Müəllimlər ucqar kəndlərdə işləmək istəmir

Əsasən də gənc kadrların ucqar kəndlərdə təhsil vermək istəməməsinin səbəbi odur ki, Təhsil Nazirliyi cəlbedici proqram hazırlamır

Source:
Gədəbəyin Pərizamanlı kəndi
Gədəbəyin Pərizamanlı kəndi

Qərb bölgəsindəki ucqar kəndlərdəki məktəblərdə bir çox fənn üzrə müəllim çatışmazlığı var. Təyinatı həmin kəndlərə olan gənc müəllimlər isə yol xərclərinin verilməməsindən və əmək haqqının az olmasından gileylənirlər.


“Təhsil İdarəsi gərək bir şey fikriləşsin…”

Şura Əliyarova  Gədəbəyin Pərizamanlı kəndində yaşayır. 3 övlad anasının arzusu uşaqlarına yaxşı təhsil verməkdir. Əsasən də qızının ingilis dilini yaxşı öyrənib  Dillər Universitetinə qəbul olmasını istəyir. Ancaq ümidi azdı. Gileylənir ki, yaşadığı kəndin orta məktəbində ingilis dili müəlliməsi yoxdur:

 “Bizim kəndə cəmi 2 dəfə müəllimə gəlib. Ötən il bir gənc müəllimə təyin edilişdi, 3-cü rübdən, yəni ilin sonuna yaxın daha dərsə gəlmədi. Gah müəllim olur, gah yox, uşaq bildiyini də yadından çıxarır. Yollar narahatdır, uzaqdır. Ona görə də kimsə gəlib burda işləmək istəmir. Amma Təhsil İdarəsi gərək bir şey fikriləşsin, uşaqlarımızın təhsilləri yarımçıq qalır”.

Şura Əliyevanın oğlu Cəfər deyir ki, məktəblərində heç coğrafiya fənnini tədris edən müəllim də yoxdur. Digər fənn müəllimlərinin də sayı azdır:

“Coğrafiya müəllimimiz yoxdu. Fizika müəllimi bir nəfərdir. Ona görə dərs bölgüsü həftədə 3 dəfə olsa da, bəzən 1 dəfə keçirik. Proqramı başa vura bilmirik. Axırda müəllim məcbur qalır 3 sinfə bir yerdə dərs deyir”.

Pərizamanlı kənd məktəbinin problemləri bununla bitmir. Söhbətləşdiyimiz şagirdlər gileylənirlər ki, nə laboratoriya otağı var, nə qlobus, nə də normal idman zalları. Ancaq bütün bunların hamısından vacib universiteti bitirmiş gənc pedoqoqların ucqar kəndlərdə yaşayan şagirdlərə təhsil vermək istəklərinin olmamasıdır.

Arxiv foto
Arxiv foto


“Sosial maraq olmasa, heç bir gənc kadr gedib vaxtını yollarda itirməz”

Arzu Abbasova ötən il Gəncə Dövlət Universitetinin dil-ədəbiyyat fakultəsindən məzun olub. Goranboyun Topal Həsənli kəndinə təyin edilib. Amma ucqar kəndlər üçün qanunla nəzərdə tutulmuş yol xərcini ala bilməyib:

“1 il Topal Həsənlidə dərs dedim. Yolu uzaq idi. Hər gün 1 saatdan çox Gəncədən ora yol gedirdim. Dedilər, guya 160 manat maaşdan əlavə pul veriləcək, amma verilmədi. Dedilər, kilometr düz hesablanmayıb, bəhanələr etdilər. Üstəlik maaş azdı. 12 saat dərsə 140 manat maaş alırdım. Ancaq indi Gəncə və ya Şəmkirin yaxın məktəblərində vakansiya olmasını gözləyirəm. Sosial maraq olmasa, heç bir gənc kadr gedib vaxtını yollarda itirməz”.


“Biz Təhsil Nazirliyinə vakansiyaları göndərmişik…”

Gədəbəy rayon Təhsil İdarəsinin rəisi Baxış Nağıyev də etiraf edir ki, rayonda ümumən 100-ə yaxın müəllim çatışmazlığı var:

“Müəllimlərin ucqar kəndlərə cəlb olunması zəifdi. Hazırda Slavyanka kəndində coğrafiya və kimya müəlliminə, Zəhmətkənddə və Maarif kəndində  ingilis dili müəllimlərinə ehtiyac var. Digər məktəblərdə isə bir çox fənn üzrə müəllim sayı azlıq təşkil edir. Biz Təhsil Nazirliyinə vakansiyaları göndərmişik ki, yeni müəllimlərin təyinatı edilsin”.

Gədəbəy rayon məktəblərində 1544 müəllim çalışır ki, onların 205 nəfəri orta ixtissas müəllimləridir.

Qərb bölgəsinə yaxın olan Gəncə Dövlət Universitetində isə bu il 200-ə yaxın məzun olub.


Dövlət proqramı yoxdur

Müsavat Partiyasının sədr müavini Elman Fəttah deyir ki, gənc müəllimlərin ucqar kəndlərdə təhsil verməsinə zəmin yaradacaq dövlət proqramı yoxdur:

“Müəllimlərin, əsasən də gənc kadrların ucqar kəndlərdə təhsil vermək istəməməsinin səbəbi odur ki, Təhsil Nazirliyi cəlbedici proqram hazırlamır. Yüksək əmək haqqı və ciddi sosial təminatlı proqram olmalıdır. Bunlar olmadığı halda müəllim işsiz qalmağı daha üstün tutur, nəinki gedib özhesabına işləməyi”.

Təhsil Nazirliyinin saytında ucqar kəndlərdə işləyən müəllimlər üçün xüsusi sosial təminatların verildiyi barədə yazılsa da, realda müəllimlər bu təminatı ala bilmədiklərini deyirlər. Müəllimsiz qalan şagirdlər isə təhsillə bağlı arzularının gerçəkləşməyəcəyindən narahatdılar…

Ana səhifəXəbərlərMüəllimlər ucqar kəndlərdə işləmək istəmir