“Müdafiə Xətti”: Məhbusa məcburi qida qəbul etdiriblər, aclığı dayandırıb

Laçın Vəliyev həbs-qətimkan tədbirinin müddətinin uzadılmasına etiraz edib

Source: Sosial şəbəkə


Laçın Vəliyev həbs-qətimkan tədbirinin müddətinin uzadılmasına etiraz edib

“Müsavat Partiyasının sabiq üzvü Laçın Vəliyev 9 gün aclıq etdikdən sonra Pentensiar Xidmətin Müalicə Müəssisəsində ona məcburi qida qəbul etdirilib. Bundan sonra o, aclığı dayandırıb”.

Bu açıqlamanı “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı yayıb.

Bildirilir ki, Laçın Vəliyev barəsində seçilən həbs-qətimkan tədbirinin müddətinin uzadılmasına etiraz olaraq aclığa başlayıb: “Onun haqqında həbs qətimkan tədbiri oktyabrın 15-dək uzadılıb. Aclıq etdirkdən sonra saxlanıldığı Bakı İstintaq Təcridxanasında səhhəti pisləşib və Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb”.

Laçın Vəliyev martın 20-də saxlanılıb.

O, Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə) maddəsi ilə günahlandırılır.

Vəkil Nemət Kərimli fəala istinadən bildirib ki, ondan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarının əleyhinə ifadə verməsi tələb olunub.

“Buna razı olmadıqda ona qarşı ittiham irəli sürülüb. O özünü təqsirli bilmir, ifadələrindən imtina edib, ifadələrini təzyiq alıtnda verdiyini deyib. Laçın Vəliyev vəkili vasitəsi ilə Sabunçu rayon Prokurorluğuna və Sabunçu rayon Polis İdarəsinə şikayət göndərib”, – vəkil qeyd edib.

Rəsmi qurumlar Laçın Vəliyevin həbsi ilə bağlı məlumat yaymayıb.

Ana səhifəXəbərlər“Müdafiə Xətti”: Məhbusa məcburi qida qəbul etdiriblər, aclığı dayandırıb