Sertifikasiya sistemi tətbiq olunacaq
Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiya ləğv edilir.
“APA”
agentliyinin məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinin 66-cı (Attestasiya olunmayan işçilər) maddəsinə yeni bənd əlavə edilir.
Bundan sonra müəllimlərin sertifikasiyası keçiriləcək.
“Təhsil haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərə əsasən, Azərbaycanda dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 ildən bir sertifikasiyadan keçiriləcək və verilən onun hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər olacaq.
Layihədə bildirilir ki, sertifikasiyadan təkrar keçməyən müəllimlərlə əmək münasibətləri Əmək Məcəlləsinə uyğun tənzimlənəcək.
Layihə Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü xatırladıb ki, Azərbaycanda 15 ildən çoxdur müəllimlərin attestasiyası keçirilmir.
“Onun əvəzində 2013-cü ildən sonra diaqnostik qiymətləndirməni edirlər ki, bu da, müəllimlərin peşəkarlıq səviyyəsinin müəyyənləşməsi və artırılmasına xidmət edir”.
Müəllimlərin 5 ildən bir sertifaksiya edilməsinə gəlincə, Məlahət Mürşüdlü deyib ki, Avropa dövlətlərində və qonşu Gürcüstanda sertifikasiya həyata keçirilir.
“Ancaq bunun məqsədi aydın olmalıdır. Həmin ölkələrdə bu müəllimin keyfiyyət səviyyəsinin qiymətləndirilməsi və əməkhaqqının artırılmasına xidmət edir. Bu amil müəllimi motivasiya edəcək, öz üzərində işləməsinə, qiymətləndirməsinə, təlimin keyfiyyətinə bütün qüvvəsini sərf etməsinə təsir göstərir. Ona görə 5 ildən bir sertifikasiya gərəklidir. Azərbaycan bunun tətbiqində gecikib”.