Müdafiə Nazirliyinin keçmiş əməkdaşı 8 il 6 ay azadlıqdan məhrum edildi

Foto: Müdafiə Nazirliyi

“Şlyapa Zahid” rüşvət almaqda ittiham olunub

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, Hərbi Təhsil və Tədris İdarəsinin Tədrisin planlaşdırılması şöbəsinin baş zabiti olmuş, 68 yaşlı Zahid Niftəliyev 8 il 6 ay azadlıqdan məhrum edilib.

Onunla birlikdə məhkəmə önündə dayanan, hərbi hissələrdən birində tağım komandirinin müavini vəzifəsində çalışmış Elsevər Niftəliyevin cəzası 6 ay az olub – 8 il.

Onların haqqında bu hökmü noyabrın 21-də Gəncə Apelyasiya Məhkəməsində Teyyub Muxtarovun sədrliyilə, Nural Əliyev və Rafiq Cəlilovdan ibarət hakimlər kollegiyası çıxarıb.

Zahid və Elsevər Niftəliyevlər (onlar qohum deyil, sadəcə, soyadları eynidir) bundan əvvəl Tərtər Hərbi Məhkəməsində birlikdə mühakimə olunmuşdu.

Məhkəmənin sədri İlqar Quliyevin çıxardığı hökmlə Elsevər Niftəliyevə bəraət verilmiş, Zahid Niftəliyev isə 10 min manat cərimə cəzası kəsilmişdi.

Məhkəmə hesab etmişdi ki, hər ikisinə qarşı irəli sürülmüş rüşvət alma ittihamı əsassızdır.

Ona görə də Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə olan ittihamlara xitam verilmişdi.

Məhkəmənin qənaətinə görə, Zahid Niftəliyevin  əməlində rüşvət verməyə təhrik cinayətinin tərkibi vardı. Ona görə də Zahid Niftəliyevə Cinayət Məcəlləsinin 32.312.1 (rüşvət verməyə təhrik) maddəsilə 10 min manat cərimə cəzası kəsilmiş və o, məhkəmə zalından azadlığa buraxılmışdı. Digər təqsirləndirilən Niftəliyev isə hökmə qədər də həbsdə deyildi.

Müdafiə Nazirliyi sistemində “Şkyapa Zahid” ləqəbilə tanınan Zahid Niftəliyev Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıqovun yaxın adamlarından sayılırdı.

Ona rüşvət müqabilində hansısa işlərin görülməsi (müxtəlif hərbi qulluqçuları ordudan tərxis etdirmək, xidmət yerini dəyişdirmək və s.) haqda ittihamlar verilib.

İttihama əsasən, Zahid Niftəliyev Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərilə münasibətlərindən istifadə edərək, müxtəlif hərbi qulluqçuları ordudan tərxis etdirmək, xidmət yerini dəyişdirmək və s. işlər görməyin müqabilində rüşvət alıb.

Bu işləri N saylı hərbi hissədə gizir kimi xidmət edən Elsevər Niftəliyevin vasitəsilə həyata keçirib.

Həmçinin Zahid Niftəliyev 2018-ci ildə Qəbələ rayonunun Vəndam kəndindəki bağ evində  hərbi qulluqçuları fəhlə kimi işlətməkdə ittiham olunur.

Gəncə Apelyasiya Məhkəməsi. Foto: “gancapost.info/”

İş materiallarına əsasən, həmin vaxt orada işləyən əsgərlər xəstələnib, bir müddət onların səhhətində problemlər yaranıb.

Qəbələdəki evdə işlədildiyi iddia olunan əsgər və digər hərbi qulluqçular məhkəmədə dindiriləndə Zahid Niftəliyevdən şikayətçi olmadıqlarını bildiriblər.

Zahid Niftəliyev isə məhkəmədə özünü təqsirli bilməyib.

O, ittihamda göstərilənlərin həqiqətə uyğun olmadığını söyləyib.

Cinayət işində Zahid Niftəliyevin “Nəcməddin Sadıqovun adamı” olması haqda da müxtəlif ifadələr var. Hətta iddia olunur ki, Nəcməddin Sadıqov özü onu tapşırmış, “onun sözü mənim sözümdür” demişdi. Bu səbəbdən Zahid Niftəliyevə xüsusi münasibət vardı.

Zahid Niftəliyev 2022-ci il mayın 27-də həbs olunanda onun bir müddətdir dələduzluq ittihamıyla axtarışa verildiyi bildirilirdi.

Həmin vaxt hüquq-mühafizə orqanları da bu məlumatı təsdiqləmiş, Meydan TV-yə bildirilmişdi ki, Zahid Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Sonradan məlum oldu ki, istintaqın gedişində ittiham dəyişib. Yəni dələduzluq ittihamı rüşvətə tövsif olunub.

Zahid Niftəliyev iyulun əvvəlində Tərtər Hərbi Məhkəməsinin hökmüylə azadlığa buraxılsa da, bir neçə gün sonra yenidən həbs olundu.

O, 3 il əvvəl lisenziyası ləğv olunmuş “Atabank”dan 42 milyon manat kredit götürüb qaytarmamaqda ittiham olunurdu.

Kreditin Zahid Niftəliyevin adına açılmış şirkət vasitəsilə 7 il əvvəl götürüldüyü iddia olunur. Buna görə Zahid Niftəliyevə qanunsuz sahibkarlıq və başqa ittihamlar irəli sürülüb. Həmin cinayət işi üzrə araşdırmalar davam edir.

Ana səhifəSiyasətMüdafiə Nazirliyinin keçmiş əməkdaşı 8 il 6 ay azadlıqdan məhrum edildi