Müdafiə Nazirliyi: “Azərbaycan ordusunun əsgəri şəhid olub” (yenilənib)

Foto: Meydan Tv

Azərbaycan Xarici İşlər Nazirliyi də (XİN) hadisə ilə bağlı bəyanat yayıb.

XİN insidentə görə Ermənistan tərəfini qınayıb:

“Baş vermiş qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu göstərir. Eyni zamanda, iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir. Bu həmçinin Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir”.

“Azərbaycan tərəfi dəfələrlə, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan edib. Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti qonşu dövlətin torpaqlarında qanunsuz silahlı birləşmələrini hələ də çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərindədir”, – deyə XİN bəyan edib.

“Azərbaycan ərazilərinin təhlükəsizliyi, sərhədlərinin bütövlüyünün təmin edilməsi üçün tərəfimizdən bütün müvafiq tədbirlər bundan sonra da davam etdiriləcəkdir”, – nazirliyin bəyanatında deyilir.

Qubadlı Rayon Hərbi Prokurorluğunda əsgər Anar Kazımovun həlak olması ilə bağlı Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) madddəsi ilə cinayət işi başlanıb.

Məlumatı Baş Prokurorluq yayıb.

Bildirilir ki,  Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki qeyri-qanuni erməni silahlı dəstələri səhər saatlarında Laçın istiqamətində Azərbaycan ordusunun bölmələrini atəşə tutublar:

“Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Anar Kazımov aldığı güllə yarasından şəhid olub”.


Atəşkəsin sülhməramlılar yerləşən ərazidə pozulduğu bildirilir

Avqustun 3-də Azərbaycan ordusunun əsgəri Anar Kazımovun həlak olduğu deyilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki qeyri-qanuni erməni silahlı dəstələri səhər saatlarında Laçın istiqamətində Azərbaycan ordusunun bölmələrini atəşə tutublar: “Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Anar Kazımov şəhid olub”.

Anar Kazımov. Foto: “Facebook”

Müdafiə Nazirliyi müvafiq tədbirlərin görüldüyünü vurğulayıb.

 Anar Kazımov 2004-cü ilin fevralın 16-da Şəmkir rayonunun Qaracəmirli kəndində doğulub. O, aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

Tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın Müdafiə Nazirliyi 2-3 avqust tarixlərində bölgədə gərginliyin olduğunu bildirsə də, hansısa itkinin olduğunu qeyd etməyib.

Rusiya Müdafiə Nazirliyi isə avqustun 2-də Azərbaycan Silahlı Qüvvələrinin atəşkəs rejimini üç dəfə pozduğu barədə məlumat yayıb.

“Dağlıq Qarabağ silahlı birləşmələrinin nümayəndəsi yaralanıb. Rusiya sülhməramlılarının komandanlığı Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə birgə vəziyyəti nizama salıb. Tərəflər arasında təmas xəttində dəyişiklik edilməsinə icazə verilmir”, – deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: “Azərbaycan ordusunun əsgəri şəhid olub” (yenilənib)