Onlar imtahan zamanı kompüterlərdə texniki nasazlığın olduğunu deyiblər
İyunun 28-də bir qrup müəllim Elm və Təhsil Nazirliyinin önündə etiraz aksiyası keçirib.
Onların narazılığı 2024-cü il iyunun 21-22 və 24-də Azərbaycanda keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanları ilə əlaqədar olub.
Azərbaycanın müxtəlif bölgələrindən gələn, həmçinin Bakıdan da olan müəllimlər sertifikasiya imtahanlarının qeyri-şəffaf keçrildiyini iddia ediblər.
İmtahanın gedişatı ilə müxtəlif fikir və narazılıq ifadə edən müəllimlərin əsas şikayətlərindən biri də texniki məsələlərlə əlaqədar olub.
Dediklərinə görə, imtahan vaxtı kompüterlər yaxşı vəziyyətdə olmayıb.
Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi, eyni zamanda regional təhsil idarələri və rayon təhsil sektorlarında təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş imkanlarının araşdırılması məqsədilə komissiyalar yaradılıb.
Komissiyalar 30 iyul tarixinədək fəaliyyət göstərəcək.
“Hazırda həmin mərkəzlərdə vətəndaşların qəbulu həyata keçirilir. Bu günədək ümumilikdə 2000-dən çox vətəndaş qəbul edilib. Komissiyalarda hər bir vətəndaşın müraciəti dinlənilir, həssaslıqla yanaşılıb müvafiq qaydada araşdırılması təmin edilir. Eyni zamanda, sosial həssas əhali qrupuna aid vətəndaşların müraciətləri xüsusi nəzarətə götürülür, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür”, – cavabda deyilir.
Qeyd edilir ki, təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, eləcə də prosesdə iştirak etməyən, eyni zamanda, imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilir.
“Əmək müqaviləsinə xitam veriləcək müəllimlərə əmək qanunvericiliyində nəzərdə tutulan təminatların ödənilməsi həyata keçirilir”, – məlumatda deyilir.
2024-cü il iyunun 21-22 və 24-də Azərbaycanda növbəti dəfə müəllimlərin sertifikatlaşdırılması imtahanı keçirilib.
Bu il ilk dəfə prosesə riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər cəlb ediliblər, eyni zamanda, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri də imtahan veriblər.
Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə edib.
Test imtahanlarında 23 448 müəllim iştirak edib.
İmtahanlarda 97,5% davamiyyət qeydə alınıb.