Müəllimə: Mənim üçün açdıqları kişi profilidir

“Onsuz da hamı bilir saxta olduğumuzu, 3-5 manat qazanmağımızın kimə nə ziyanı var ki?”

Source:
YAP-ın gəncləri facebookda şərhlər yazırlar
YAP-ın gəncləri facebookda şərhlər yazırlar


“Onsuz da hamı bilir saxta olduğumuzu, 3-5 manat qazanmağımızın kimə nə ziyanı var ki?”

“Mənim atamın bunların yarıtmaz siyasətinə görə ürəyi partlayıb öldü. Evindən-eşiyindən, doğma kəndindən bunlara görə didərgin düşdü. Həsrətlə getdi. 20 ildir hakimiyyətdədirlər, bir qarış torpaq qaytarmayıblar. İndi bunlar mənə deyirlər ki, gəl, bizi təriflə, doğrunu deyən insanları söy”.

Beyləqan məktəblərinin birində çalışan, 52 yaşlı tarix müəlliminin sözləridir. Deyir, rayondakı əksər məktəblərin direktorları işçiləri ilə bu söhbəti edib. Əsasən də maddi durumu aşağı, ehtiyac içində yaşayan, dərs saatları aşağı, ailə durumu ağır olanlar ilə:

“Elə çoxu buna görə razılaşmırmı? Onlar çox yaxşı bilirlər kimlərə müraciət etmək lazım olduğunu. Direktorlara bu tapşırıq hardasa dekabrın əvvəlində gəldi. Görünür, maksimum az adamın xəbər tutması, gördükləri işin yayılmaması üçün işə razı olacaq insanlarla danışmağa qərar vermişdilər. Sonradan eşitdim ki, bəzi məktəb direktorları müəllimlərə ümumi iclas keçirərək, bu tapşırığı verib. Ancaq bizdə belə olmadı. Direktor mənimlə bərabər 12 nəfər çağırmışdı. Fikir verdim, maddi durumu digərlərinə baxanda aşağı olan insanlar idi. Uşaq oxutduran, yenicə qız köçürən, uşağı xəstə olan, ana-atası ilə birgə yaşayan, bir sözlə, ən ehtiyaclı olanlar. Mən etiraz edib otaqdan çıxdım. Ardımca da 2 nəfər gəldi. Qalanları razılaşdımı-razılaşmadımı bilmirəm daha”.

YAP GB facebookda şərhlər yazır
YAP GB facebookda şərhlər yazır

Aldığım maaşla dolana bilmirəm, kreditlərim var

Bakı məktəblərindən birində dərs deyən Sənubər Əhmədova (ad şərtidir) isə 5 ay öncə direktorun ona etdiyi təklifi qəbul edib. Deyir, əvvəlcə tam olaraq nə edəcəyini bilmirmiş. İşin nədən ibarət olacağından xəbərsizmiş:

“6 il əvvəl həyat yoldaşımı itirmişəm. 4 uşaq böyüdürəm. Uşaqlarımdan birinin əlilliyi var. Həm onu müalicə etdirib, həm digərlərinə baxmağı, geyindirməyi, yedirtməyi, oxutdurmağı çatdıra bilmirəm. Builki dərs saatım isə əvvəlkindən də az oldu. Çünki sonuncu imtahanda başqa ixtisas müəllimlərinə baxanda az bal toplamışdım. Buna da səbəb elə qayğılardır, hazırlaşa bilməmişdim. Aldığım maaşla dolana bilmirəm, kreditlərim var. Dərs saatlarımın artırılması üçün il başlayanda direktora yalvarmışdım. Noyabrda çağırıb dedi ki, narahat olma, oğlunu müalicə etdirəcəyik, gəlirin artacaq, hər şey düzələcək. Sevindim, düşündüm ki, dövlət mənim də qayğıma qalacaq”.

S.Əhmədova deyir ki, bir gün sonra direktor onu yanına çağırıb. İndiyədək “Facebook” istifadə edib-etmədiyini soruşub:

“Bilmirəm -dedim, mənə bir telefon verdi (sonra qaytarmaq şərti ilə). O vaxt anlamını bilmirdim. İndi asanlıqla deyim ki, başqasının adına açılmış profil, siyahı və 5-6 səhifəlik mətn. Burada dövləti, prezidenti tərifləyən cümlələr yer alıb. Siyahıda isə bəzi media qurumları, səhifə və şəxslərin “Facebook” ünvanları var. Dedi, hər gün girib bu şəxslərin yazdıqlarına şərhlər verməliyəm. O, nə yazıbsa, biz əksini deməliyik. Bir neçə gün əlim öyrəşmirdi, səhv yazırdım, ya da nə bilim, bir dəfə səhvən Orduxanın statusunu da bəyənmişdim. Sonradan öyrəşdim. Buna görə hər ay 300 manat alırdım. Sonuncu ay, yəni martda pulumu götürməyə getdim, dedilər, kart hesabına pulun yarısı köçüb. 150 manat verdilər. Qalan hissəsini isə seçkidən 2 həftə sonra ödəyəcəklərini deyib, yola saldılar”.

Bu ay çoxunun pulunu kəsdilər

S.Əhmədova deyir ki, etdiyi işi özü də bəyənmir. Sadəcə məcburdur. Tək təsəllisi isə həmin şərhləri öz adından yazmamasıdır:

“Bilirsiniz, hər ay pulu almağa gedəndə orada nə qədər adam olur? Hərənin pulunu aldığı bir adamı var. Hər adam bəlkə də 50-60 nəfərə nəzarət edir. Orda bir qırğınlar çıxır ki, gəl görəsən. Əskik pul, əskik şərh, etdikləri səhvlərə görə. Bütün pullar bankda açılmış kart hesablarına köçür. Həmin şəxslər kimə nə qədər söz veriblərsə, çıxarıb nəzarət etdikləri insanlara paylayırlar. Bu ay çoxunun pulunu kəsdilər. Görünür, əlavə 2 həftə də işlətmək üçün özlərindən asılı vəziyyətdə saxlamaq istəyirlər”.

S. Əhmədovanın anlamadığı bir şey var. Deyir, onsuz da şərh yazdıqları adamlar, səhifə izləyiciləri onların saxta olduqlarını anlayır:

“Buna görə hökumət niyə bu qədər pul xərcləyir görəsən? Əslində bizə neftə görə pul ödəməlidirlər. Məsələn, mən bir müəllimə olaraq bu qədər ehtiyac içində yaşamamalıyam. Etmirlər, mən də pulu belə çıxarıram. Onsuz da hamı bizim saxta olduğumuzu bilir, öyrədilmiş olduğumuzu da. Biz kimsəni inandıra bilmirik. 3-5 manat qazanmağımızın kimə nə ziyanı var ki? Adımıza da “troll” deyirlər. Bundan artıq nə olsun? Düzü, bəzən çox pis oluram, elə şeylər yazırlar ki, az qalıram ağlayam. Sonra özümə təsəlli verirəm ki, boş ver, onsuz da səni tanımırlar, bilmirlər kimsən. Nəinki öz adınla, öz sözlərini, öz düşündüklərini yazmırsan, heç öz cinsinə mənsub profildə də deyilsən. Mənim üçün açdıqları kişi profilidir. Hətta əsgərlik xatirələri ilə bağlı yazdığım da olub”.

Trollar üçün paylanılan listlər, onlar bu səhifələrə rəy yazmalıdır
Trollar üçün paylanılan listlər, onlar bu səhifələrə rəy yazmalıdır

Şərh limitlərini qaldırıblar

S.Əhmədova deyir ki, sonuncu görüşlərində gündəlik şərh limitlərini qaldırıblar. Deyiblər ki, 40 azdır, seçki günü yaxınlaşır, günə 200 şərh yazın:

“Əlavə mətnlər də veriblər. Onu da deyim ki, bizim özümüzdən bir cümlə yazmaq ixtiyarımız da yoxdur. Yəni o yazılan cümlələr, fikirlər bizə aid deyil. Həmin mətnlərdə Qarabağ, təhsil, səhiyyə, ordu, prezident və s. bir çox mövzu var. Gördüyümüz paylaşımlara uyğun bir neçə cümlə seçib yazırıq, vəssəlam”.

Həkimlər özlərinə yaraşdırandan sonra mən nə karəyəm?

Əbülfət Məmmədovun isə 60 yaşı var. Dövlət xəstəxanalarının birində çalışır. “Təcili yardım” sürücüsüdür. Ona da eyni iş tapşırılıb. Deyir, 1 sutka işdə, 2 sutka evdə olmaqla, növbəli çalışır. Həmin evdə olduğu günlərdə bu işlə məşğul olur:

“Mən yaşlı adamam, başım çıxmır internetdən, kompüterdən. Evdə gəlinə tapşırmışam. O, girib mənim əvəzimə yazır. Heç bilmirəm, hara yazır, kimə yazır, nə yazır. Verdikləri bütün məlumatları vermişəm ona. Evdə də tapşırmışam ki, ona dəyməyin, işi var. Neyləyim, təqaüd vaxtıma az qalmış, işdən çıxararlar, qalaram belə. Məcbur dediklərini edirəm. Özü də tək mən etmirəm ha, xəstəxananın əksər işçisi bu işi görür. Həkimlər özlərinə yaraşdırandan sonra mən nə karəyəm? Keçən dəfə bir qadın iş yoldaşım deyir ki, həyatı boyu bu qədər söyülməyib. Bu yaşda eşitmədiyi təhqirləri eşidib. Görün, yaşlı-yaşlı insanları nə hala qoyublar”.

Troll – sosial şəbəkələrdə məqsədli və aqressiv şəkildə provokasiya xarakterli postlar yazan şəxsə deyilir. Xüsusən Rusiyada seçki ərəfəsində bu cür insanlardan çox istifadə edilib.  “Freedom House” təşkilatı internet azadlığına dair

hesabatında

 hökumətyönlü trolların ifadə azadlığına qarşı dağıdıcı hücum xarakterini vurğulayaraq, Azərbaycanı 56-cı yerə endirib.

Əvvəllər bu trolların hesabları hökumətyönlü “İRƏLİ” İctimai Birliyi tərəfindən idarə

olunurdu

. Təşkilatın baş katibi Rauf Mərdiyev 2011-ci ildə “news.az” saytına müsahibəsində demişdi ki, “İRƏLİ”nin internet texnologiyaları mərkəzi “gənc nəslin maarifləndirilməsi və virtual məkanda Azərbaycanın maraqlarının qorunmasına” xidmət edir. Onlayn məkanda “maraqların qorunması” ifadəsi izah edir ki, “İRƏLİ” onlarla eyni fikirdə olmayan internet istifadəçilərini trollaşdırmaqla məşğul olub.

Ana səhifəXəbərlərMüəllimə: Mənim üçün açdıqları kişi profilidir