Hərbçilərin 13-cü maaşının kəsiləcəyi bildirilir
Ötən həftə Meydan Tv-yə əsgər ölümü ilə bağlı məlumat daxil olub. Adını açıqlamaq istəməyən mənbənin xəbərinə görə, Müdafiə Nazirliyinin Gədəbəydə yerləşən N saylı hərbi hisəsində Ağdaş rayonundan həqiqi hərbi xidmətə çağırılan əsgər Nurlan Əli oğlu Dadaşov intihar edib. O, xidməti silahı ilə özünü vurub. Əsgər aldığı güllə yarasından həyatını itirib.
Meydan Tv-nin Azərbaycan ordusunun adını açıqlamaq istəməyən hərbiçisindən aldığı digər bir məlumata görə, hərbiçilərə hər ilin sonu aldıqları 13-cü maaşın verilməyəcəyi bildirilib. Səbəb kimi isə büdcədə vəsaitin olmadığı göstərilib. Mənbənin məlumatına görə, hərbçilər arasında həmçinin, müdafiə naziri Zakir Həsənovun 13-cü maaşı birdəfəlik ləğv etmək istədiyi haqqında xəbərlər də dolaşır.
Hər iki informasiyanı dəqiqləşdirmək məqsədilə Meydan Tv-dən Müdafiə Nazirliyinə sorğu göndərilsə də, ikinci həftədir ki, qurum sorğunu cavablandır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Bakıda olmadığını, bütün məlumatların qurumun saytında yerləşdirildiyini əsas gətirməklə cavablardan yayınır.
(embedded content removed)