Polis rəisinin müavinindən hədə-qorxu ilə pul tələb etməsi bildirilir
Bakı Ağır Cinayətlər Məhkəməsində oktyabrın 6-da polis rəisinin müavinindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vəfa Dadaşovanın məhkəməsi başlayıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib. V.Dadaşova ibtidai sinifə qədər uşaqların hazırlığı ilə məşğul olduğunu deyib.
İş üzrə iki zərərçəkmiş şəxsin olduğu bildirilib. Onlardan biri İsmayıllı rayon Polis Şöbəsinin rəis müavini Pərviz İsmayılovdur. Digər zərərçəkmiş isə həkimdir.
Zərərçəkmişlər bildiriblər ki,V.Dadaşova istintaq müddətində onları şantaj edib və barələrində internetdə məlumatlar yerləşdirib. Zərərçəkmiş şəxslər onun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib. Dövlət ittihamçısı Fərid Nağıyev də həmin tələbi dəstəkləyib.
V.Dadaşova isə onları təhqir edib. Kirayədə qış uşağı böyütdüyünü, heç kimi şantaj etmədiyini, sadəcə Mehriban Əliyevaya müraciət etdiyini deyib. Bildirib ki, onun millət vəkili tanışı var və heç kim ona nəsə edə bilməz. O, vəkilindən də imtina edib. Bildirib ki, hüquqlarını özü müdafiə edə bilər. Hakim isə bununla razılaşmayıb.
Müşavirədən sonra qərar elan edilib. Qərara görə, onun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib. Məhkəmənin baxış iclası oktyabrın 12-nə təyin edilib.