Müdafiə Nazirliyi Füzulinin də atəşə tutulduğunu deyir

Ermənistan tərəf hələ ki heç bir açıqlama yaymayıb

Foto: Müdafiə Nazirliyi


Ermənistan tərəf hələ ki heç bir açıqlama yaymayıb

Avqustun 12-də Ermənistan Silahlı Qüvvələrinin Gorusun Xəzinəvar yaşayış məntəqəsindən Laçının Qarıqışlaq kəndindəki Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutduğu bildirir.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirir ki, avqustun 13-dən etibarən isə Azərbaycan Ordusunun Füzulinin Yuxarı Veysəlli, Xocalının Sığnaq yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub: “Bu istiqamətlərə atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb”.

Nazirlik əlavə edir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur: “Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

Avqustun 11-də Azərbaycan Müdafiə Nazirliyi Rusiyaya

xəbərdarlıq

etmişdi.

Xəbərdalıqda bildirilirdi ki, 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb.

Azərbaycan tərəfi iddia edir ki, Ermənistan üçtərəfli bəyanatı pozub. Ermənistan öz silahlı qüvvələrini Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıyıb: “Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır”.

Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə Azərbaycan Silahlı Qüvvələrini regional təhlükəsizliyi pozmaqda ittiham edirlir.

Yerevan Azərbaycanın 10 noyabrda imzalanan üçtərəfli bəyanatı pozmaqla bağlı Dağlıq Qarabağdan qoşun çıxarmamaq ittihamlarını rədd edir.

Sənəddə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisinə münasibətdə insan tələfatına səbəb olan hərəkətlərə yol verdiyi, regional təhlükəsizliyə kölgə saldığı bildirilir: “Son günlər Azərbaycanın silahlı qüvvələrinin təxribat xarakterli hərəkətləri güclənib. Ermənistan və Artsaxın [tanınmamış Dağlıq Qarabağ Respublikası] yaşayış məntəqələrinə zərbələr endirilib”.

Ermənistanın Xarici İşlər Nazirliyi iddia edir ki, 10 noyabr Bəyanatı imzalanandan bir ay sonra Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağın qəsəbələrini işğal edib: “Erməni hərbçilərini öldürüb, əsir götürüb. Təmas xəttinin müxtəlif ərazilərində mövqelər tutan Azərbaycan silahlı qüvvələri pilotsuz uçuş aparatları da daxil olmaqla müxtəlif silahlardan istifadə edərək erməni mövqelərinə zərbə endirir”.

Azərbaycan tərəf isə Ermənistanın bu bəyanatını üçtərəfli sənədin müddəalarına tam riayət etmək öhdəliklərindən boyun qaçırmağa yönəlmiş növbəti uğursuz cəhd adlandırıb.

Qarabağ münaqişəsi ilkin mərhələdə 1988-ci ildə başlayıb. Həmin il Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını elan edib.

1992-1993-cü illərdə silahlı qarşıdurma zamanı Azərbaycan Dağlıq Qarabağ və ona birləşən yeddi rayon üzərində nəzarəti itirib.

1992-ci ildən üç həmsədrin – Rusiya, ABŞ və Fransanın rəhbərliyi ilə ATƏT-in Minsk qrupu çərçivəsində münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparılır.

Azərbaycan öz ərazi bütövlüyünün qorunub saxlanmasını israr edib, Ermənistan isə qondarma respublikanın maraqlarını dəstəkləyib.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunları arasında növbəti hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb. Bundan başqa, bölgəyə rusiyalı sülhməramlılar yerləşdirilib.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi Füzulinin də atəşə tutulduğunu deyir