Muğanlı sakini: “Çaylar təmizlənmir, daşanda evlərimizi su basır”

Foto: Meydan TV

Bələdiyyə sədri isə deyir ki, sakinlər həyətlərindəki su kanallarını doldurmasaydılar, belə problem yaşamazdılar

“Qarşıdan yaz gəlir. Yaz yağışları başlayacaq. Yenə çay dolacaq, sular küçələrimizə, həyətlərimizdəki zidzəmilərimizə dolacaq. Yenə evdən çölə çıxa bilməyəcəyik. Bu şəraitdə yaşamaqdan bezmişik, aidiyyəti qurumlar isə tədbir görmür”.

Zaqatala rayonu, Muğanlı kəndinin Lökbatan küçəsinin yaxınlığındakı çay tez-tez daşır, nəticədə çayın suyu məhəllələrə, həyətlərə dolur.

Bununla bağlı həmin ərazilərdə yaşayan sakinlər Meydan TV-yə şikayət ediblər.

“Hər il ev təmir etdirirəm”

Kənd sakini Adəm Babayev deyir ki, kəndin ərazisindən iki çay keçir. Ancaq uzun illərdir ki, çayların dibi təmizlənmir:

“Çayların dibi təmizlənmir, zibillə, qumla doludur. Ona görə də yağış yağanda su daşıb məhəllələrə axır. Ötən il evi su basdı, su quruyandan sonra divarlardan nəm çəkilmədi. Məcbur oldum ki, evi təmin etdirim. İndi yenə həmin vəziyyətdir. Məcburam ki, yenə evi təmir edim. Qonşularda da vəziyyət belədir. Qarşıdan yaz gəlir, bu isə o deməkdir ki, çaylar yenə su ilə dolub-daşacaq. Yenə küçələrimiz, həyətlərimiz su ilə dolacaq”.

Foto: Meydan TV

Başqa kənd sakini Elsevər Məmmədov etdikləri müraciətlərin nəticəsiz qalmasından danışır:

“Fövqəladə Hallar Nazirliyinə məktub göndərmişdik. Cavab verdilər ki, bu qurum yalnız təbii fəlakətlər nəticəsində dəymiş ziyanı aradan qaldırır. Bizim başımıza gələnsə təbii fəlakət hesab olunmur. Kənd  icra nümayəndəliyinə, kənd bələdiyyəsinə müraciət etmişik. Söz versələr də, heç bir köməklik etmirlər. Çayın zibillərini bələdiyyə təmizləməlidir, öz işini görsə, başımıza bu işlər də gəlməz”.

“Bu kənddəki hər ailədə xəstə var”

Sakinin dediyinə görə, küçələri su basanda evdən çıxa bilmirlər, böyüklər iş-gücdən, uşaqlar təhsildən kənarda qalır.

Bundan əlavə, kəndlilərin əkin işləri də əldən çıxır:

“7 ilə yaxındır ki, bu gündəyik. Çayın dibi zibillə, kol-kosla dolub, təmizləmirlər. Zirzəmilərimizi su basır, evlərimiz yararsız vəziyyətə düşür. Rütubət, xəstəlik baş qaldırır. Hər ailədə azı iki astma, ağciyər xəstəsi var. Bizə bir gün ağlasınlar. Körpələr xəstə, qocalar xəstə… Bostanla dolanırıq. Bostanlarımızı da su basır, əkin sahələrimiz məhv olur. Nə edəcəyimizi bilmirik”.  

“Büdcəmizdə pul yoxdur, ancaq problemi həll edəcəyik”

Muğanlı kənd bələdiyyəsinin sədri Məhəmməd Abdulov Meydan TV-yə bildirib ki, ötən ilin martında çayın təmizlənməsi üçün su idarəsinə 209 mamat 40 qəpik ödəniş olunub.

Onun sözlərinə görə, idarədə rəhbərlik dəyişib, hazırkı rəhbərlik bələdiyyə tərəfindən pul ödənilmədiyini bildirdiyi üçün işlər də görülməyib.

“Ötən həftə bələdiyyənin hesabat iclası vardı, su idarəsinin nümayəndəsi də iştirak edirdi. Mən ona da bu barədə dedim, ancaq xoşuna gəlmədi. Ümumiyyətlə, bələdiyyələr idarələrdən nəsə tələb edəndə xoşlarına gəlmir. Növbəti həftədə seçkilər olsun, yenə ödəniş edəcəyik ki, problem həll edilsin”, – deyə bələdiyyə sədri bildirib.

Məhəmməd Abdulovun sözlərinə görə, yağış yağanda məhəllələri su basmasının əsas səbəbkarı elə sakinlərdir:

“Bu problem 3-4 ildir ki, var. Orta küçədəki şəxsi həyətlərdən su kanalı keçirdi. Həyət sahibləri o  kanalları doldurublar. Kimisi üstündə ev, kimisi mal damı, kimisi “naves” tikib. Adamların şəxsi mülkiyyəti olduğuna görə heç kimdən tələb edə bilmirik ki, həyətindəki kanala dəymə, bu su kanaldan axıb getməlidir ki, sənin zirzəmini su basmasın. Bir sakin “naves” tikirdi, qohum-əqrəbasından, tanışından kimə əlimiz çatdısa, yanına göndərdik ki, heç olmasa icazə versin, “navesin” qarşısından kanal qazaq, su ordan axıb getsin, razı olmadı. Böyük çaya gəlib baxıblar, 3 kilometr uzunluqda hissəsi qazılmalıdır, təmizlənməlidir, ağır texnikalara ehtiyac var”.

Bələdiyyə sədrinin dediyinə görə, yaxın günlərdə bələdiyyə seçkiləri keçiriləcək və ondan sonra su idarəsinə təkrar ödəniş olacaq ki, ağır texnika gətirib çayın dibini təmizləsinlər:

“Bələdiyyənin büdcəsi boşdur, 90 min manatdan çox alacağımız var, bizim kənddə də pul yığmaq çox çətindir. Aylardır ki, işçilərimiz maaş ala bilmir”.

Ana səhifəBölgəMuğanlı sakini: “Çaylar təmizlənmir, daşanda evlərimizi su basır”