Müğənni Fədayə Laçının məhkəməsi başladı

Məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilənlər məhkəmə qarşısında

Source:
Fədayə Laçın
Fədayə Laçın


Məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilənlər məhkəmə qarşısında

Ötən il oktyabrın 22-dən 23-nə keçən gecə Lənkərandan məhkəmədən Bakıya qaytarılarkən məhbuslar Əli Ağami və “Qoca” ləqəbli Etibar Məmmədovun qatardan qaçmasıyla bağlı məhkəmə prosesi başlayıb.

Avqustun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu cinayət işilə əlaqədar həbs olunan 13 nəfərin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyilə keçirilən məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onların vəkilləri vəsatətlər qaldırıblar.

Məhkəmə qarşısına çıxarılan 13 nəfər arasında Penitensiar Xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, müğənni Fədayə Laçın, Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev, Tural Poladxanov, qatardan qaçmış dustaq Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalov var.

Anket məlumatları dəqiqləşdirilərkən polkovnik Bəhruz Abdullayev bildirib ki, 1970-ci il təvəllüdlüdür, 16 və 13 yaşlarında iki övladı var.

1983-cü il təvəllüdlü C.Səmədov himayəsində 2 və 1 yaşları olan iki övladı olduğunu söyləyib.

Qatardan qaçmış 1987-ci il təvəllüdlü Əli Ağaminin isə 6 və 5 yaşlarında iki övladı var.

Təqsirləndirilən iki qadından 1992-ci il təvəllüdlü Günay Atakişiyeva subay olduğunu, 42 yaşlı Fədayə Laçın isə 24 yaşında bir oğlu olduğunu deyib.

Təqsirləndirilən şəxslərdən Aqil Nəcəflinin vəkili bu işin istintaqında çoxlu pozuntulara yol verildiyini bildirib. Vəkil müvəkkilinin günahsız olduğunu bildirərək, onun haqqında cinayət işinə xitam verilməsini istəyib.

İttihama görə, A.Nəcəfli təcridxanada saxlanılan “Qoca” ləqəbli Etibar Məmmədovla (qaçan dustaqlardan biri) bir neçə dəfə görüşərək, qaçışı təşkil etmək üçün ondan pul alıb, hadisədən sonra onun Biləcəridən taksiyə minərək getməsinə kömək edib.

A.Nəcəfli isə ifadəsində deyib ki, Etibar Məmmədova onun həyat yoldaşının verdiyi paltarı və 100 manatı çatdırıb.

Təqsirləndirilən Tərlan Zeynalovun vəkili Eynulla Vəliyev müvəkkili haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb.

Vəsatətlərin heç biri təmin olunmayıb. Məhkəmə baxışı avqustun 8-nə təyin edilib.

Penitensiar Xidmətin polkovniki B.Abdullayevə dustaqların qaçmasıyla yanaşı, həm də vəzifə cinayətlərilə bağlı ittiham verilib. O, CM-nin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə) maddələrilə də ittiham olunur.

Dustaqların qaçmasına görə isə təqsirləndirilən şəxslərə CM-nin 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Bu cinayət işi üzrə daha bir nəfər axtarışdadır.

Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Əli Ağami və Etibar Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi.

Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar. 29 yaşlı Əli Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanıldı. Etibar Məmmədov isə on gün sonra əməliyyat nəticəsində öldürüldü.

Noyabrın 14-də Əli Ağami iki nəfərin ölümündə təqsirli bilinərək 19 il azadlıqdan məhrum edildi.

Ana səhifəXəbərlərMüğənni Fədayə Laçının məhkəməsi başladı