Yaralananlar arasında mülki şəxs də var
12-14 sentyabrda Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi qarşıdurmada Azərbaycan tərəfdən yaralananların sayı açıqlanıb.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Silahlı Qüvvələrin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçudan 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
“Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan tərəfindən 2 mülki şəxs də yaralanıb. Yaralanan mülki şəxsdən 1 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Qeyd olunmalıdır ki, yaralanmış hərbi qulluqçulara ən peşəkar hərbi-həkim heyəti və digər tibb personalları tərəfindən xidmət göstərilir”, – xəbərdə qeyd olunub.
Ermənistan tərəfi yaralılarla bağlı statistika açıqlamayıb.
Azərbaycan-Ermənistan sərhədindəki atışmada həlak olan daha 2 hərbçinin kimliyi açıqlandı
Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.
Azərbaycan Müdafiə Nazirliyi indiyədək 79 hərbçinin, Ermənistan isə 135 hərbçisini itirdiyi haqda məlumat yayıb.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.
Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.