbə vurmaqla kifayətlənmir, eyni zamanda qaydalara əsaslanan beynəlxalq nizamın prinsiplərinə açıq çağırışdır”, – bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, Azərbaycan hökuməti Avropa Şurası və Avropa Parlamentinə qarşı çıxır, müstəqil medianı məhdudlaşdırır, avtoritar idarəetməni möhkəmləndirir və siyasi rəqiblərə qarşı siyasətini nümayiş etdirir. ASİMK bildirir ki, dərhal addımlar atılmasa, bu, həm Azərbaycanın demokratiya perspektivlərinə, həm də Avropa Şurasının nüfuzuna ciddi zərər verə bilər.

Eyni çağırışla xaricdə yaşayan Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri də Avropa Şurasına müraciət edib.

Azərbaycan 2024-cü ildən Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququndan məhrum edilib. Bunun səbəbi kimi ölkənin insan hüquqları sahəsində öhdəliklərini yerinə yetirməməsi göstərilib. Azərbaycan hakimiyyəti isə bu qərara cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb və həmin müzakirələrdə qərara səs vermiş deputatların ölkəyə girişini məhdudlaşdırıb. Rəsmi şəxslər bəyan ediblər ki, nümayəndə heyətinin mandatı bərpa olunduqdan sonra əməkdaşlığa hazırdırlar.

Prezident İlham Əliyev bu həftə “Euronews” telekanalına müsahibəsində bildirib ki, Azərbaycan uzun illərdir AŞPA və Avropa Parlamenti ilə birbaşa əməkdaşlıq etmir, amma Avropa Komissiyası ilə əlaqələr davam etdirilir.

 Avropa Şurası 2020-ci ildə üzv-dövlətlərin öhdəliklərini kobud şəkildə pozması halında əlavə prosedurların tətbiqini nəzərdə tutan yeni qaydalar qəbul edib. Bu mexanizm ölkələrin prinsip və dəyərlərə əməl etməsini təmin etmək məqsədi daşıyır.

Hüquq müdafiəçiləri Azərbaycanda 340 siyasi məhbusun olduğunu bildirirlər, lakin hakimiyyət bu rəqəmi tanımır.

Ana səhifəSiyasətMühacirlərin Siyasi Koordinasiya Mərkəzi Avropa Şurasına çağırış edib