Yadigar Sadıqlı

Mənbə: meydan tv

Başlıq: Yadigar Sadıqlı

Muğan Sovet Respublikası

Əhali qrupları arasında ilk toqquşmalar Muğanın şimalındakı rus kəndlərinə köçəri şahsevən tayfalarının hücumu nəticəsində baş verdi

Cümhuriyyət dövrünün ən qarışıq və indiyə qədər də əsaslı öyrənilməyən hadisələri ölkənin cənubunda - Muğanda və Talışda cərəyan etdi. Ərazidə qısa müddət ərzində gah azərbaycanlıların, gah ağ və ya qırmızı rusların, gah da qarışıq rəngli qüvvələrin hakimiyyəti qurulurdu. Bunlardan daha məşhuru 69 gün mövcud olan Muğan Sovet Respublikası adlı qurum idi. Onun süqutundan sonra bölgə üzərində Cümhuriyyətin nəzarəti bərpa edildi. Bu il həmin hadisələrdən 100 il ötür.

***

Rusiya işğalından sonra əvvəlcə Şamaxı quberniyasının, dəhşətli 1859-cu il zəlzələsindən sonra isə Bakı quberniyasının tərkibində olan Lənkəran qəzası indiki Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarını əhatə edirdi. Əsasən Azərbaycan türklərinin və talışlarının yaşadığı bu ərazilərə 1830-cu illərdən etibarən ruslar köçürüldü. Vel (indiki Lənkəran rayonu), Prişib və Privolnoye (Cəlilabad) kəndləri kimi ilk rus məskənləri belə yaradıldı.

Muğana və Talışa köçürülənlər əsasən molokanlar və subbotniklər kimi dini sektaların nümayəndələri idilər. Rusiyanın özündə sıxışdırılan bu insanlar Azərbaycanda imtiyazlı status qazandılar. Hakimiyyət orqanları məhz onlara güvənirdilər, məskunlaşarkən yerli sakinlərlə müqayisədə daha çox torpaq əldə edirdilər. Rusiya hökumətinin 1899-cu ildə verdiyi qanuna əsasən isə Qafqazdakı azad dövlət torpaqlarını yalnız rus kökənli kəndlilər arasında bölüşdürmək olardı.

Köçürülmə siyasəti XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində də davam etdi. Lənkəranda Alekseyevka, Masallıda Nikolayevka (sovet dövründə Kalinovka), Cəlilabadda Pokrovka, Andreyevka, Biləsuvarda Arxangelovka, Fatyanovski (sonralar Tatyanovka), Konstantinovka və digər yaşayış məntəqələri yarandı. Astarada isə ruslar yeni məntəqələr salmadılar, şəhərin özündə məskunlaşdılar.

Rusiya hakimiyyəti molokan və subbotniklərin Muğanın İranla həmsərhəd ərazilərində yerləşdirilməsinə xüsusi önəm verirdi. Azərbaycanlı neft milyonçularının pambıqçılığa sərmayə qoymaq və bunun üçün Muğan düzündən istifadə etmək planları barədə xəbərlər Tiflisdəki canişinliyə çatanda, oradan Bakı qubernatoruna aşağıdakı məzmunda xəbərdarlıq edildi:

"İranla qonşu olan bu düzün müsəlmanlar tərəfindən məskunlaşdırılması siyasi cəhətdən tamamilə yolverilməzdir və burada ruslar yerləşdirilməlidirlər".

1897-ci il siyahıya alması Lənkəran qəzasında 9728 rusun (ümumi əhalinin 7,5%-i) yaşadığını qeydə alır. Bəhs etdiyimiz hadisələr vaxtı əhalinin tərkibi barədə dəqiq məlumatlar yoxdur. Lakin köçürülmələrin davam etməsi, eləcə də siyasi hadisələrlə (Birinci dünya müharibəsi və Rusiyadakı vətəndaş müharibəsi) əlaqədar olaraq rusların xüsusi çəkisinin 10%-ə yaxınlaşdığını düşünmək olar.

1917-ci il Fevral inqilabından və Oktyabr çevrilişindən sonra baş verən hadisələr Rusiya imperiyasının hər yerində olduğu kimi Lənkəran qəzasında da vəziyyətə əhəmiyyətli təsir göstərdi. Bir tərəfdən ruslar imtiyazlı vəziyyətdən məhrum oldular, digər tərəfdən hakimiyyət vakuumu bölgədə xaos və anarxiya yaratdı.

***

Rus administrasiyasının muğanlılara (köçürülən ruslar rəsmi sənədlərdə bəzən bu adla xüsusi subetnosa ayrılırdılar) imtiyazlı münasibəti müsəlmanlarda onilliklər boyu mənfi emosiyalar formalaşdırırdı. 1917-ci ilin payızından başlayan hakimiyyətsizlik dövründə həmin emosiyaların üzə çıxması çox çəkmədi.

Leninin rəhbərlik etdiyi bolşevik hökumətinin separat sülh bağlayaraq Birinci dünya müharibəsindən çıxması ilə Qafaz cəbhəsi də ləğv edildi. Başsız qalan əsgər kütlələri öz silahlarını yerli əhaliyə satmağa başladı. Dövlət qurumlarının olmadığı halda insanlar öz təhlükəsizlikləri barədə özləri düşünməli olurlar. Privolnoye kəndində polkovnik İlyaşeviçin, Lənkəranda polkovnik fon der Osten-Sakenin silahlı qüvvələri belə yarandı.

Əhali qrupları arasında ilk toqquşmalar Muğanın şimalındakı rus kəndlərinə köçəri şahsevən tayfalarının hücumu nəticəsində baş verdi. Onları çapıb talayan şahsevənlər cənubdakı kəndlərə üz tutdular. Lakin burada polkovnik İlyaşeviçin formalaşdırdığı qüvvələrin güclü müqavimətinə rast gəlib geri çəkildilər. Bundan sonra İlyaşeviç ətrafdakı türk kəndlərinə divan tutdu, halbuki onlar şahsevənlərə görə məsuliyyət daşımırdılar. Hadisələrin Dobrınin soyadlı iştirakçısı sonralar yazırdı:

"Bu dəhşətli, iyrənc, lakin kortəbii hal idi; cinsindən və yaşından asılı olmayaraq bütün canlılar öıdürülürdü. Hamilə qadınların qarnı süngü ilə deşilirdi, uşaqların başı qundaqla dağıdılırdı, bütöv aullar yandırılır və qarət olunurdu. Arabalar bahalı xalçalarla, qazanlarla, balış və döşəklərlə yüklənmişdi". 1918-ci ilin qışı ərzində Muğanda davam edən əməliyyatlar rusların üstünlüyü ilə yekunlaşdı.

Lənkəranın özündə isə bir müddət türklər üstünlük qazandılar. Hacı Zeynalabidin Tağıyevin oğlu Məhəmmədin başçılıq etdiyi azərbaycanlı hərbçilər fon der Osten-Sakenin qüvvələrini tərkisilah etdilər. Lakin bir qədər sonra Məhəmməd Tağıyev faciəli surətdə həlak oldu. Bəziləri bunu silahlı toqquşmada baş verdiyini, digərləri isə mərhumun "rus ruleti"nin qurbanı olduğunu yazırlar.

Tağıyevin Bakıda dəfnində iştirak edən azərbaycanlı hərbçilər Lənkərana qayıtmaq istərkən Bakı sovetinin qüvvələri tərəfindən saxlanılması müsəlmanların narazılığına, hərbi toqquşmalara və Mart qətliamının başlamasına səbəb oldu. Bundan sonra Bakıda olduğu kimi Lənkəranda milli qüvvələrin mövqeyi sarsıldı.

Aprelin ortalarında erməni Qriqori Arustamovun rəhbərlik etdiyi hərbi dəstə Lənkərana gələrək Bakı sovetinin hakimiyyətini bərqərar etdi. Dəstənin tərkibində bolşeviklərlə yanaşı xeyli eserlər və daşnaklar da vardı. Bu zaman Rusiyada bolşeviklərlə ağqvardiyaçılar arasında vətəndaş müharibəsi getməsinə baxmayaraq, Lənkərandakı sovet qoşunları çar polkovniki İlyaşeviçlə isti münasibətlər qurdular. Ona türklərlə döyüşmək üçün kəskin ehtiyac duyduğu güllələr göndərdilər. Lənkəranda Şevkunovun dəstəsi xüsusi özbaşnalıq edir. Mənbələr qadınların başından ipək kəlağayıların açıldığını, qulaqlarından sırğaların çıxarıldığını yazırlar. Özü Prişib kəndindən (indiki Göytəpə şəhəri) olan Şevkunovun dəstəsində Semyon adlı bir Kazan tatarı qəddarlığı ilə məşhur idi. Şevkunovun göstərişilə məhz Semyon Sütəmurdov kəndinin 13 sakinini tikə-tikə doğramışdı. Başqa kəndlərdə də qırğınlar törədilir. Ən çox zərər çəkən kəndlərdən biri Gərmətük olur.

Lənkəranda yerli əhali ilə sovet qüvvələri arasında münasibət o qədər korlanır ki, Bakı soveti Möhsün İsrafilbəyovu (Qədirli) fövqəladə komissar səlahiyyətlərilə Lənkərana göndərir. Onun köməyilə müsəlman əhalinin hüquqlarını müdafiəsi üçün icraiyyə komitəsi yaradılır.

Bakı sovetinin süqutundan sonra Lənkəranda da hakimiyyət dəyişir. Burada "Beşlər diktaturası" yaradıldı ki, onun da rəhbəri İlyaşeviç oldu. Bundan əlavə bu hökumətə bolşevik Saratikov, eser Suxorukov, Sarı adasındakı hidroaviasiya bazasının rəisi Kropotov və siyasi mənsubiyyəti məlum olmayan Şimanov adlı birisi daxil idilər.

Qafqaz İslam Ordusunun Bakını azad etməsi Sentrokaspi hökuməti ilə yanaşı Beşlər diktaturasını da süquta uğratdı. Onun əvəzinə Muğan vilayət idarəsi deyilən qurum yaradıldı. Noyabrda Lənkərana qısa müddət Cümhuriyyət nəzarət etdi, lakin Mudros müqaviləsindən sonra türklərin Azərbaycanı tərk etməsi səbəbindən azsaylı milli ordu qüvvələri daha çox Bakıya nəzarət etməli oldular.

Dekabrda "Azərbaycan" qəzeti Lənkəranda Xəzər sahilyanı hökuməti adlı orqanın yaradıldığını xəbər verir. Yuxarıda adları çəkilən beş diktatorun da daxil olduqları bu hökumətin xaç atası çar polkovniki Lazar Biçeraxov idi və özünü Denikinin hökumətinə tabe sayırdı.

Bu hökumətdə də Beşlər diktaturasında olduğu kimi müxtəlif qüvvələr təmsil olunurdu. Bolşevik Sorokinin rəhbərlik etdiyi 2-ci batalyon Fevral inqilabının ikinci ildönümünü paradla qeyd etdi. Hökumətin rəhbərliyində isə çar polkovniki İlyaşeviç dururdu. Özünü eser adlandıran Şevkunov da öz başkəsənləri ilə yenidən peyda oldu.

***

1919-cu ilin qışın sonlarında Lənkəranda Əlaqə komitəsi kimi qeyri-müəyyən ad daşıyan qurum yaradılır. Jirikov adlı birinin sədrlik etdiyi bu qurum bolşevik yönümlü idi və bölgədə sovet hakimiyyətinin bərpa edilməsinə çalışırdı. Lakin 1918-ci ilin baharında qurulan ilk sovet hökumətinin yerli türk və talış əhalisində buraxdığı acı xatirəni oyatmamaq üçün belə bitərəf ad seçilmişdi.

Azərbaycan hökumətinin tələbilə Biçeraxovun ingilislər tərəfindən ölkədən çıxarılmasından sonra Xəzər sahilyanı hökuməti tənəzzülə yuvarlandı. Onun nə silah və sursat, nə də maliyyə ala biləcəyi yer var idi. Əlaqə komitəsi isə əksinə, Bakıdan və Həştərxandan həm, silah, həm pul, həm də canlı qüvvə cəhətdənxeyli yardım alırdı.

Belə olan halda hakimiyyət yavaş-yavaş Əlaqə komitəsinin əlinə keçməyə başladı. Onlar aprelin 24-də Lənkəranda hakimiyyətə qəti olaraq yiyələndilər. Lakin yenə də bir müddət hansısa sovet hakimiyyətindən bəhs edilmədi.

Bakıdakı bolşeviklərin mayın 1-də təşkil etmək istədikləri ümumşəhər tətili müsəlman fəhlələrin Cümhuriyyət hökumətinə qarşı çıxmaqdan imtina etmələri üzündən baş tutmadı. Belə olduqda, məsuliyyətə cəlb ediləcəklərindən qorxan bolşeviklər Bakını tərk etdilər, onların bir hissəsi də Lənkərana üz tutdu. Həştərxandan da gələnlər oldu.

Xeyli güclənən bolşeviklər mayın 15-də çağırdıqları qurultayda Muğan Sovet Respublikasının yaradıldığını elan etdilər. Sovetin sədri David Çirkin, müavini isə Lənkəranın Girdəni kəndindən olan bolşevik Şirəli Axundov seçildilər. David Çirkinin kim olması, haradan gəlməsi barədə məlumat olduqca məhduddur.

Mayın sonlarında Lənkərana gələn Timofey Otradnev tezliklə MSR-in əsas fiquruna çevrildi. Rusiyanın Orlov quberniyasında anadan olan 31 yaşlı Otradnev fövqəladə səlahiyyətlərlə Lənkərana göndərilmişdi. Rusiya Kommunist (bolşeviklər) Partiyasının Qafqaz diyar komitəsi tərəfindən ona verilən və Anastas Mikoyan tərəfindən imzalanan mandatda deyilirdi:

"Yoldaş Otradnev partiya təşkilatlarının və sovet təsisatlarının vəziyyətini öyrənmək üçün föqvqəladə səlahiyyətlərlə Muğana göndərilir. O, uyğunsuz və ya yetərincə hazırlıqsız şəxsləri dəyişmək, ehtiyac yaranarsa mövcud müəssisələri yenidən təşkil etmək, ləğv etmək və yenidən yaratmaq səlahiyyətlərinə malikdir. Bütün partiya təşkilatları, yoldaşlar və sovet təsisatları ona tam etimad etməli, üzərinə qoyulan tapşırıq və öhdəliklərin yerinə yetirilməsində zəruri yardım göstərməlidirlər".

Otradnev bu səlahiyyətlərindən istifadə edərək xeyli kadr dəyişiklikləri etdi və bu zaman gəlmələrə üstünlük verdi. Elanından 1 ay sonra MSR rəhbərliyi belə idi: sədr Qorlin, siyasi komissar Otradnev, qoşun komandiri Orlov, qərargah rəisi Naumov, hərbi inqilab tribunalının rəisi Lukyanenko, Fövqəladə komissiyanın (Çeka) sədri Blek.

Muğan Sovet Respublikası elan olunana qədər Əlaqə komitəsinin silahlı qüvvələrinin komandanı polkovnik İlyaşeviç idi. Daha sonra onu Orlov əvəz etdi və polkovnik özü isə həbs olundu. Bu hadisə, eləcə də digər köhnə zabitlərin həbsi Muğandakı rusların bir hissəsi ilə MSR-in münasibətlərini korladı. Bu barədə daha sonra bəhs edəcəyik.

Həştərxandan göndərilən və Muğan ruslarının təşkil etdikləri əvvəlki hökumətlərdən fərqli olaraq, yerli vəziyyətə və əhalinin dünyagörüşünə nabələd olan bolşeviklər özlərinin siyasəti ilə həm muğanlılar, həm də talış və türklərlə münasibətləri sürətlə korladılar və tezliklə iki cəbhədə müharibə aparmalı oldular.

İlk konflikt Astarada başladı. Sovet qoşunlarının Hüseyn Ramazan adlı dəstə başçısının düşərgəsinə hücumu nəticəsində onun iki oğlu həlak oldu. Bu oğullardan biri Hüseyn Əlixan adlı başqa bir dəstə başçısının qızı ilə nişanlı idi. Bu iki komandir birləşərək sovet idarəçiliyinə qarşı güclü üsyana başladılar. Onlara qarşı döyüşlərdə iştirak edən sovet əsgərlərinin yerli əhalini talaması sayəsində getdikcə daha çox türk və talışlar üsyanı dəstəkləməyə başladılar.

Muğan Sovet Respublikası rəhbərliyi üsyanı yatırmaqda çətinlik çəkirdi. Onlar Ərçivan və Pensər uğrunda döyüşləri uduzaraq Lənkərana doğru çəkilirlər. Hadisələrin belə gedişi Muğandakı sovet əleyhdarlarını həvəsləndirir. Xoşev muğanlıları Lənkəran üzərinə yürüməyi və "gəlmə fırıldaqçıları" qovmağa çağırır. Onun bu çağırışına əsasən molokanlar reaksiya verdilər. Subbotniklər isə bolşeviklərə daha loyal yanaşırdılar.

İyunun 24-29-da Lənkəranda muğanlı ruslar və sovet qüvvələri arasında döyüşlər getdi. Muğanlılar istəklərinə - sovet hökumətini yıxmağa nail ola bilmədilər və geri çəkilməli oldular. Lakin bolşeviklər də ağır itki verdilər. İyunun 28-də Lənkəran mayakının yanında gedən döyüşlərdə Otradnev həlak oldu. Bundan sonra MSR fiqurları arasında onu əvəz edəcək lider tapılmadı. Bundan əlavə, həm Astara cəbhəsində azərbaycanlılara qarşı, həm də Lənkəranda muğanlılara qarşı aparılan döyüşlər nəticəsində sovetin həm canlı qüvvəsi, həm də silah-sursatı tükəndi. Üstəlik, Cümhuriyyət hökuməti də Muğan və Talış üzərində hakimiyyətini bərpa etmək üçün cənuba qoşun hissələri göndərirdi. Daha əvvəl isə Astaradakı üsyanı dəstəkləmək üçün buraya desant çıxarıldı.

Belə vəziyyətdə bolşeviklər Lənkəranı tərk etmək və Sarı adasına təxliyə qərarı verdilər. İyulun 23 və ya 24-də Muğan Sovet Respublikası süqut etdi. Sarı adasından Rusiyaya getmək istəyənlərin bir hissəsi, o cümlədən onlarla türk və talışın qatili Şevkunov, eləcə də Kropotov, Suxorukov və digərləri ağqvardiyaçılar tərəfindən əsir alınaraq güllələndilər.

Lənkəranda bir çox hökumətlərin tərkibində adı çəkilən bolşevik Saratikov isə buradan sağ qurtula bildi, Rusiyada inqilabi fəaliyyətini davam etdirdi. 1934-1935-ci illərdə Xarkov icraiyyə komitəsinin sədri oldu, 1938-ci ildə isə Stalin repressiyalarına qurban getdi.

***

Bolşeviklərin qaçışından sonra Lənkərana bir müddət Muğan rusları nəzarət etdilər. Həbsxanadan çıxan İlyaşeviç Azərbaycan hökumətinə sülh bağlamağı və Muğan məsələsinin Paris sülh konfransında həll olunmasını təklif etdi. Bu təklifin qəbul olunmaması üzündən ruslar Milli ordu qüvvələrinin üzərinə hücuma keçərək onları geri oturtmağa cəhd etdilər, amma məğlub oldular. Avqustun 11-də keçirilən Ümummuğan qurultayı Cümhuriyyətin hakimiyyətini tanımaq barədə qərar qəbul etdi.

Avqustun 12-də Milli Ordunun ilk hissələri Lənkərana daxil oldular və əhali tərəfindən sevinclə qarşılandılar. Avqustun 13-də isə Cümhuriyyət hökumətinin xüsusi səlahiyyətlərlə göndərdiyi Cavad bəy Məlik-Yeqanov Lənkəran qəzasında fövqəladə vəziyyət elan etdi. Tezliklə Talış və Muğanı əhatə edən Lənkəran general-qubernatorluğu yaradıldı və Cavad bəy qubernator oldu. Muğan kəndlərindəki çoxlu silah-sursatı toplamaq və Cümhuriyyətə qarşı hər hansı çıxışları önləmək üçün polkovnik Həbib bəy Səlimovun rəhbərlik etdiyi dəstə xüsusi reyd keçirdi. Bu reyd nəticəsində xeyli silah-sursat, hətta üç ədəd aviasiya bombası müsadirə olundu. Nəticədə regionda asayiş bərpa olundu və belə vəziyyət 27 aprel işğalına qədər davam etdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lk3x6w

Ən çox baxılan