Müğənni Fədayə Laçın həbs edilib (yenilənib)

O, qaçan məhbuslara yardım etməkdə şübhəli bilinir

Source:


***


Müğənni Fədayə Laçın oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməklə bağlı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.


APA-nın əldə etdiyi məlumata görə, o, məhkəmədə ifadəsində məhbuslara kömək etmədiyini deyib.


Fədayə Laçın hadisədən bir ay əvvəl Etibarla görüşdüyünü bildirib:


“Mənim etibarımdan sui-istifadə ediblər. Onların qaçmaq niyyəti olduğunu bilməmişəm. Bunların heç birindən xəbərim yoxdur.


Bu hadisə baş verməzdən təxminən bir ay əvvəl Etibarı məhkəmə üçün Lənkarana aparanda qatarda onunla görüşmüşəm. Bakı dəmiryolu vağzalında minib, Biləcəri stansiyasında düşmüşəm. Ancaq qaçış günü baş verənlərin mənimlə heç bir bağlılığı yoxdur”


.


***


O, qaçan məhbuslara yardım etməkdə şübhəli bilinir

Müğənni Fədayə Məmmədova (Fədayə Laçın) oktyabrın 30-da həbs olunub.

Müğənni oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

F.Məmmədova haqda Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məlumatı APA yayıb.

Oktyabrın 23-də Bakı-Astara-Bakı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmamış, hazırda külli miqdarda narkotik maddələrin dövriyyəsində ittiham olunan Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş, bilərəkdən adam öldürməkdə ittiham edilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Oktyabrın 25-də Ədliyyə Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilir ki, xidməti yoxlamanın ilkin nəticələrinə əsasən vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib. Taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar”.

Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib, Penitensiar xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar.

Qaravul rəisi Ceyhun Səmədov, onun köməkçiləri Fuad Hacıyev və Tural Platxanov həbs ediliblər.

Ana səhifəXəbərlərMüğənni Fədayə Laçın həbs edilib (yenilənib)