Müəllim: Məni və oğlumu İran gömrüyündə aşağılayıb, deportasiya etdilər

”Gömrükçülər futbola baxıb, insanları saatlarla gözlədirdilər”

Source:
Cəmaləddin Əlizadə
Cəmaləddin Əlizadə


”Gömrükçülər futbola baxıb, insanları saatlarla gözlədirdilər”

“İranın gömrük işçiləri futbola baxdıqları üçün Azərbaycan vətəndaşlarını yoxlamırdılar. Mən onlara hörmətsizlik etdiklərini, növbədə adamların saatlarla gözlədiyini deyəndə isə üstümə hücum çəkdilər”.

Bunu Astara rayonundan olan müəllim Cəmaləddin Əlizadə deyib.

C.Əlizadə bildirib ki, onun və oğlunun pasportlarını alıb, yerə çırpıblar.

“Bizi aşağıladılar, sonra da deportasiya edirlər. Bunu bir-iki nəfər deyil, bütün Gömrük qurumu birgə olaraq edir. Bu, vətəndaşlarımıza qarşı hörmətsizlikdir”.

Onun sözlərinə görə, hadisə iyunun 25-də İrandan Azərbaycana dönərkən olub.

C.Əlizadə deyib ki, onun növbəti dəfə İrana getməsi mümkün olmayacaq.

“İran gömrüyündə Azərbaycan vətəndaşlarının başına gətirilən bu rəzalətə səssiz qalmaq olmaz”.

Gömrük işçiləri özlərini çox tərbiyəsiz aparırdılar

C. Əlizadə deyir ki, İran gömrüyünə daxil olanda artıq Azərbaycan vaxtı ilə saat 21:50 olub və həmin vaxt Gömrüyün pasport qeydiyyatı şöbəsində təxminən 100-ə yaxın vətəndaş növbədə olub:

“Dedilər, guya məntəqədə sistemlə bağlı problem var. Ona görə qeydiyyat dayanıb. Zaldakı monitorlarda İran televiziyasında bir azdan başlanacaq Portuqaliya – İran futbol oyunuyla bağlı “propoqanda” gedirdi. Gömrük işçiləri də hamısı bir nəfər kimi monitora tamaşa edirdilər. Sanki, hər şey yaddan çıxmışdı. Bir azdan oyun başlandı. Oyunda yaranan gərginliklə əlaqədar gömrük işçiləri özlərini çox tərbiyəsiz aparırdılar. Sanki işdə yox, küçədə idilər. Onlar uca, həm də əcaib səslə qışqırır, hakimi söyürdülər. Mən artıq sistemin işləməməsinin səbəbini başa düşmüşdüm”.

C.Əlizadənin sözlərinə görə, futboldakı fasilə ərəfəsində qeydiyyat başladı.

“Fasilə bitəndə yenə əvvəlki vəziyyət təkrarlandı. Bu hal İran komandasının “penal” vurmağına qədər davam etdi. Qol vurulanda qeydiyyat aparmalı olan şəxs yerindən durub, monitora tərəf qaçdı. Buna qədər mən onsuz da bir neçə dəfə yüngülvari etiraz etmişdim, bu vəziyyətdə artıq dözə bilmədim. Qaçan gömrükçüyə “siz burada artıq iki saatdan artıq ayaq üstə dayanan vətəndaşlara qarşı hörmətsizlik edirsiniz”, -dedim”.

Pasportumu alıb yerə çırpdı

Müəllim bildirir ki, bu zaman o, kobud tərzdə onun üstünə gəlib, pasportunu tələb edib:

“Mən pasportu ona uzadanda, o, pasportumu alıb yerə çırpdı. Bu hal mənim üçün dözülməz idi. Ona bu hərəkəti ilə bağlı şikayət yazacağımı dedim. Məni yaddaşında möhkəm saxlamağını söylədim. Dediklərim vəziyyəti bir az da gərginləşdirdi. O, artıq ikinci dəfə yerindən durub, üstümə şığıyanda oğlum ona ağıllı olmağı tövsiyə etdi. Bu vaxt o, oğlumun da pasportunu aldı və bildirdi ki, siz burada qalacaqsınız”.

Bizi günahsız yerə deportasiya etdilər

Asstaralı müəllim deyir ki, oyun bitib, insanlar gömrükdən çıxsa belə, onları uzun müddət saxlayıblar:

“Təxminən saat 1 radələrində mənim və oğlumun pasportunu tamam başqa bir işçi qeydiyyatdan keçirtdi və xeyli müddətdən sonra məni yanına çağırdı. Fars dilində bildirdi ki, sən və oğlun gömrük işçilərinə hücum etdiyiniz üçün bir daha İran İslam Respublikasına daxil ola bilməyəcəksiniz və bu barədə pasportlarınızda müvafiq qeydiyyat da aparılıb. Yanaşmalarının çox bəsit olduğunu, hadisəyə səbəbkar işçilərinin hərəkətlərinin izləmə kameralarının müşaiyyəti altında baş verdiyini söylədim. Sözümüzü deyib, oradan çıxdıq”.

Cəmaləddin Əlizadə başıma gələnlərlə bağlı İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinə və Xarici İşlər Nazirliyinə şikayət məktubu göndərəcək.

Meydan TV hadisə ilə bağlı İran İslam Respublikasının Bakıdakı səfirliyindən münasibət öyrənə bilməyib.

Ana səhifəXəbərlərMüəllim: Məni və oğlumu İran gömrüyündə aşağılayıb, deportasiya etdilər