"Nəciməddin Sadıkov Azərbaycan Ordusunda xidmətdə deyil"
Müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun ordu sıralarından ehtiyata buraxıldığı bildirilir.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin "report.az"a verdiyi açıqlamada deyilir.
Nəcməddin Sadıkovun Moskvada açıq ürək əməliyyatı keçirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən nazirlik onun hazırda Azərbaycan Ordusunda xidmətdə olmadığını açıqlayıb.
Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun adı müharibə bitəndən sonra nazirliyin rəsmi saytının struktur bölməsindən çıxarılmışdı.
44 günlük müharibə zamanı Nəcməddin Sadıkovun Füzuli rayonunun Şükürbəyli kəndində saxlanıldığı və Bakıya gətirilərək vəzifəsindən kənarlaşdırıldığı haqda məlumat yayılmışdı. Eyni zamanda, onunla birgə bir sıra zabitlərin saxlanıldığı məlumatı yayılsa da, rəsmi mənbələr bu barədə hələ susur.
N.Sadıkov 1956-cı ildə Rusiyanın Dərbənd şəhərində anadan olub.
O, 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1988-ci ildə Frunze adına Hərbi Akademiyasını bitirib. N.Sadıkov 1979–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edib.
1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini, Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib. Azərbaycan Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib.