Müğənni Aygün Bəylərin qardaşı məhkəmə qarşısına çıxarıldı

Abbas Hümmətov əmisi nəvəsini öldürməkdə günahlandırılır

Source:

Aygün Bəylər
Aygün Bəylər


Abbas Hümmətov əmisi nəvəsini öldürməkdə günahlandırılır

İyunun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Aygün Bəylərin qətl törətməkdə təqsirləndirilən qardaşı Abbas Hümmətov və onunla birlikdə ittiham olunan -Elnur Alxasov, Fuad Məmmədzadə, Cavid Alxasov, Ramil Əsirov, Elnur Əsirovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Meydan TV-nin məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. Dövlət ittihamçı ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər Elmir Alxasov və Ramil Əsirov özünü qismən təqsirli bilsə də, digərləri özlərini qəti olaraq təqsirli bilməyib.

İclasda təqsirləndirilən şəxslərdən Elmir Alxasov vəsatət verərək prosesin qapalı keçirilməsini istəyib. O deyib ki, zalda heç kim olmasını istəmirlər. Digər təqsirləndirilən şəxslər də vəsatətin təmin olunmasını istəyiblər.

Zərərçəkmiş Elnur Hümmətovun hüquqi nümayəndəsinin vəkili Bəylər Məmişov isə təqsirləndirilən şəxsin vəsatətin təmin olunmamasını istəyib: “Təqsirləndirilən şəxs nəyə görə qapalı prosesin keçirilməsini istədiyinii izah edə bilmir. Əgər onlar istintaqdakı kimi bir-birinin əleyhinə ifadə verəcəklərsə, o zaman qapalı keçirilə bilər. Lakin indiki halda prosesin qapalı keçirilməsinə heç bir əsas yoxdur”.

Vəsatət təmin edilməyib.

Təqsirləndirilən şəxslərdən Fuad Məmmədzadə prosesdə ifadə verib.

O ifadəsində qeyd edib ki, təqsirləndiriləndən Elmir Alxosovla sinif yoldaşı olub: “Elmirlə məktəbdən sonra bir neçə dəfə görüşmüşük. Mən universiteti bitirdikdən sonra kompüter mütəxəssisi kimi çalışırdım. Elmir bir gün mənə zəng elədi ki, tanışın evini təmir edirlər. Pulları olmadığında təmiri özləri edirlər. Kömək lazım olduğunu dedi. Bildirdim ki, işdən çıxandan sonra gəlib kömək edərəm. 2 gün gedib onlara kömək elədim. Palçıq qarışdırdım, daş daşıdım. Bu uşaqları da orda tanımışam. Evin də Cavidə məxsus olduğu mənə məlum oldu”.

Təqsirləndirilən şəxs deyib ki, hadisə günü Elmir ona zəng edərək yeyib-içməyə çağırıb: “Evin təmiri başa çatmışdı. Elmir zəng elədi ki, sən də təmir zamanı kömək eləməsin, gəl,ye, iç. Dedim, işdən çıxandan gələrəm. Dedilər: “Abbas dalınca gələcək”. Saat 2 idi. İş vaxtım qutardı. İşdən də tez çıxanda maaşım kəsilirdi deyə tam vaxtında çıxdım. Abbas gəldi, onun avtomobili ilə Qalaya gəldik. Evə çatmağımıza 100 metr qalmış Elmiri gördük. Rəngi ağappaq olmuşdu. Səbəbini soruşduq, heç nə demədi. Evə girən zaman otaqda yerdə meyit gördüm. Elnur Hümmətov yerdə uzanmışdı, ağzından köpük və qan gəlirdi. Heç nə soruşa bilmədim, ürəyim bulandı, tualetə getdim. İçəridə Ramil vardı. Mənə dedi: “Sənlik bir şey yoxdu, qohumlar arasında söz -söhbət olub. Sən heç kimə heç nə demə. Desən, səni də, ailəni də öldürərik”. Mən Abbasdan xahiş elədim ki, məni evə aparsın. Biz ordan çıxdıq, məni evə gətirdilər. O gündən bəri heç biri ilə görüşməmişəm, əlaqə saxlamamışam. Ölkədən getmişdim, sonradan geri qayıtdım”.

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs deyib ki, istintaq dövründə bir neçə dəfə ifadə verib: “Birinci dəfə ifadə verməkdən imtina etmişəm. Sonra polisdə bizə təzyiq edildi, ifadəni onlar deyən kimi yazıb qol çəkdirdilər. Orada şəkər tutdum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, heç zaman narkotik maddələrdən istifadə etməyib: “Nə satışı ilə məşğul olmuşam, nə də becərilməsi ilə. Mənim bu uşaqların narkotiklə əlaqəsinin olmasından xəbərim olmayıb. Olsaydı, heç zaman münasibət saxlamazdım”.

Zərərçəkmiş nümayəndəsi Bəylər Məmişovun sualına cavab olaraq Fuad Məmmədzadə bildirib ki, qorxduğundan bu barədə heç kimə məlumat verməyib: “Məni təhdid eləmişdilər. Qorxuduğumdan bu barədə heç kimə heç nə deməmişəm. Ümumiyyətlə, heç kimlə danışmamışam”.

Prokuror bildirib ki, təqsirləndirilən Fuad Məmmədzadənin istintaqa verdiyi ifadələrlə məhkəmədə danışdıqları arasında ziddiyyət var. Dövlət ittihamçısı buna görə onun istintaqa verdiyi ifadələrin elan edilməsini istəyib.

Hakim vəsatəti təmin edib. Onun istintaqa verdiyi ifadələr elan edilib.

Fuad Məmmədzadə istintaqa ifadəsində bildirib ki, internet vasitəsi ilə bir sayta girməklə kod adı “AK-48” adlanan marixuana toxumlarını İngiltərə və Hollandiyadan öz adına sifariş edib. Metronun “28 May” stansiyasının yaxınlığında yerləşən “Kapitalbank”ın filialında toxumun bir paketinə 350 avro ödəyib. Marixuana toxumlarını isə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “AZ 1102″ indeksli poçt şöbəsindən götürüb. İnternetdən öyrəndiyi qaydada toxumları bir gün suda isladıb, hər dibçəyə bir toxum əkib. 25 ədəd dibçəkdə olan narkotik vasitəni sarı işıq verən projektorun altında becərib.

Ramil, onun qardaşı Elnur, Abbas, Cavid və Elnur Hümmətov həmin evdə növbə ilə qalıb, bitkilərə nəzarət ediblər.

Təqsirləndirilən şəxsin istintaqa ifadəsinə görə, may ayının əvvəllərində marixuana əkməkdə şərikləri olan Elnur Hümmətov öz əsgərlik məsələsini həll etmək adı ilə ondan 500 manat borc alıb: “Bundan sonra bir müddət Elnur bizdən gizləndi.

Günlərlə Elnuru tapa bilmədik. Bu səbəbdən onun bizi sata bilməsi şübhəsi yaratdı. Sonradan Elnurun yetişən kimi marixuananı oğurlayacağını, bizi polisə satacağını eşitdim. Buna görə də digər uşaqlara Elnurla ciddi söhbət etməyi təklif etdim”.

Fuad Məmmədzadə ifadəsində həmçinin Elnur Hümmətovu narkotik vasitə əkidikləri evə gətirmələrindən, sonra onu öldürmələrindən danışıb: “Ramil və onun qardaşı Elnur dəsmalı Elnur Hümmətovun boğazına dolayaraq boğdular. Bu zaman Elnurun səsi kəsildi. Onun öldüyünə əmin olduqdan sonra meyiti torbaya qoyduq. Saat 16 radələrində Abbas avtomobillə Cavidi evə gətirdi. Cavid meyiti həyətdə basdırmağımızı təklif etdi. Təxminən gecə saat 12 radələrində quyu qazaraq, meyiti orada basdırdıq, üstünü də betonladıq”.

Fuad Məmmədzadənin sözlərinə görə, Abbas vəd etdiyi kimi becərdikləri maruxuananı 150 kibrit qutusunda qablaşdırıb: “Hər bir qutunu 70 manata satdıq. Əldə edilmiş 15 min manat puldan mənə 2 min manat verildi. Qalan pul isə qrupun digər üzvləri arasında bölüşdürüldü. Həmin puldan Elnur Hümmətovun kreditini də ödəmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, ifadə verən zaman təzyiqi qalxdığından düzgün ifadə verə bilməyib.

Məhkəmə prosesi iyunun 16-da davam edəcək.

İttiham aktına əsasən, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər.

Bu məqsədlə Fuad Məmmədzadə internet vasitəsi ilə Hollandiya və İngiltərədən 350 avro dəyərində marixuana toxumlarını əldə etdikdən sonra 25 ədəd dibçək və torf alaraq Abbas Hümmətovun idarə etdiyi “VAZ-210” markalı avtomobillə Cavid Alxazovun Qala qəsəbəsində yerləşən evinə gətiriblər.

Təxminən iki ay sonra onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməyindən şübhələniblər. Bu məqsədlə son zamanlar onlardan kənar gəzən Elnur Hümmətovu axtarmağa başlaylıblar.

Mayın 21-də onlar Elnur Hümmətovu taparaq narkotik vasitələri əkdikləri evə gətirib orada saxlayıblar. Ertəsi gün Elnurun qaçmağa cəhd etdiyini görən dəstə üzvləri onu öldürmək qərarına gəliblər.

Onlar Elnur Hümmətovu boğaraq öldürüb, sonra quyu qazaraq meyitini orada basdırıblar. Quyunun üstü açılmasını deyə ora beton da töküblər.

Dəstə üzvləri həmin ilin iyul-avqust saylarında yetişdirdikləri 40 kiloqram marixuananı qurudaraq 15 min manata satıblar.

Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib. Hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümmətovun meyitinin qalıqları basdırıldığı yerdən eskumasiya olunub.

Tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.

Ana səhifəXəbərlərMüğənni Aygün Bəylərin qardaşı məhkəmə qarşısına çıxarıldı