“Mühacir alveri” işində təqsirləndirilənlərin məhkəməsi başlayır

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələrilə ittiham verilib.

Foto: Meydan TV


Ramin Hacılının və digərlərini işi hələ yekunlaşmayıb

ABŞ, Kanada, Avropa ölkələrinə köçmək istəyən azərbaycanlılara yardım vəd edib, onlardan pul almaqda, onların həmin dövlətlərdə siyasi sığınacaq ala bilməsi üçün saxta sənədlər hazırlamaqda ittiham olunan şəxslərdən üçünün məhkəməsi başlayır. “Mühacir alveri” kimi tanınan bu cinayət işi üzrə təqsirləndirilənlərdən Nərminə Dadaşova, Əziz Səfərəliyev və Akif Əsədovla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində gedən araşdırmalar yekunlaşıb. Onların işi ümumi cinayət işindən ayrılaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Söhbət “Azərbaycan Avropa Hərəkatı”nın sədri Ramin Hacılının da təqsirləndirilərək həbs olunduğu cinayət işindən gedir. Eyni zamanda, “No Border Travel Agency” MMC-nin də rəhbəri olmuş Ramin Hacılı və digərlərinin haqqında istintaq hələ davam edir.

“HMH Baku Travel” MMC-nin rəhbəri olan Nərminə Dadaşova və şirkətin daha 2 əməkdaşının məhkəməsinin vaxtı və onların işinə baxan hakimlərin kimliyi də məlumdur. Meydan TV-nin əldə etdiyi məlumata görə, bu iş üzrə məhkəmənin hazırlıq iclası oktyabrın 28-də keçiriləcək. Bu işi Mahmud Ağalarovun sədrliyilə, Rahib Salmanov və Siyavuş Hacıyevdən ibarət hakimlər kollegiyası araşdıracaq.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələrilə ittiham verilib.

İstintaqı davam edənlər arasında “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-dən Sərxan Abdullayev, Üzeyir Bağırlı da var.

Ramin Hacılının həyat yoldaşı Aysel Əlizadə onun sifarişlə həbs olunduğunu bildirib.

Təqsirləndirilən şəxslərin bir müddət əvvəl Almaniyadan deportasiya olunaraq Azərbaycana göndərilən vətəndaşların ifadələri əsasında cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir.

Cinayət Məcəlləsinin 178.3.1 maddəsində 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSiyasət“Mühacir alveri” işində təqsirləndirilənlərin məhkəməsi başlayır