Müğənni Lalə Dadaşovanın oğlu məhkəmə zalında həbs olundu

Onun barəsində polis nəzarətinə vermə növündə qətimkan tədbiri seçilmişdi.

Source: MeydanTV


Zaur Mahmudov narkotik satışında ittiham edilirdi

Müğənni Lalə Dadaşovanın oğlu Zaur Mahmudov oktyabrın 6-da məhkəmə zalında həbs olunub. Bu hadisə Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası Zaur Mahmudovun 5 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb. O, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə təqsirli bilinib.

Zaur Mahmudov aylardır ki, başqa bir təqsirləndirilən Habil Əliyevlə birlikdə mühakimə olunurdu. Habil Əliyev həbsdə olsa da, Zaur Mahmudov istintaq və məhkəmə dövründə azadlıqda idi. Onun barəsində polis nəzarətinə vermə növündə qətimkan tədbiri seçilmişdi.

48 yaşlı Zaur Mahmudov hökm oxunandan sonra məhkəmə zalında həbs edilərək, Bakı İstintaq Təcridxanasına göndərilib.

Hökmə əsasən, 1976-cı il təvəllüdlü Habil Əliyevə isə 13 il həbs cəzası verilib.

Lalə Dadaşova Xalq artisti Brilyant Dadaşovanın bacısıdır. Lalə Dadaşovanın bir oğlu da 2015-ci ildə vəfat edib.

Ana səhifəSosialMüğənni Lalə Dadaşovanın oğlu məhkəmə zalında həbs olundu