“Bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və şəhid verməyib”
Azərbaycan Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hərbi qulluqçunun kəşfiyyat-diversiya nəticəsində şəhid olması barədə sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir.
“Bir daha bildiririk ki, bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və şəhid verməyib. Təəssüflə qeyd edirik ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Həşimov Yusif Yunis oğlu oktyabrın 20-də səhər saatlarında qeyri-döyüş şəraitində həlak olub”, – məlumatda qeyd olunur.
Müdafiə Nazirliyi bildirir ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və ölüm faktının baş verməsi səbəbləri araşdırılır: “Ordumuzla bağlı həqiqətə uyğun olmayan məlumatların dəqiqləşdirilmədən sosial şəbəkələr vasitəsilə yayılması bilavasitə düşmənin maraqlarına xidmət edir”.