“Buna səbəb ailə, məişət problemi olub”
“Əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub”.
Bunu Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib. Nazirlikdən bildirilib ki, ilkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub.
“Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatlarını açıqlamır. Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Müdafiə Nazirliyi bildirir ki, bəzi KİV-lər həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır və bununla da düşmənin maraqlarına xidmət etmiş olur. Bir daha dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyini diqqətə çatdırırıq", – məlumatda bildirilib.
Sosial şəbəkələrdə Çingiz Həziyevin Şuşa istiqamətində baş verən atışmada həlak olması ilə bağlı məlumatlar yayılıb.