“Necə olur ki, əyani yoxlamadan əlilliyimi şübhə altına alıb ləğv edirlər?”
Cəlilabadın Sərhədabad kənd sakini, 1969-cu il təvəllüdlü Ağayev Hasif Şeti oğlu II qrup müddətsiz əlilliyinin qeyri-qanuni şəkildə ləğv edilməsindən şikayətçidir.
Bu barədə Meydan TV-yə danışan sakin deyir ki, o, 24 öncə ciddi xəstəliklə əlillik alıb.
Dediyinə görə, 1987-ci ildə Rusiyanın Krasnodar şəhərində hərbi xidmətdə olarkən onda kəskin psixoloji xəstəlik aşkarlanıb.
Bu xəstəlik səbəbindən də 1 il sonra hərbi xidmətdən geri, Azərbaycana qaytarılıb.
Vətəndaş bildirib ki, Azərbaycan göndərilməzdən öncə 5 ay Krasnodarda xəstəxanada müalicə alıb. Onun hərbi sənədində də psixi xəstə və hərbi xidmətə yararsız olduğu əks olunub.
1988-ci ildən 1999-cu ilə qədər Azərbaycanda hər il tibbi müayinədən keçməklə müddətli II qrup əlillik alıb.
“Xəstəliyimin getdikcə ağırlaşması nəticəsində şəffaf şəkildə keçirilən tibbi müayinə nəticəsində 1999-cu ilin yanvarından etibarən mənə müddətsiz II qrup əlillik dərəcəsi təyin olundu. Ötən ilin martına qədər əlillik müavinətini alırdım. 13 mart 2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məni əyani müayinəyə dəvət etdi. Üzrlü səbəbdən əyani müayinəyə gedə bilmədim. Bunu əsas gətirərək dərhal aidiyyəti inzibati akt tərtib olunaraq əlillik dərəcəm ləğv edilib”,- deyə Hasif Ağayev qeyd edib.
Cəlilabad sakini nazirliyi atdığı qeyri-qanuni addımına görə qınayır:
“Mən rüşvət və tapşırıq əsasında əllilik dərəcəsi almamışam. Ötən 24 ildə müddətsiz əlillik dərəcəm olub. Necə ola bilər ki, bu müddətdən sonra nazirlik mənim əlilliyimi ləğv edir? Ötən il təkrar müayinəyə çağırılanda imkanım yox idi. Bundan başqa, heç bir yerə tək gedə bilmirəm, huşum, ağlım üstümdə olmur. Həm maddi imkanım, həm səhhətim yol vermədiyindən təkrar müayinəyə gedə bilmədim. Müddətsiz əlillik dərəcəsi olan niyə təkrar tibbi müayinəyə getməlidir? Mənim gərək 250-300 manat pulum ola ki, adam, nəqliyyat tutub yanımda aparam. Hətta mən rayonda tibbi müayinədən keçdiyimi dedim, razı olmadılar. Əvvəl Bakıdan həkim gəlib yoxlayırdı, indi vətəndaşı Bakıya qədər süründürürlər. “Qaynar xətt”ə zəng edib şikayətimi deyirəm, kimsənin vecinə deyil”.
“Büdcəyə mənim kimi ağır xəstənin əlilliyini kəsməklə qənaət edirlər”
Vətəndaş deyir ki, sol əli də hərəkətsizdir. Səbəbi isə1994-cü ildə odun doğrayarkən huşsuz vəziyyətdə sol əlinin baş barmağını kəsməsidir. Bu hadisədən sonra əl sinirləri tamamilə zədələnib və işləksiz hala gəlib.
Hazırda Ağayevlər ailəsi oğlunun fəhləlik pulu və 86 yaşlı ömürlük yataq xəstəsi olan yaşlı anasının pensiyası ilə dolanır. Özü isə ötən ildən müalicə almadığından xəstəliyinin ağırlaşdığını, simptomları tez-tez tutduğundan yaxın və kənar şəxslərə, evə ziyan vurduğunu deyir.
Deyir ki, dərmandan asılı həyatının ən ağır günlərini yaşayır, nə səhhəti, nə xəstəlik dərəcəsi ona iş imkanları tanıyır:
“Ancaq dərmanla yaşamış adamam. Pensiyam müalicəmə xərclənirdi. Saxta əlillik adı ilə həqiqi əlillin müavinətini ləğv etmək vicdansızlıqdır, qaniçənlikdir. Psixi xəstə olduğum üçün işə götürmürlər. Bir az iş görən kimi sol əlim, qolum şişir, çalışmır. Bir müddət sahə nəzarətçisi işlədim, çıxartdılar. Xəstəliyim tutanda özümdə olmuram. Heç həkimə də gedib müalicə ala bilmirəm. Ünvanlı sosial yardım almırıq. Oğlum iş olanda fəhləlik edir. Yaşlı anam var ki, ağır yataq xəstəsidir: Ağayeva Bikə Qaraxan qızı. Onun pensiyası ilə dolanırıq”.
“Qorbaçovun dövründə qardaşım, əmim vəzifədə deyildi ki, mənə müftə əlillik versinlər. Büdcəyə mənim kimi kasıb, ağır xəstənin əlilliyini kəsməklə qənaət edirlər. Özü də tibbi kağızı xəstəlik əsasında Rusiyada xəstəxana verib. Bunlar nəyi şübhə altına alırlar? Hansı ki, şübhəyə dair dəlil, sübutları yoxdur”, – o belə deyir.
Ləğvetməyə səbəb nədir?
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi vətəndaşa bildiriş göndərib.
Bildirişdə vətəndaşın əlillik dərəcəsinin ləğvinin səbəbi Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əliliyi qiymətləndirilməsi Qaydası” nın 3.7-ci bəndi ilə əsaslandırılıb.
Sənəddə qeyd olunur ki, əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olub.
“Əlil vətəndaş təkrar əyani müayinəyə cəlb edilib. Vətəndaş da həmin müayinəyə getmədiyindən 27 yanvar 1999-cu ildən təyin olunmuş müddətsiz, II qrup əlilik dərəcəsi ləğv edilib”, – deyə sənəddə vurğulanır.
TSEK-in mətbuat xidmətinin rəsmisi Tural Qurbanov vətəndaşın əlillik dərəcəsinin ləğvi ilə bağlı Meydan TV-nin sorğusuna cavabında yenidən əvvəlki bildirişdə əskini tapan səbəbləri sadalayıb:
“Cəlilabad sakini Ağayev Hasif Şeti oğlu 2023-cü ilin martında əlilliyinin təkrar qiymətləndirilməsi məqsədilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət edilib. Hazırda isə şəxsin əlilliyinin təkrar qiymətləndirilməsi ilə bağlı qeydiyyat üzrə tibb müəssisəsi tərəfindən yeni “Forma-88″ sənədi rəsmiləşdirilməyib. Tibb müəssisəsi tərəfindən Hasif Ağayevlə bağlı yeni göndəriş rəsmiləşdirildiyi təqdirdə, qanunvericiliyə uyğun olaraq onun əlilliyinin qiymətləndirilməsi aparılacaq”.
Qurumun rəsmisi müddətsiz əlillik dərəcəsinə sahib şəxslərin təkrar müayinəyə cəlbini qanunsuz saymır:
““İnzibati icraat haqqında” Qanuna görə, biz, vətəndaşların əlilliyi müddətsiz olsa da belə, əlilin təkrar qiymətləndirilməsi barədə onu məktubla dəvət edə bilərik. Real əliliyi olan vətəndaş təkrar müayinədən keçə bilər. Gəlmədiyi təqdirdə şübhələr yaranır. Lakin vətəndaş müayinədə iştirak etmədiyinə görə onun əlilliyinin yenidən qiymətləndirilməsi mümkün olmayıb”.
“Müddətsiz əlillik dərəcəsində təkrar tibbi müayinə olmamalıdır”
Hüquqşünas Azər Quliyev isə həm əyani tibbi yoxlanış olmadan əlil şəxsin əliliyini şübhə altına alacaq dəlil iddiasını və həm də müddətsiz əlillik dərəcəsinin təkrar yoxlanışını qanunsuz sayır:
“Bu qurumda indi vəzifəli şəxslərin savadsız övladları mövqe tutur. Əvvəlkilər qanunu bilsələr də, rüşvətxor idilər. İndikilər isə heç qanunu da bilmirlər. Müddətli əlillik dərəcəsinin vaxtı bitəndə yenidən xəstəliyə dair “Forma-88″ doldurulur. Ancaq müddətsiz əlillik dərəcəsində isə təkrar tibbi müayinə olmamalıdır. Həmçinin yoxlanışdan keçmədən vətəndaşda necə şübhə altına alınacaq dəlilər aşkarlayıblar? Hansı ki bildirişdə bunu qeyd ediblər. Bu sübut göydən zənbillə düşdü? Şübhəli sübutlar faktla qeyd edilməlidir. Adi xəstəlik deyil, bu adamın ağır diaqnozu var. Şəxsən hüquqşünas olaraq çoxsaylı belə vətəndaşlarla işləyirik”.
“İndi iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə ümid qalıb”
Hüquqşünas deyir ki, əlil vətəndaşın hüquqi aspektdən ona verilən imtina məktubundan bir ay müddətində “İnzibati icraat haqqında” Qanunun 71-73-cü maddələrinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə vermək hüququ var:
“Bu vətəndaş tək deyil, çoxlu sayda əlilliyi qeyri-qanuni əsaslarla kəsilmiş vətəndaşlar var. Məhkəmə yolu ilə hər vətəndaşın da hüququnu tələb etməyə nə savadı, nə maddi imkanı var. Hətta aylarla sürən belə işlər var. Əgər vətəndaşa verilən imtina məktubundan bir ay vaxt keçməyibsə, sənədləri toplayıb Bakı İnzibati Məhkəməsinə versin. Əgər keçibsə, iddia ərizəsi ilə yenə də müraciət edə bilər. Əsas imtina məktubu gələndən sonra məhkəməyə verə bilər”.
Onun sözlərinə görə, həkim müddətli əlillərə göndəriş verir, “Forma-88” doldurulur, amma müddətsiz əlillər üçün bunu etmirlər:
“Faktiki xəstəxanada yatmır və həkim adamın xəstəliyi ilə bağlı nə yazacaq? Çünki bu, müddətsizdir. Sübut etmək TSEK-nın borcudur. Vətəndaş Nazirliyə getsin, əyani tibbi yoxlanışı müsbət nəticələnməzsə, imtina məktubu gələrsə, ancaq ümid iddia ərizəsi ilə məhkəməyə müraciətə qalır”.