Təşkilat inzibati məsuliyyətə cəlb olunanların adlarını açıqlayıb
“Müdafiə xətti” (Line of Defense) hüquq müdafiə təşkilatı 14 iyul orduya dəstək aksiyasından sonra həbs olunanlarla bağlı növbəti hesabatını yayıb.
Hesabata inzibati məsuliyyətə cəlb olunanların adı salınıb.
Təşkilatın iyulun 25-də yaydığı məlumatda qeyd olunub ki, 14-15 iyul orduya dəstək yürüşündə iştirak etməsi güman edilən şəxslərin həbsləri və onlara qarşı qondarma ittihamların verilməsi davam edir:
“Yürüşü gözdən salmaq və repressiyalara rəvac vermək məqsədilə xüsusi təlimat almış şəxslərin törətdiyi versiyanı təsdiq edən sübutların açıq-aşkar ağır gəlməsinə baxmayaraq, istintaq orqanları araşdırmanı bu yöndə aparmaqdan boyun qaçırırlar. Əksinə, xüsusilə, Prezident İlham Əliyevin Nazirlər Kabinetindəki çıxışı zamanı bu təxribatı guya hakimiyyətin siyasi rəqibləri tərəfindən törədildiyi versiyasını nə yolla olur-olsun “isbatlamağa” çalışırlar”.
Təşkilat kütləvi həbslər zamanı ciddi qanun pozuntularına yol verildiyini iddia edir:
“Tutulan şəxslərin insan ləyaqətini alçaldan şəraitdə saxlandığı, onlara işgəncələr verildiyi, psixoloji təzyiqlər göstərildiyi, ailə üzvlərinə təzyiqlər edildiyi barədə xəbərlər var. Həbs olunanlar günlərlə kommunikasıyadan məhrum edilmiş durumda, vəkilsiz saxlanılırlar”.
“Müdafiə Xətti” bu pozuntular barədə araşdırmalarını təqdim edəcəyini deyir.
“Müdafiə Xətti” xatırladıb ki, Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.1, 233 və 315-ci maddələrilə açılmış cinayət işi üzrə 17 iyul -24 iyul tarixləri arası Nəsimi Rayon Məhkəməsində 28 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, onlardan 11 nəfəri AXCP üzvü, 1 nəfər ADR üzvü, 2 nəfər MBH-nın tərəfdaşı, 1 nəfər isə keçmiş hərakatçıdır. Daha 5 nəfər barəsində isə CM-nin 139-1.1 maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) cinayət işi açılıb və onlar barəsində də həbs-qətimkan tədbiri seçilib.
Təşkilat ehtimal edir ki, Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə həbs olunanların sayı çox ola bilər. Bu maddə ilə təqsirləndirilən şəxslər barəsində həbs- qətimkan tədbiri müxtəlif birinci instansiya məhkəmələri tərifindən seçildiyi üçün dəqiqləşmə aparılacaq.
“Müdafiə Xətti” bundan əlavə, Xətai Rayon Polis İdarəsinin Polis Bölmələrində 100-dən artıq adamın saxlanıldığını qeyd edib:
“İyulun 19-na qədər onların bəzisi sərbəst buraxılıb. Saxlanılanlar arasında yetkinlik yaşına şatmayan iki yeniyetmə də olub. Şamil Rüstəmli sərbəst buraxılsa da, Ayxan Ələkbərzadə məsuliyyətə cəlb edilib. 16 nəfər barəsində 20, 21 iyul və 24 iyul tarixlərində hakim Hüseyn Cavid tərəfindən 14 nəfər haqqında inzibati məsuliyyətə cəlbetmə qərarları verilib”.
Təşkilat 9 AXCP üzvü barədə inzibati həbs qərarı çıxarıldığını bildirib:
“Onlardan ilk 7 nəfəri Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Bundan əlavə, 1 nəfər təqsirlədirilən şəxs kimi polisin nəzarətinə verilməklə, 11 nəfər isə şahid qismində izahatları alınaraq sərbəst buraxılıb, barələrində başqa yerə getməmək iltizam tədbiri seçilib”.
“Müdafiə Xətti” sonda dindirilib sərbəst buraxılanların sayının çox olduğunu vurğulayıb.
Hüquq-mühafizə orqanları Qarabağa dəstək yürüşünə görə saxlanılanların sayı barədə rəsmi məlumat verməsə də, qeyri-rəsmi informasiyalarda təxminən 70 nəfərdən çox adamın saxlandığı, onlardan bir hissəsinin azadlığa buraxıldığı bildirilir.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, iki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb. Daha 13 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.