Bir xatirə ilə başlamaq istəyirəm. ABŞ-da ən çox kitabxanalarda müşahidə etdiyim könüllülülər ordusu var idi. Bu insanlar həftənin müxtəlif saatlarında boş vaxtlarında “Public library”-də (Hər kəs üçün açıq xalq kitabxanası) könüllü olaraq müəllimlik edirdilər. Bildikləri sahələr üzrə, məsələn, riyaziyyat, fizika, ingilis dili və s. tələbələrə könüllü köməklik edirdilər. Çoxu yaxşı universitetlərdə müəllim olmuş və ya olan insanlar idilər.
Könüllülükdən həzz alırdılar, niyə edirsiniz deyə soruşanda mənə bir dəfə bu cavabı vermişdi müəllim: “Mən George Washington universitetində müəlliməm, orada illik haqqı ən azı 25 mindən başlayır və sənin kimi insanların orada oxumaq imkanı olmadığını bilirəm, ən azından ordakı təcrübələri sənin kimi gənclərlə bölüşürəm, səni də elə universitetlərdə oxuya biləcəyinə inandırıram, ən azından dərslərinə kömək edirəm, heç nə edə bilməsəm də…”
Belə hadisələr bizə çox ögeydir, BDU-da oxuduğum müddətdə heç dekan müavinlərinə yaxınlaşa bilmirdik, rektor keçəndə dəhlizləri boşaldırdılar, o da qala getsinlər, kənar bir yerdə BDU-da oxuya bilməyən insanlara təcrübələrini danışsınlar.
Bir dəfə yenə bu müəllimlə dərsdə idik. Adətən dərs vaxtı telefonu səssizə qoyurdu, nəsə qismətdən bu dəfə etməmişdi. Telefonu açdı, donduğunu gördüm, qulaq asdı, 3-4 kəlmə deyib telefonu qoydu kənara, rəngi solmuşdu. Dedim müəllim nə oldu? Cavab iliklərimə işləmişdi, 2 ildi hər yadıma düşəndə bədənimdən soyuq tər gedir.
Dedi “40 illik dostum, hansıki kolleci bir yerdə oxumuşuq və indiyə kimi dostluq etmişik. O, başqa ştatda yaşayırdı və 10 dəqiqə əvvəl vəfat edib. Hətda qohumlarından qabaq mənə deyiblər.” Əsas olan bu hissəsi deyildi, mən tez dəftər, kitabımı yığışdırdım ki, “müəllim, siz də tez tərpənin gedin”. Özünü topladı və dedi: “Otur, dərsimizin bitməsinə 35 dəqiqə var və o, Utah universitetində professor idi, inanıram ki, yaşasaydı, səninlə heç cür dərsi yarımçıq qoymağımı istəməzdi.”
Nə görmüşdüm ey, belə könüllülük, müəllimlik, insanlıq. Şok vəziyyətində 35 dəqiqəni başa vurdum, amma müəllim soyuqqanlılıqla dərsə davam etdi. Hər dərsdən sonra insan hüquqlarının aliliyindən, bu haqqlar uğrunda mübarizənin müqəddəsliyindən danışırdı. Hələ də danışırıq, vəfa insanıdı. İnsanların haqqlarına nə olur-olsun, həyatınızda nə əngəl yaranırsa, yaransın, hörmət edilməli olduğunu və insana verilməli olan dəyəri bir hərəkəti ilə mənə başa salan insandı. Bu yaxşılığını unuda bilmərəm. Bəzən bir hərəkətdən çıxardığınız dərsi, onlarla kitabdan çıxara bilmirsiniz.
Bu müraciəti çoxdan etmək istəyirdim, bir az gecikdirdim ki, növbəti seçkilər biraz yaxınlaşsın. Çünki, çox unutqan xalqıq. Bizə edilən hörmətsizlikləri, əxlaqsız münasibətləri 23 ildi unuduruq, qulaq ardı edirik.
Hörmətli Azərbaycan müəllimi, müraciətim sizədir. Siz anlamayıbsınız tutduğunuz vəzifənin aliliyini, müqəddəsliyini? Yoxsa onu da bir qismət çörək üçün boyun ardına vurursunuz?! Əslində, sizə heç bir qismət çörək də vermir axı, nəyə görədir bu hər seçkidə vay-şüvənlik? Kimin uğrunda? Hökumətlər gəldi-gedərdi. Qalıcı olan sizsiniz, sizin daşıdığınız müəllimlik adıdır, o uca zirvəni ayaqlayanlara daban daşı olmayın.
Bir az araşdırsanız görəcəksiniz ki, heç nefti olmayan qonşu Tükiyədə, Gürcüstanda, İranda sizin maaşlarınızdan 10 qat artıq maaş verilir. Siz başa düşün ki, o məmurlar da sizin əlinizin altından çıxıb, uğrunda biabırçı vəziyyətdə seçki qutularına bülleten atdığınız hərkəs sizin dərs dediyiniz partalardan çıxıblar. Siz müqəddəssiniz. İcazə verməyin sizi, sənətinizi tarixə biabırçı hərflərlə yazdırsınlar. Tumanlarının altından bülleten çıxaran müəllimələri görəndə məhv olmuşdum, 2013-cü ildən bəri özümə bəzi sualları verirəm hələ də cavab tapa bilmirəm. Siz müəllimlər və elm avtoritar rejimlər üçün maraqlı deyilsiniz, bunu başa düşün, siz alətsiniz, istifadə edirlər. Heç bu biabırçılıqları 10 faizlik maaş artımı üçün də eləmək olmaz axı?!
Yuxarıda çəkdiyim misal ABŞ-da sadəcə bir xatirə idi. Vicdan və şəxsiyyət pula, dostluğa, bir qismət çörəyə, heç ailə uğrunda da qurban verilə bilməz axı. Seçkilər yaxınlaşır. Hörmətli müəllimlər, yenə kirli planların ilk aləti sizsiniz, icazə verməyin, qoyun, onlar başqa yollarla saxtalaşdırsınlar seçkiləri, onları ifşa etmək, tarixin səhifələrinə keçirmək yazarların, jurnalistlərin, bizim işimizdi, sizin o səhifələrdə yer aldığınızı görmək ağrıvericidir. Alət olmayın, heç nə üçün dəyməz. İstəmirəm Azərbaycanda müəllimlik sənəti adı gələndə ürəklərdən, ağıllardan zülmə, rüşvətə alət olmuş bir sənət növü keçsin.