“Müdafiə Xətti” prezidentə müraciət etdi: Əfv sərəncamının imzalanmasını gözləyirik

Təşkilat bayram ərəfəsində siyasi səbəblərə görə həbs olunanların azad edilməsini istəyir

Source:


Təşkilat bayram ərəfəsində siyasi səbəblərə görə həbs olunanların azad edilməsini istəyir

“Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamı imzalanacağını gözləyirik”.

Bu fikir “Müdafə Xətti” İnsan Haqları Təşkilatının ölkə başçısı İlham Əliyevə müraciətində yer alıb.

Müraciətdə təşkilatın Azərbaycanda insan haqlarının qorunmasına və dəstəklənməsinə, hüququn aliliyinin, qanunun üstünlüyünün təmin edilməsinə yardım məqsədilə yaradıldığı qeyd olunur. Müraciət müəllifləri “Müdafiə Xətti”nin hədəfinin Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, hakimiyyətlər bölgüsünün, hökumətin hesabatlılığı və şəffaflığın təmin olunması, mülki cəmiyyətin inkişaf etdirilməsi, vətəndaş fəallığının yüksəldilməsi yolu ilə bütünlükdə demokratiyanın genişləndirilməsi olduğuna diqqət çəkirlər.

Daha sonra qeyd olunur ki, “Müdafiə Xətti” cari ilin 14-15 iyulunda Qarabağa və Orduya dəstək məqsədilə keçirilən dinc yürüşdən sonra geniş vüsət alan repressiv tədbirlərin fonunda təsis edilib və fəaliyyətin əsas hissəsi həm yerli, həm də beynəlxalq auditoriyanın, hüquq müdafiə təşkilatlarının qarşısında 36 nəfər təqsirsiz ictimai-siyasi xadimin, fəalın təsqirsirsizliyini təşviq etməkdən ibarətdir.

Müraciət müəllifləri yada salır ki, Azərbaycanın həbsxana və cəzaçəkmə müəssisələrində siyasi və dini görüş dairələrinə görə xeyli vətəndaş cəza çəkir: “Bu da vicdan, fikir, söz, mətbuat və məlumat azadlıqlarının real durumunun qeyri-qənaətbəxş olmasından xəbər verir, hökumət rəsmilərinin çıxışlarında dəfələrlə ön plana çəkilən hüquqi dövlət quruculuğu ilə bir araya sığmır, milli vəhdətə əngəllər yaradır”.

Daha sonra deyilir:

“Şübhəsiz, “Müdafiə Xətti” olaraq qeyd edirik ki, yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, mötəbər beynəlxalq siyasi mərkəzlər tərəfindən siyasi məhbus kimi tanınmış şəxslər imzaladığınız əfv sərəncamları ilə azadlığa qovuşublar.

Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamı imzalanacağını gözləyirik. Vətən Savaşından sonra ilk əfv sərəncamının olacağını nəzərə alsaq, xeyli dustağın, xüsusilə, siyasi səbəblərdən məhbəs həyatı yaşayan şəxslərin azadlığa buraxılacağına dair gözləntilirəmiz daha da möhkəmlənir.

“Müdafiə Xətti” olaraq inanırıq: vicdan məhbuslarının, siyasi dustaqların, xüsusilə, Qarabağın azadlığı uğrunda döyüşmüş qazilərin-dustaqların azadlıq hüququ bərpa olunacaqdır ki, bu da dövlət və cəmiyyət həyatında vətandaş birliyinin daha da dərinləşməsini şərtləndirəcək, hüquqi və demokratik açılımlara mühüm töhfə verəcəkdir”.

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçiləri Rəşid Hacılı, Samirə Ağayeva, Zəfər Əhmədov, Zaur Əkbər, Əlayif Həsənov, Təzəxan Mirələmli, Sayğın Rüstəm və Rüfət Səfərovdur.

Ana səhifəXəbərlər“Müdafiə Xətti” prezidentə müraciət etdi: Əfv sərəncamının imzalanmasını gözləyirik