Nazirliyin internet saytının fəaliyyəti müharibə dövrünün qaydalarına uyğun deyil
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun sosial şəbəkələr üzərində apardığı araşdırmalara görə, aprelin 2-5-də cəbhə xəttində baş verən toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin 92 hərbi qulluqçusu həlak olub. 43 yaralının adı bəllidir. Həlak olanlardan 47 nəfəri əsgər, 12-i Müddətdən artıq Hərbi Xidmət Qulluqçusu, 12-i gizir, 21 nəfəri isə zabitdir.
Araşdırmalarımızın nəticələrinə görə, 92 hərbi qulluqçudan 88-nin həlak olması rəsmən təsdiqlənib. Onlarla bağlı (dəfn mərasimi və s. ) rəsmi və hökumətyönlü mediada, eyni zamanda müstəqil və müxalifət informasiya resurslarında məlumatlar, fotolar dərc olunub. 4 şəhidlə bağlı məlumatlar isə yalnız sosial şəbəkələrdə işıq üzü görüb. Həmin 4 nəfərin adı təqdim etdiyimiz statistikanın sonunda qeyd olunur. Xüsusi olaraq müraciət etmişik ki, həmin 4 nəfərlə bağlı hər hansı məlumatı olanlar bizə yazsınlar.
Biz hesab edirik ki, itkilərimizin sayı 88 nəfərdən artıq ola bilər. Eyni zamanda yaralıların sayının 43 deyil, dəfələrlə artıq olduğunu düşünürük. Bütün bunlar sosial şəbəkələr, online resurslar, saytlar və s. vasitəsilə yığdığımız məlumatlardı.
İnformasiya siyasəti: yanlışlıqlar
Ümumilikdə hesab edirik ki, hərbi əməliyyatlar dövründə Azərbaycan Müdafiə Nazirliyinin informasiya siyasəti ciddi ziddiyyətlərlə, yanlışlıqlarla müşayiət olundu. Əsas çatışmazlıqlar aşağıdakılarla bağlıdır:
Hərbi əməliyyatlar zamanı Müdafiə Nazirliyində hər hansı operativ informasiya qərargahı yaradılmadı, vəziyyət onu göstərdi ki, Müdafiə Nazirliyinin informasiya siyasətinə cavabdeh qurumlar, xüsusən də Mətbuat Xidməti müharibə dövrünün qaydalarına uyğun fəaliyyət göstərə bilmir;
Hərbi əməliyyatlar zamanı Müdafiə Nazirliyi sosial şəbəkələrdə – Facebook-da fəaliyyətə başlasa da, bunun ciddi effekti olmadı. Faktiki olaraq nazirliyin internet saytında dərc olunan məlumatların Facebook-a köçürülməsi baş verdi və hər hansı interaktivlik – sosial şəbəkə iştirakçıları ilə təmaslar müşahidə olunmadı;
Müdafiə Nazirliyinin internet saytının fəaliyyəti müharibə dövrünün qaydalarına uyğun deyil, ciddi təkmilləşdirilmələrin aparılması zəruridir;
Müdafiə Nazirliyi indiyədək aprelin 2-5-də cəbhə xəttində baş vermiş hadisələrin ciddi səbəbini və nəticələrini ortaya qoya bilməyib. Əsa sual: Azərbaycan tərəfi əks həmlə əməliyyatlarını niyə başladı və niyə dayandırdı – buna hələ də əsaslı aydınlıq gətirilməyib;
Cəbhə xəttindəki hərbi əməliiyatlarda Azərbaycan tərəfinin faktiki olaraq hansı əraziləri işğaldan azad etməsi barədə yekun məlumatlar hələ də cəmiyyətə rəsmən açıqlanmır. Əslində Müdafiə Nazirliyi konkret olaraq xəritə üzrə azad olunmuş əraziləri cəmiyyətə təqdim etməyə borcludur.
Müdafiə Nazirliyinin ümumilikdə yaydığı məlumatların faktoloji tutumu azdır, əsasən nazirlikdəki müəyyən şəxslərin rəy və fikirləri əsasında informasiyalar yayılır;
Müdafiə Nazirliyi hadisələr baş verən zaman ölkə və xarici jurnalistlərin məlumatlandırılması istiqamətində ciddi tədbirlər həyata keçirmədi, indiyədək hər hansı mətbuat konfransı belə həyata keçirilməyib. Müəyyən telekanallara cəbhə xəttində çəkiliş imkanlarının yaradılması, müəyyən hərbi şəxslərin telekanallara açıqlamalar verməsi məlumatlandırma hesab edilə bilməz;
Müdafiə Nazirliyi aprelin 2-5-də cəbhə xəttində baş verən əməliyyatlar zamanı hərbi itkiləri hələ də gizlədir. Burada söhət əsasən həlak olan və yaralanan hərbi qulluqçuların sayından, adlarından gedir. Bu məxfiliyin səbəbi ciddi şübhələr yaradır;
Moskvada imzalanmış və ya razılaşdırılmış atəşkəs sazişinin (əgər buna saziş demək mümkünsə) detalları nədən ibarətdir? Bu sənəd üzrə Azərbaycan və Ermənistan öz üzərilərinə hansı öhdəliklər və s. götürürlər?
Taktiki və strateji addımlar necə olacaq? Yaxın gələcək üçün Azərbaycan ərazilərinin işğaldan azad olunması perspektivi varmı?
Bütün bu və digər suallar cəmiyyəti düşündürür və sözsüz ki, cavabların olmaması hərbi əməliyyatlar zamanı Azərbaycan ordusunun uğur əldə etdiyini israr edən rəsmi Bakının bəyanatlarını şübhə altına salır.
İnformasiya siyasəti: ehtiyatlılıq, yoxsa hörmətsizlik?
Xüsusilə də şəhidlərin adlarının və onların ümumi sayının gizlədilməsi Müdafiə Nazirliyi üçün tamamilə yolverilməz hadisədir. Hesab edirəm ki, itki statistikasının gizlədilməsinin əsas səbəbi odur ki, Müdafiə Nazirliyi hərbi əməliyyatlar zamanı bu qədər itkinin olacağını gözləmirmiş, döyüşün aparılması ilə bağlı hesablamalarda maksimum 20-30 şəhid verilməsi mümkünlüyü varmış. Amma real itkilərin az qala 3 dəfə artıq olması səbəbindən Müdafiə Nazirliyi bu rəqəmi gizlətmək məcburiyyətində qalıb.
Prezidentin müvafiq sərəncamı ilə yüksək fəxri ada, orden və medallara layiq görülənlərin adlarının cəmiyyətə açıqlanmaması çox utancverici bir addımdır. Bu birbaşa şəhidlərin ruhuna və ümumilikdə xalqa qarşı hörmətsizlikdir. Azərbaycanın müstəqillik tarixində heç zaman belə qəribə hal olmayıb. Xalq qəhrəmanlarını, igid oğullarını niyə sosial şəbəkələr vasitəsilə tanımalıdır? Milli Qəhrəman və digər yüksək adlar verilmiş şəhidlərin adları niyə gizli saxlanılır? Bu biabırçılığı hər hansı məntiqlə izah etmək olmur.
Aydındır ki, hakimiyyət ehtiyat edir ki, yüksək fəxri ada, orden və medallara layiq görülənlərin adlarının açıqlanması zamanı şəhidlərimizin sayının 31 rəqəmindən dəfələrlə artıq olması faktı ortaya çıxa bilər. Eyni zamanda bir sıra şəhidlərin layiq olduqları halda xüsusi orden və medallarla təltif edilmədiyi faktı ortaya çıxa bilər və bu, cəmiyyətdə narazılıq yaradar. Bütün bu hallar Müdafiə Nazirliyinin rəhbərliyini, ümumilikdə siyasi hakimiyyəti cəmiyyətin gözündə tamamilə nüfuzdan salır.
Reallıqda isə Müdafiə Nazirliyinin saytında xüsusi bir bölüm – misal üçün, “Şəhidlər – Adlı Statistika” yaradılmalı, orada istər birinci Azərbaycan – Ermənistan müharibəsi zamanı, istərsə də atəşkəs müqaviləsinin imzalandığı 1994-cü ildən bu yana şəhid olan minlərlə Azərbaycan hərbçisinin adları, onlar barəsində qısa informasiyalar əksini tapmalıdır. Bu mütləq olmalıdır və bunun əksi, əsgərlərin adlarının gizlədilməsi Azərbaycan dövlətinə, Azərbaycan xalqına hörmətsizlikdən başqa bir şey deyil.
İnformasiya siyasəti: təcili addımlar
Hesab edirəm ki, Müdafiə Nazirliyi təcili olaraq aşağıdakı addımları atmalıdır:
Müdafiə Nazirliyində nazirin və digər yüksək vəzifəli şəxslərin iştirakı ilə mətbuat konfransı keçirilməli və aprelin 2-5-də baş verən olaylarla bağlı rəsmi yanaşma ortaya qoyulmalıdır;
Cəbhədə şəhid olan hərbçilərimizin adları cəmiyyətə açıqlanmalıdır, onların neçə nəfərinin düşmən gülləsindən və neçə nəfərinin mina partlayışından şəhid olduğu bəlli olmalıdır;
Azərbaycan Ordusunun azad etdiyi ərazilər xəritə üzrə qeyd olunaraq cəmiyyətə çatdırılmalıdır;
Hərbi əməliyyatların başlanılmasının və dayandırılmasının gerçək səbəbləri cəmiyyətə çatdırılmalıdır;
Rusiyanın bu hərbi əməliyyatlarda oynadığı rol barəsində cəmiyyətin suallarına cavab erilməlidir;
Gələcək perspektivlər barəsində cəmiyyətə gerçəkliyə əsaslanan məlumatlar verilməlidir.
Bunlar edilməsə, cəmiyyətdə Azərbaycan Silahlı Qüvvələrinin son hərbi əməliyyatları ilə bağlı ciddi suallar qalmaqda davam edəcək.