Mühacirətin dözülməz ağırlığı

Öz ölkələrində normal adam idilər…

Source:

Qriqoriy Çxartişvilinin (Boris Akunin) “Yazıçı və intihar” əsərində yazıçı intiharları yazıçının mənsub olduğu dövrlərə, coğrafiyalara, xalqlara bölünür. Əsərdə mühacirətdə intihar etmiş yazıçılara da xüsusi  diqqət ayrılıb. Bildiyiniz kimi Rusiyada vətəndaş müharibəsi, ikinci dünya savaşı və digər nəhəng miqyaslı hadisələr nəticəsində xeyli yazıçı ev-eşiyindən didərgin düşərək mühacirət etmək məcburiyyətində qalmışdı. Bu da onların həyatlarını dözülməz dərəcədə ağırlaşdırmışdı.

Bir çox yazıçılar baş verən hadisələrə, mühacirətin ağırlığına dözməyərək intihar etmişdilər. Konkret demək olmaz ki, onların intihar etmələrinin başlıca səbəbi mühacirətdə yaşamaqları idi. Lakin mühacirətdə yaşamağın dözülməz ağırlığını bir çox yazıçıların həyatdan könüllü getməsində oynadığı rolu şəksiz nəzərə almalıyıq. Misal gətirməli olsaq, Stefan Sveyqin adını çəkə bilərik. Rusiyada baş vermiş dəhşətli vətəndaş müharibəsi nəticəsində xeyli rus yazıçısı mühacirət etmək məcburiyyətində qalmışdı.

Sonralar mühacirət etmiş yazıçılar mühacirətin ağırlığına dözməyərək və cəlbedici vədlərə aldanaraq geriyə, sovetlərə qayıtdılar. Bununla da, onlar yazıçı üçün ən vacib şərt olan yazıçı azadlığını itirdilər. Qapalı, ideoloji, ədəbiyyatın bütünlüklə dövlətin nəzarətində olduğu ölkədə öz həqiqi yazıçı karyeralarının üstündən xətt çəkməli oldular. Mühacirətdən geri qayıdan yazıçılar yaltaqlıq etməyə, salamat qalmaq üçün donoslar yazmağa, yazıçı dostlarının üzünə durmağa, Stalinin şəxsiyyətinə pərəstiş etməyə, partiyanın tapşırıqlarını yerinə yetirməyə, bir sözlə, öz adlarını hər cürə ləkələməyə məcbur oldular.

Məsələn, Aleksey Tolstoy mühacirətin ağırlığına dözməyərək və cəlbedici vədlərə aldanaraq geriyə qayıtdı. O nə qədər məşhurlaşsa da, əsərləri yüksək tirajla nəşr olunsa da, müxtəlif mükafatlar alsa da geriyə qayıtmaqla yazıçı adının üstündən xətt çəkmiş oldu. Sağ qalmaq ücün öz adını bacardıqca ləkələdi. Elə ləkələdi ki, o ləkələri heç cürə təmizləmək mümkün deyildi.

… İş elə gətirdi ki, bir yerə qonaq getməklə bir yerə sığınmağın fərqini gənc yaşlarımda görüb, bu fərqi erkən hiss etməli oldum. Bir ölkəyə turist kimi getməklə, bir ölkəyə mühacirət etmək tamam başqa-başqa şeylərdir. Zaman-zaman “sən niyə getmirsən, sən nə vaxt gedirsən?” sualını eşidirəm. Bu yazıda həm “sən niyə getmirsən?” sualına cavab vermək, həm də mühacirət haqqında düşüncələrimi paylaşmaq istəyirəm.

Hər şeydən əvvəl bəndeyi-həqiriniz mətbəxə, dada çox bağlı adamdır. Mən dolmasız, plovsuz, dovğasız, pitisiz, xaşsız, kababsız qala bilmirəm. Yeri gəlmişkən, böyük uğurlara imza atmış, bir çox sahələrdə inkişaf etmiş bəzi xalqların zəif mətbəxə malik olmalarının səbəbini doğru-dürüst anlamaqda çətinlik çəkirəm. Məsələn, heç cürə başa düşə bilmirəm ki, nəyə görə isveçrəlilərin, hollandların mətbəxi belə zəifdir. Yəqin ki, bunun səbəbləri var, amma bu səbəblər mənə məlum deyil. Bu barədə məlumatı olanlar varsa, xahiş edirəm, öz məlumatlarını paylaşsınlar.

İki il əvvəl Tiflisdə keçirilən bir tədbirdə iştirak edirdim. Tədbirə qafqaz ölkələrindən Avropaya mühacirət etmiş, artıq yaşadıqları ölkenin pasportunu almış adamlar da dəvət olunmuşdu. Səhər yeməyi zamanı bu adamlardan birini pomidor yeyən gördüm. Bir boşqab doğranmış pomidoru qarşısına qoyub, yeyirdi. Hərçənd yemək üçün çox şey vardı. Növbənöv kolbasalar, sosiskalar, pendirlər, cemlər, soyutma yumurta, qayğanaq, toyuq supu, hətta kartof püresi… Adamın bu qədər yeyəcək şeylərə laqeydlik göstərib, bir boşqab doğranmış pomidoru qarşısına qoyub yeməsi marağıma səbəb oldu. Ona sual verdim:”Orda yeməli nə qədər şey var, pomidor niyə yeyirsən?” Cavab verdi: “Seymur, məni düzgün başa düş, bu pomidor üçün darıxmışam, bir həftədən sonra qayıdacam geriyə, bu pomidoru tapmayacam”.

O vaxtdan bəri mühacirət haqqında nə vaxt söz düşürsə, bu səhnəni xatırlayıram.

Mühacirət, ümumiyyətlə qürbətdə yaşamaq çox ağrılı prosesdir. Düzdü, texnikanın inkişaf etmesi qürbət anlayışının xeyli dəyişməsinə səbəb olubdur. Lakin canlı ünsiyyətin, canlı təmasın yerini hələ ki, heç nə vermədiyini də mütləq qeyd etməliyik. İnsanın dostlarından, tanışlarından, doğmalarından, tutduğu mövqedən, əldə etdiyi tirajdan, diqqətdən mərhum olması, birdən-birə yad bir cəmiyyətə düşməsi, yeni qayda-qanunlarla yaşamağa məcbur qalması asan deyil. Eduard Limonovun (son vaxtlar özünü nə qədər biabır etsə də ) müəllifi olduğu “Bu mənəm – Ediçka” romanında bu proses çox dəqiq və həyati səhnələrə təsvir olunubdur. Əsərdə öz ölkələrində, sovetlərdə iqtisadçı, idman çempionu, yazıçı və “samizdat”la səksən min şeir kitabı satmış şair Amerikada bir süfrə arxasına gəlirlər – indi bu dörd nəfər burada qabyuyan, yükdaşıyan və ofisiant işləyirlər…

Mühacirətə gedən insan birdən-birə dostlarını, mövqeyini, tirajını, vətənində gördüyü diqqəti itirməklə bərabər, həm də birdən-birə tamam başqa qayda-qanunun hökm sürdüyü yerdə, tamam başqa qayda-qanunla yaşayan adamların arasında yaşamalıdır. Ünsiyyətsizlik çox çətindir. Taqor demişkən, vətən təkcə torpaq deyil, vətən həm də insanlardır. Yaş nə qədər çoxdursa, mühacirət daha ağrılı olur. Hərə bu ağrılı prosesi səviyyəsindən, intellektindən aslı olaraq bir cürə keçinir. Məhz bu ağrılı proses nəticəsində xeyli insan ruhi müvazinətini itirdi.

Xeyli adam tanıyıram, ölkədə yaşadıqları vaxtlar normal insanlar idilər. Mühacirətə getdikdən sonra əsəbləri tamam pozuldu. Mühacirətə getdikdən sonra, fikirlərində, düşüncələrində istiqamət duyğusunu itirdilər. Əvvəllər təbliğ etdikləri dəyərlərin əlehdarına çevrildilər. Bəziləri millətçi oldu, bəziləri dinə sığındı, bir çoxları isə getdikleri ölkədə pis cəhətləri axtarıb tapmağı özləri üçün məşğuliyyətə çevirdilər. Mühacirətin ağrılı prosesinə dözməyib, heç nədən bir-biriylə dalaşan, bir-birinə ağır sözlər deyənlər, acığını, hirsini bir-birindən çıxanlar da oldu.

Təəssüf ki, yerli media anlayış göstərmək əvəzinə, bu adamların davasına meydan verərək, bu davaları daha da qızışdırdılar. Ölkə, xaq üçün faydalı ola biləcək adamların əsəblərinin pozulmasını, bir-birinin didməsini, ruhi müvazinətlərinin itirməsini, fikirlərində, düşüncələrində qarışıqlığı görmək mənim üçün çox çətindir.

Əlbəttə, insanın başqa yerdə yaşaması, işləməsi faciə deyil. Faciə ondadır ki, iyirmi birinci əsrdə insanın darıxdığı zaman doğulduğu, boya başa çatdığı yerə gedə, öz doğma vətənində yetişən meyvələdən, tərəvəzlərdən yeyə bilmir. Niyə? Niyə? Niyə?

Ola bilsin ki, mən bu ağrının nə demək olduğunu erkən yaşlarımda daddığımdan, öz “itirilmiş cənnətimi” erkən yaşlarımda qazandığımdan, mühacirətin də nə demək olduğunu əvvəldən hiss etmişəm. Mühacirət haqqında əsərləri, “itirilmiş cənnətin” nə demək olduğunu başqalarından daha çox başa düşmüşəm. Mənim doğulduğum, boya-başa çatdığım ev yoxdur. O ev yer üzündən silinib. Və yəqin ki, o evin bünövrəsinin yerini də görmək mənə qismət olmayacaq. Bu ağrını təzədən yaşamaq istəmirəm. Bu ağrıya bir daha tab gətirəcəyimə əmin deyiləm.

İkincisi, nə gizlədim, gizlətməli bir şey də yoxdur, mən oxuduqlarımla, yazdıqlarımla, mənfi və müsbət, catışan və catışmayan cəhətlərimlə öz ölkəmdə daha çox lazımam. İstənilən Avropa ölkəsində mən heç kiməm, heç kimə də lazım deyiləm. Bunu dəqiq bilirəm. Lazımsızlıq ağır dərddir. Lazımsızlığı bu yaşda həzm etmək, mənim üçün çox çətin olar. Bəli, həyat gözlənilməzliklərlə doludur. Kundera demişkən, bizim həyatımızda məşq yoxdur, birbaşa səhnəyə çıxırıq. Şərait insanı istəklərinə uyğun olmayan addımlar atmağa, təbiətinə uyğun gəlməyən qərarlar verməyə məcbur edir. Heç kim bundan sığortalanmayıb.

İndi ölkədə baş verən proseslərlə əlaqəli olaraq, xeyli adam ölkəni tərk etmək, mühacirətə getmək haqqında düşünür. Böhran dərinləşdikcə mühacirət etmək istəyən adamların sayı da kəskin artacaq. Bu yazını həm də ona görə yazdım ki, mühacirət etmək adamlara asan görünməsin. Qoy onlar hara getdiklərini, nə addım atdıqlarını, qarşıda onları nələr gözlədiklərini yaxşı-yaxşı düşünsünlər.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəMühacirətin dözülməz ağırlığı